Son illər hamiləlik patalogiyalarının , doğuş travmalarının, bətndaxili infeksiyaların artması, uşaqlarda müxtəlif hərəki və nitq pozğunluqlarının meydana çıxmasına səbəb olur. Bu patologiyalar arasında nitq inkişafının ekspressiv və inpressiv pozğunluqları daha çox rast gəlinir. Statistikaya görə 3-10% hallarda, xüsusilədə oğlan uşaqlarında nitq inkişafının ləngiməsi daha çox müşahidə olunur. Nitq inkişafının ləngiməsi əqli gerilik və ya qeyri-adekvat təhsil və pedaqoji hazırsızlıqla əlaqəli olmayan, nitq mərkəzlərinin gec yetkinləşməsi ilə əlaqəli meydana çıxan nevroloji problemdir. Normada uşaqlarda nitq 3 yaşına tam formalaşır. Bu uşaqların isə intelektual inkişafı yaşına uyğun olsa da öz yaşına uyğun nitq formalaşmır: uşaq deyilənləri başa düşür lakin söz ehtiyatı azdır, çox vaxt istədiyini deyə bilmədiyi üçün jestlərdən istifadə edir. Bəzi hallarda isə qramatik düzgün cümlə qura bilmir. Bir çoz hallarda bu uşaqlarda instrumental müayinələr (EEQ,audioqramma) və psixoloji testlər vasitəsilə heç bir kənara çıxma aşkar olunmur.
Normada koqnitiv funksiyalar eləcədə nitq – beyin hüceyrələrinin, sinapsların, mediatorların məqsödyönlü tənzimlənmiş fəaliyyətinin nəticəsində mümkün olur.
Bətndaxili inkişaf zamanı və ya doğuşdan sonra beyin toxmasının hər hansı bir patologiyası nəticəsində beyin hüceyrələrini öz funksiyasını yerinə yetirə bilmir, mediatorların sintezi pozulur, sinaptik əlaqələr azalır. Bu da müxləlif yaşlarda özünü beyin strukturlarının işinin ləngiməsi kimi-xüsusilə də nitq inkişafının ləngiməsi ilə göstərir. Bu patologiyanın vaxtında aradan qaldırılmaması uşağın sosial davranış problemlərinə, pedaqoji hazırlığının enməsinə səbəb olur.
Müasir dövrdə belə patologiyaların aradan qaldırılması üçün müxtəlif müalicə metodlarından- beyin qan dövranına təsir göstərən dərman preparatlarından- nootroplardan, metabolik preparatlardan və s. istifadə olunur. Lakin kimyəvi farmakoloji preparatların istifadəsi bir çox hallarda baş ağrıları , aqressivlik, əsəbilik, fobiyalar kimi əlavə təsirlərin yaranmasına səbəb olur və çox zaman gözlənilən nəticəni vermir. Bu məqsədlə son 20 il müddətində əlavə təsirləri olmayan alternativ aparat müalicə üsulu işlənib hazırlanıb. Bu müasir müalicə metodu -transkrani al mikropolyarizasıyadır.
Yüngül formalı uşaq serebral iflici və dislaliyalı uşaqda mikropolyarizasiya proseduru.
Transkranial mikropolyarizasıya metodu ilə müalicə zamanı funksiyası zəifləmiş və zədələnmiş neyronlara fizioloji intensivlikdə olan mikroamper cərəyanla etdiyimiz təsir, hüceyrənin funksiyasının daha qısa müddətə və effektiv bərpasına səbəb olur.
Transkranial mikropolyarizasıya metodu Rusiya Elmlər Akademiyası N.P.Bexterev adına Sank-Peterburq beyin institutunun alimlərinin tərəfindən işlənib hazırlanıb. Mikropolyarizasıya metodu ilə müalicə qeyri invaziv, ağrısız olub geniş spektr nevroloji patologiyalarda xüsusilə də nitq, diqqət, yaddaş, qavrama kimi funksiyaların çatışmamazlığında istifadə olunur.Bu müalicə üsulu sinir hüceyrələrinə, hüceyrələrarası sinapslara kiçik amperli, daimi cərəyanın etdiyi təsirə əsaslanır.
