İlham Əliyev yaxşı nümunələr göstərdi

0
314407

2012-ci ildə eks-prezidentlər haqqında qanun layihəsi qəbul olunduqdan sonra 20 il Moskvada mühacir həyatı yaşayan Ayaz Mütəllibovun Azərbaycan qayıtmasına icazə verildi.

Təbii ki, həmin dönəmlərdə bəzi dairələr tərəfindən bu məsələ birmənalı qarşılanmamışdı.

Həmçinin, eks-prezidentlər haqqında qəbul edilən qanun digər mərhum eks-prezident Əbülfəz Elçibəyin ailəsi üçün də keçərli idi.

Bu qanun əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydalarını müəyyən edir. Qanuna görə, keçmiş prezident hazırda prezident olan şəxsin aylıq əməkhaqqının 50 faizi qədər aylıq pensiya almalıdır. Keçmiş prezidentə üç nəfərdən artıq olmayan təhlükəsizlik heyəti, bir sürücü, bir avtomobil verilir.

Keçmiş prezident və onun həyat yoldaşı Baş prokurorunun icazəsi olmadan (cinayət başında yaxalanma hallarından başqa) cinayət məsuliyyətinə cəlb edilə, tutula bilməz.

2003-cü ildə Azərbaycanda hakimiyyətə gələn İlham Əliyev mümkünsüz görünən bir sıra məsələləri siyasi iradə göstərərək, həyata keçirib.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc mövzunu bir qədər geniş aspektdə şərh edib. Onun sözlərinə görə, tarixin ağır günlərinə nəzər salanda Heydər Əliyevdən sonra hakimiyyət rəhbəri olmağın asan iş olmadığını qeyd etməliyik.

“Digər hakimiyyət üçün yaxşı nümunə olmalıdır”

“Mürəkkəblik ondan ibarət idi ki, bunun üzərində quru xəyallar quran, “X günü” adlı məchulluğa hazırlaşan dairələr az qala 2003-cü ili ölüm-dirim mübarizəsi ili kimi hesab edirdilər. Ancaq bu axarda ölkə rəhbəri seçilən İlham Əliyev digər sahələrlə yanaşı, siyasi varisliyi həm də keçmiş hakimiyyətlərə münasibətdə bərqərar etdi və yaxşı nümunələri formalaşdırdı. Həmin işlər öz-özlüyündə müsbət dövlətçilik ənənəsinə çevrildi, qarşılıqlı inkarçılığı aradan qaldırmağa imkan verdi.
Əslində bunun özü digər hakimiyyət orqanları üçün yaxşı nümunə olmalıdır. Söz yox ki, bu mənada nə Mütəllibov, nə də Elçibəyin rəhbəri olduğu Xalq Cəbhəsi iqtidarı ilə Heydər Əliyevin qurduğu sistemin ideoloji, siyasi baxışları arasında eynilik var. Bunlar bir-birindən fərqli sistemlərdir. Ayrıca götürüb baxsaq, deməliyik ki, həmin iqtidarların yıxılmasının səbəbi də qeyd etdiyimiz fərqlilikdədir. Onlar milləti təşkil edə bilməmişdilər. Uğurlu şəkildə iqtisadi -siyasi kursu reallaşdırmaq gücündə deyildilər. Hərbi işi təşkil etmək məsələsində naşı idilər. Bütün bunlara rəğmən tarix şərt şəkilçisini qəbul etmir.”

“Prezidentin dəst-xətti qorunub saxlanmalıdır”

Deputat dövlət başçısının mübarizliyindən danışarkən, digər qurumların rəhbərliyinin nümunə götürməli olduqlarını da qeyd edib.

“Təkcə nazir, yaxud da komitə rəhbəri yox, eləcə də digərləri bir məqamı dəyərləndirməyi bacarmalıdırlar. Bu zaman unutmamalıdırlar ki, yeni vəzifəyə etimad əldə ediblərsə, təyinat qazanıblarsa, onların üzərində daşınan mühüm missiya var. Bu da ondan ibarətdir ki, müsbət təcrübələr qorunub saxlanmalıdır. Dünənə münasibətdə ehtiram göstərilməlidir. Bu həm də yaxşı ənənələrin tirajlanmasına, stimullaşmasına yol açacaq. Xüsusilə də nəzərə almalıyıq ki, vəzifədən çıxarılan şəxs hansısa sahədə növbəti karyerasını davam etdirir.

