VOİCEPRESS xəbər verir ki, son aylarda Ermənistan ordusunda xidmətdən yayınma və döyüş mövqelərini özbaşına tərk etmə halları artıq kütləvi xarakter alıb. Sosial şəbəkələrdə yer alan və aşağıda diqqətinizə çatdırılan hadisələr deyilənləri tam sübut edir.
Avqustun 4-də Xocavənd rayonu ərazisində yerləşən Ermənistan silahlı qüvvələrinin hərbi hissəsində Q.Piriposyan adlı hərbi qulluqçu hərbi hissəni özbaşına tərk edib.
Avqustun 6-da isə Madagiz ərazisində yerləşən hərbi hissələrdə Ermənistan ordusunun 4 hərbi qulluqçusu eyni vaxtda hərbi hissəni özbaşına tərk ediblər. Onlardan Sergey Mardanyan, Sagir Avakyan və İvan Vanesyan barədə nizamnamə çərçivəsində cəza tədbiri görülüb. Hərbi Prokurorluğa bu barədə məlumat verilməyib. Komandanlıq tərəfindən cidd-cəhdlə adı hərbi polisdən gizlədilən 4-cü hərbi qulluqçu isə yaxalanarkən ac olduğunu və yemək üçün getdiyini bildirib.
Daha bir hadisə Ermənistan ordusunun bölmələrinin Füzuli rayonu ərazisində yerləşən birində baş verib. Belə ki, avqustun 7-də gecə saatlarında bölük komandiri Xalatyanın döyüş mövqeyini özbaşına tərk edərək getdiyi bildirilir. Hadisə gizlədilsə də, zabit yoldaşları onun sərxoş vəziyyətdə yaxalandığını qeyd edirlər.
Ən maraqlı hadisə isə işğalçı ordunun Hadrut rayonu ərazisində yerləşən hərbi hissəsində baş verib. Burada artilleriya divizionunda yuxarı komandanlıq tərəfindən qəfil yoxlama keçirilərkən 3 hərbi qulluqçunun yerində olmadığı aşkarlanıb. Rəhbərliyi aldatmağa cəhd göstərən Ermənistan ordusunun zabiti onların yerinə başqa əsgərləri yoxlama komissiyasına təqdim edib.
VOİCEPRESS.AZ