Müalicə zamanı elektrodlar patoloji prosesin nahiyyəsindən və müvafiq mərkəzlərin topoqrafik yerləşməsindən asılı olaraq baş və onurğa beyninin müxtəlif nahiyyələrinə qoyulur.
Aparılan tədqiqatların nəticəsinə görə transkranial polyarizasiya müalicə metodu yuxarıda sadalanan bir çox patologiyaların müalicəsində heç bir əlavə təsir göstərmədən öz effektiv təsirini göstərmişdir. Rusiyada aparılan tədqiqatların nəticəsi olaraq nitq inkişafının ləngiməsi diaqnozu ilə müayinə olunan , 3-7yaş qrupuna aid olan 220 xəstə ənənəvi üsulla aparılan müalicədən heç bir effekt görməyərək transkranial mikropolyarizasıya metodu ilə müalicəyə başlamışlar ( Pinçuk 1997 , İlyuxina 2002 ). Xəstələrin müalicədən əvvəl əsas şikayətləri nitq inkişafının ləngiməsi, anlamanın ləngliyi, artikulyasiyanın zəifliyi, söz ehtiyatını azlığı və fonetik qüsurların olması olmuşdur. Müayinə olunan uşaqlarda akuşer anamnezində bətndaxili inkişafın müxtəlif mərhələlərində dölün hipoksik, infeksion, travmatik, işemik zədələnmələrə məruz qalması qeyd olunmuşdur. Bir il ərzində fasilələrlə aparılan transkranial mikropolyarizasıya metodu ilə müalicə nəticəsində xəstələrin 170-də normal nitqin formalaşması, anlamanın, qavramanın yaş həddinə catması və yaxşılaşması müşahidə olunmuşdur.
Transkranial mikropolyarizasiya müalicələrinin aparılmasına əsas göstərişlər aşağıdakılardır:
– Nitq inkişafının ləngiməsi
– Əqli inkişafın ləngiməsi
– Uşaq serebral iflici
– Hiperaktivlik və diqqətin yayınması
– Mərkəzi sinir sisteminin orqanik zədələnmələri
– Beyin-qan dövranı pozğunluqları
– Kəllə-beyin travmalarının nəticələri
– Nevroz və nevrozabənzər hallar (deppressiya, aqressivlik, qorxu,həyəcan,tiklər,kəkələmələr)
– Eşitmə və görmə funksiyalarının zəifləməsi
– Skolioz
Prosedur heç bir ağrı vermir və orqanizm tərəfindən hiss olunmur. Prosedurun aparılmasına əsas əks göstərişlər isə bunlardır:
– yüksək temperatur
– başın tüklü hissəsinin zədələnmələri
– beyin şişləri
Proseduranın davam etmə müddəti 20-40 dəqiqədir və prosedura zamanı diskomfort hissi olmur. Müalicənin təsiri proseduranın aparıldığı müddətdən başlayaraq 2-4 aya qədər davam edir. Bir müalicə kursu 10-15 seans davam edir. Prosedura ilə yanaşı ehtiyac olunan hallarda loqoped və psixoloqun konsultasiyaları da məsləhət görülür. Transkranial mikropolyarizasıya metodu ilə müalicədən sonra 80-85% hallarda uşaqlarda müsbət dinamika qeyd olunur. Belə ki, uşaqların ətrafa marağın, diqqətin, yaddaşın artması, anlamanın, qavramanın sürətlənməsi, söz ehtiyatının genişlənməsi, artikulyasion motorikanın , fonematik eşitmənin yaxşılaşması qeyd olunmuşdur. Müalicənin effektivliyi ilkin qüsurun dərinliyindən, mərkəzi sinir sisteminin kompensator imkanlarından, aparılan müalicənin davamlılığından nəzərəcarpacaq dərəcədə asılıdır.
Beləliklə, ənənəvi üsulla aparılan müalicənin effektiv olmadığı hallarda transkranial mikropolyarizasıya metodu ilə müalicə uşaqların qısa müddət ərzində sosial adaptasiya, nitq və digər problemlərinin həllinə kömək edir.
VOİCEPRESS.AZ