Prezidentin dəst-xətti, üslubu ondan aşağıdakı bütün hakimiyyət orqanlarında qorunub saxlanmalıdır. Bu bizim milli həyatımız üçün çox önəmlidir. Gələcəyimiz üçün faydalıdır”.

İlham Əliyev yaxşı nümunələr göstərdi

“Dövlət keçmişlə savaşmaqdan ötrü lazım deyil”

Komitə üzvü, eks-prezidentlər haqqında qanundan da söz açıb:

“Qeyd etmək lazımdır ki, eks-prezidentlər haqqında qanun xeyli müzakirələrdən keçdi. O zaman tutduğumuz mövqe fərli idi. Bütün bunlara rəğmən, İlham Əliyevin iradəsi hamının üzərində böyük təsir gücünə malik olduğundan Milli Məclisdə əks düşüncə daşıyıcıları da qeyd etdiyimiz iradə ilə hesablaşdılar. Nəhayət, eks -prezidentlərə münasibətdə onların ailələrinin dövlət tərəfindən qorunması, həmçinin müxtəlif sosial imtiyazlar bərqərar olundu. Başa düşməliyik ki, dövlət yalnız keçmişlə savaşmaqdan ötrü lazım deyil. Pisliyi, qüsuru, səhvləri, cinayətləri inkar etmək lazımdır. Heç şübhəsiz ki, burada ayrı ikinci fikir ola bilməz. Unutmayaq ki, ölkə rəhbəri qeyd etdiyimiz addımları atmaqla barış ruhu, həmrəylik münasibətlərdəki düşmənçiliyi aradan qaldırdı. Kimsə daxildə sözügedən qüvvələr arasında savaş açmasın”.

“Əliyevin planları baş tutdu”

Zahid Oruc dövlət başçısı İlham Əliyevin hakimiyyəti dövründə həbsdən azad edilənlərdən də danışıb:

“Onu da vurğulayaq ki, Rəhim Qazıyevin, Ələkrəm Hümbətovun həbsxanadan buraxılması 2003-cü illərdən sonrakı ən mühüm dövrdə reallaşdı. Ardınca Laçın Cavadov səhv etmirəmsə, Rövşən Cavadovun oğludur, onun da ölkəyə gəlişi mümkün oldu. Hətta bir çoxları hesab edirdilər ki, həbsdə olan şəxslərin azadlığa çıxması sabitliyə əlavə zərbə vura bilər. Təkrar keçmiş ssenarilərin baş qaldırmasına yol açar. Bütün qorxular və xəyallar reallaşmadı. Ən sonda Əliyevin planları qalib gəldi. Hesab edirəm ki, dövlət başçısının ad günü ərəfəsində onun siyasətini xarakterizə edərkən böyük dövlətçilik irsi kimi formalaşan ənənələrin üzərində xüsusi durmaq lazımdır. Azərbaycan 1990-cı-illərlə müqayisə olunmayacaq dərəcədə imkanlara malikdir. Qeyd etdiyimiz o inkişaf həm də mədəniyyət nümunələrində özünü göstərir”.

“Digər şəxslər də nümunə götürməlidir”

Deputat, eks-prezidentlərdən danışarkən bir məqama da toxunub:

“Hesab edirəm ki, İlham Əliyevin atdığı addımlar ulu öndərin xarakteri və siyasi kursunun fəlsəfəsindən irəli gələn məsələ idi. Elçibəy dünyasını dəyişəndə Heydər Əliyev hər şeyə rəğmən Şərq və adət-ənənələrimizə, dəyərlərə əsaslanıb matəm mərasiminə qatıldı. Mövqeyini göstərdi. Hesab edirəm ki, Elçibəyçi kimi yumruğunu harasa düyünləyən qüvvələrin üzərində mənəvi qələbəni qazanan yenə də Heydər Əliyev oldu. Ona görə də qoyduğunuz sual cəmiyyət üçün çox aktualdır. Digər şəxslər də İlham Əliyevin siyasi kursundan nümunə götürməlidirlər”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here