Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin nümayəndələri Türkiyə Böyük Millət Məclisində Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımla görüşüblər. Görüşdə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin sədri Bilal Dündar da iştirak edib. O, bildirib ki, görüşdə Türkiyədə yaşayan soydaşlarımızın sosial məsələləri ilə bağlı müzakirələr aparılıb: “Türkiyənin müxtəlif şəhərlərində yaşayan azərbaycanlılar federasiyaya müvəqqəti qeydiyyata düşmələri və uşaqlarını orta ümumtəhsil məktəblərində oxutmaları ilə bağlı müəyyən çətinliklə üzləşiblər. Soydaşlarımızın böyük əksəriyyəti uzun müddətdir Türkiyədə yaşayır və müxtəlif sektorlarda çalışırlar”. Şamil Ayrım isə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası və Heydər Əliyev Mədəniyyət Evinin fəaliyyətini yaxından izlədiyini bildirib.
VOİCEPRESS.AZ