VOİCEPRESS xəbər verir ki, Gürcüstanın “Rezonansi” qəzeti Gürcüstanın Abxaziyanın Suriya tərəfindən tanınacağından qorxduğunu bildirib. “Rezonansi”yə açıqlama verən gürcü hərbi ekspert Mamuka Areşidze Suriyanı Abxaziyanı yada salmağa Rusiyanın məcbur etdiyini söyləyib:
“Görünür, Suriyanın indiki rəhbərliyi Rusiya ilə hesablaşır və belə addım atmağa məcbur olur. Doğrudur, Suriyada abxazlar yaşayırlar, amma bu say o qədər çox deyil ki, Dəməşq Suxumi yaxınlaşma prosesini başlatsın. Bunun Rusiyanın tələbi ilə gerçəkləşməsi aydındır. Suriyanın Abxaziyanın müstəqilliyini tanıyacağı ehtimalı böyükdür”.
Qeyd edək ki, avqustun 16-da Abxaziya nümayəndə heyəti Suriyaya səfər edib. Onlar burada Suriyanın rəsmi şəxsləri ilə görüşüblər. Suriya tərəfinin nümayəndələri isə sentyabrın 27-də Abxaziyada olublar.
Abxaziya Gürcüstanın tərkib hissəsidir. Bu qondarma ölkəni indiyə qədər Rusiya, Nikaraqua, Venesuela, Nauru və Tuvalu tanıyıb.
VOİCEPRESS.AZ







