Sara xanım ixtisasın deyil, insanın və güclü fəaliyyətin bir peşəni zənginləşdirdiyini sübuta yetirən insandır!
Söhbət Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi, Elmi Kitabxananın direktoru Sara İbrahimovadan gedir. Mən Sara xanımı çox az bir zaman kəsiyində tanıdım. Amma hər kəlməsinin sədəf tək qiymətli və insanlıq adına mərhəmət dolu olması məncə ən qısa vaxtda belə bir insanı tanıdacaq gücə malikdir.
Uşaqkən düşünürdüm ki, ən çox kitab oxuyan insanlar kitabxanaçılardır. Düşünürdüm ki, bütün günü kitabların əhatəsində olub, kitab oxumamaq qeyri mümkün olsun gərək. Sara xanım kimi ziyalı bir xanımı görəndə heç də səhv düşünmədiyimə qərar verdim. Sara xanım böyük və çox güclü bir iradəyə malik nümunəvi bir xanımdır. Ən birinci ona görə ki, Sara xanım öz işini mükəmməl icra edir. İfadəmi sübuta yetirmək üçün sadəcə düşünməniz və məsələni reallıqla uzlaşdırmanız yetər. Əvvəla onu deyim ki, Sara xanım ixtisasın deyil, insanın və güclü fəaliyyətin bir peşəni zənginləşdirdiyini sübuta yetirən insandır! Hər birimiz universitetə daxil olanda daha pristijli fakültələri seçirik. Bəzən necə çalışacağıq, “Mən kim olacağam?” kimi sualı heç özümüzə vermədən zəmanə və tələblərə görə harda olursa olsun, təki “tələbə” olum misalı ilə ixtisas seçimi edirik… Düşünürük ki, adlı-sanlı bir fakültədə təhsil almamız bizim həm mənəvi, həm maddi zənginliyimizin tək açarıdır.
Sara xanımı tanıyandan sonra qərar verdim ki, bu günə kimi bizlər yalnış fikirdə olmuşuq. Sara xanımın simasında anladım və dərk etdim ki, sən demə fakültə tələbəni deyil, həmin fakültədə təhsil alan əsl tələbələr faklültəni zəngiləşdirir. İxtisas dəbdə ola bilməz, həqiqətən özünü və ömrünü ixtisasına, peşəsinə həsr edən insan onu dəbdə saxlamağa qadirdir.
Bir insan ömrü qədər ömrü həyatından çalıb kitablara, peşəsinə vermək olarmı? Ömürdən kitablara heç pay olarmı? Axı Sara xanımın kitabxanaçılıq sahəsindəki fəaliyyəti elə mənim yaşım qədərdir…
Sara xanımın fəaliyyətini oxuduqca, onun Azərbaycan Respublikasının Əmək Veteranı olduğunu, hələ sovet dönəmində Təhsil Nazirliyi tərəfindən “Za otliçniye uspexi v rabote” döş nişanı, Azərbaycan Respublikasının “Tərəqqi” medalı ilə təltif olunmuş, Azərbaycan Respublikasının Əməkdar Mədəniyyət İşçisi fəxri adına layiq görüldüyünü görürük.
Deməli fakültəni, ixtisası, peşəni sevdirmək üçün bir insanda əsl qəlb, əsl istək, əsl fəaliyyət prinsipi vəhdət təşkil etməlidir. Eynən Sara xanım kimi ömrünü, həyatını uğruna qurban verə biləcək peşə sevgisi olmalıdır insanda.
Bilmirəm nə üçün Sara xanımı tanıyandan sonra inanın səmimiyyətimə özümdən asılı olmayaraq, onu Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva ilə müqayisə etdim. Bir professor rektor “kiçik bir kitaba nə təqdimat?” deməsi ilə ömrünü kitabın hər vərəqinə adamış kitabxanaçı Sara İbrahimova ilə nə qədər fərqli düşünür? Müqayisə olunmayacaq qədər yerlə göy qədər fərq var.
“İnsan var ki, insanların naxışıdır” misalı məncə Sara İbrahimovanı bir kəlmə ilə ifadə etməyə yetər. Çünki mənim aləmimdə kitaba, biliyə, savada qiymət verməyən insanları elə dindirməsən yaxşıdır…
Amma Sara xanımla kəsilən hər kəlməni insan zehninə qazıyır. Bilmirəm nədəndir, Sara xanımın hər baxışı, hər ifadəsi bir məktəbdir. Hər tələbəyə bir ana, hər oxucuya bir qayğı, kitabı sevənə, ona qiymət verənə bir həmdəmdir Sara xanım. O qədər dərin bir məhəbbətlə ömrünü hördüyü o kitablara bağlanıb ki, həyatını kitabsız bir an belə təsəvvür etmədiyini deyir.
Bilirdim ki, kitablar ruhumuzun qidasıdır. Amma Sara xanım üçün kitab sadəcə ruhun qidası deyil. Kitabı bəzən canlı insandan daha qiymətli sirdaş hesab edən Sara xanım kitaba layiqli qiyməti verməyi bacaran nadir ziyalılardandır!
Sara xanımla hər söhbət bir kitabdır. Onun həyat fəaliyyəti və gördüyü işləri, “heyfsiz”, “təəsüfsüz”, “kaş ki”siz kitablara həsr etdiyi bir insan ömrü qədər həyat səhifələrini vərəqləməyə bir yazı kifayət etmir…
Amma Sara xanımın adı mütləq sürətdə Azərbaycanın Ziyalı Qadınları sırasında qızıl hərflərlə yazılmalıdır! Kosmosa uçan ilk qadın Valentina Tereşkova, pambıqçı olmaqla öz adını tarixə yazmağa müvəffəq olan Şamama Həsənova qədər Sara İbrahimova da, kitabxanaçılıq sahəsində öz əvəzolunmaz fəaliyyəti ilə inqilab etmiş və adını kitabxanaçılıq sahəsinə həkk etməyə müvəffəq olmuş xanımdır!
Ülkər Musazadə
VOİCEPRESS.AZ








