“Turizm haqqında” qanun layihəsi birinci oxunuşda qəbul edildi

2 May, 13:45

“Azərbaycana son 3 ayda gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 25% artıb”.

VOİCEPRESS xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm haqqında” qanun layihəsinin Milli Məclisdə müzakirəsi zamanı deyib. O bildirib ki, strateji yol xəritəsinə uyğun olaraq marketinq bazarında 15 ölkə müəyyən olunub və gəliş potensialı böyük olan ölkələr müəyyənləşdirilib:

“Bu da indi öz nəticəsini verir. Belə ki, əgər ölkəyə turist gəlişi 25% artıbsa, məhz 15 ölkədən Azərbaycana gələn turistlərin sayında artım daha çox olub, 30%-i keçib. Dövlətin siyasəti, ünvanlı layihələr öz nəticəsini verir. Viza rejiminin sadələşdirilməsi ölkəyə turist axınının artmasına təsir edib. Azərbaycan müxtəlif sərgilərdə iştirak edir, dünya mediasında Azərbaycanın turizm imkanları təbliğ olunur. Bu da Azərbaycana diqqəti artırır”. Ə.Qarayev qeyd edib ki, elektron turizm xidmətlərin istifadəsinə böyük önəm verilməldir. “Qanunda yeni turizm zonaların yaradılması və idarəedilməsi, xidmətdə yeni beynəlxalq standartların tətbiqi, tədris sisteminin formalaşdırılmasına dair yeniliklər mövcuddur. Turizm Dövlət Reyestrinə daxil olacaq iştirakçılar daha məsuliyyətli olacaq. Reyestrin yaradılması dələduzluqların qarşısı alacaq, nəzarət funksiyasını tam şəffaf həyata keçirməyə imkan verəcək”.

Qeyd edək ki, qanun layihəsi müzakirələrdən birinci oxunuşda səsə qoyularaq qəbul olunub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here