Ülkər Musazadə: “İki-üç manat müqabilində apardığınız qara piyar düşmən qəzetinin manjet xəbəri olur…”

14 Sentyabr, 10:37

“Rusiya bu günə kimi göz bəbəyi kimi qoruduğu sovetlər ittifaqını yıxan Qorbaçovu sizlərin bu iki gündə Çingiz Abdullayevi qınaq obyektinə tutduğunuz kimi tutmadı”.

Bunu VOİCEPRESS-ə açıqlamasında siyasi yazar Ülkər Musazadə deyib. Onun sözlərinə görə, biz ziyalılarımızın qiymətini bilmiriksə, onları müdafiə etməyə qorxuruqsa, biz nə vətənpərvərlikdən, nə də həmrəylikdən danışa bilmərik: “Qondarma Qarabağın nazirlik səviyyəsində rəsmisi BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın ünvanına bəyanatla çıxış edir, Vikipediyada Naxçivan tarixi erməni torpağıdır deyə yazılır, amma buna heç kəs reaksiya vermir. Lakin Çingiz Abdullayevin icarəyə verdiyi məkan, onun rus dilində yazması böyük problem kimi ölkə ictimaiyyəti arasında sensasion bir mövzuya çevirilir. Mən anlamıram, siz hansı ədalətli yanaşma taktikası əsasında bu cür primitiv düşüncə ilə özünüzü biyabır edirsiniz?

Bu gün Qanturalı təxəllüslü bir yazıçı Çingiz Abdullayevi öz dilində yazmadığı üçün ittiham edir. Adama deyərlər sən öz dilində yazıb Azərbaycan üçün nə etmisən? Nizami Gəncəvi farsca yazıbsa o zaman Azərbaycanın şairi və söz ustadı deyil?

Müslüm Maqamayev rusca danışırdı və rus dilində də mahnı oxuyurdu. Azərbaycanı Azərbaycanın hüdudlarından kənarda səsi, yazısı və ya qəlbi ilə təmsil edən hər kəsin dil bilməsi çox önəmlidir və bu tendensiya hər birimizin fəxr edə biləcəyi bir durumdur. Əkrəm Əylisli Azərbaycanca yazırdı, sonra nə oldu? Bizim vətənpərvərlik və ziyalılığı ölçəcək şkalamız bu qədərmi cılızlaşıb?

Bu gün dövlət rəhbrimizin bir neçə dil bilən dövlət liderləri sırasında adı çəkilir. Bu məgər pisdir? Dövlət liderimizin liderliyi məhs hər kəslə öz dilində danışa bilmə bacarığındadır. Bununla fəxr etmək gərəkir.

Çingiz Abdullayev dövlət sənədlərini rus dilində yazmır. Öz əsərlərini yazır. Və o öz əsərlərini yalnız Azərbaycan üçün yox, dünya ədəbiyyatında Azərbaycanın da izinin qalması üçün yazır. Bunu anlamayan yazarların məncə özlərini “yazıçı” və ya “şair” adlandırmalarının özü gülüncdür. Bu gün barmaqla sayılacaq qədər ziyalımız var… Onları da, bu cür qiymətləndirək ki, dil bildiyi üçün, başqa dildə yazıb dünyaya Azərbaycanla bağlı məlumatı daşıdığına görə ittiham edək ki, gələcək nəsil də, bəziləri kimi bərbad düşüncə sahibləri olsun… Budurmu sizin erməni ideologiyanız? Bunumu tərənnüm etməyə çalışrsınız?

Papağımızı qarşımıza qoymağın zamanı gəlib də, artıq keçir. Baxın iki-üç manata görə kimlərə qarşı qara piyar aparırsınız? Ayıbdır!

Rusiya bu günə kimi göz bəbəyi kimi qoruduğu sovetlər ittifaqını yıxan Qorbaçovu sizlərin bu iki gündə Çingiz Abdullayevi qınaq obyektinə tutduğunuz kimi tutmadı. Niyə sizlər erməni ideyalogiyasına xitab edib, Azərbaycan üçün həqiqətən çalışan insanları yıxmaqla məşqulsunuz? Axı kimlərə Azərbaycan üçün, Azərbaycan xalqı üçün çalışmaq sərf etmir?

Bu gün Çingiz Abdullayevin bir məkanı icarəyə verməsi ölkə xəbər saytlarında Myanmar qətliamı qədər sensasion başlıqlarla verilir. Siz neynəyirsiz? Sizin iki-üç manat müqabilində apardığınız qara piyar düşmən qəzetinin manjet xəbəri olur. Bunun fərqindəsinizmi?

Hesab edirəm ki, əsassız ittihamlarla ziyalılarımızın ünvanına səslənən hər hansısa bir ifadəyə qarşı hər kəs məsuliyyət daşımalıdır. Bu məsələni Parlement səviyyəsində müzakirəsinə və mövcud durumların təkrarlanmaması adına qanun qəbul olunmalıdır”.

Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here