Deputat deyib ki, ötən ilin 15 iyulunda Türkiyədə hərbi çevrilişə cəhdi nə Avropa Şurasının, nə də Avropa İttifaqının rəhbərliyi pislədilər.
“Onlar adekvat addım atmadılar. Dövlət çevrilişinə olan cəhdi qınamadılar. Hərbi çevrilişə cəhd zamanı 265 nəfər şəhid oldu, minlərlə adam yaralandı. İlk dəfə hərbi çevriliş zamanı bir ölkənin parlamenti bombalandı. Avropa Şurası, Avropa İttifaqı bu qədər rəzalətə laqeyd yanaşdı”.
Deputat bildirib ki, AŞPA-nın Türkiyəyə qarşı qərar verməsi çox üzücüdür.
“Baxın görün bunların arqumenti nədən ibarətdir. Deyirlər ki, Türkiyə hökuməti FETÖ-çüləri niyə işdən çıxardır? Bildirirlər ki, fövqəladə vəziyyət zamanı Türkiyə referendum keçirir. Deyirlər ki, PKK-nın siyasi qanadı niyə həbsdədir? Türkiyənin yerində hər hansı bir dövlət, məsələn Fransa olsaydı, dövlət əleyhinə fəaliyyət göstərən FETÖ-çülər haqda hansı qərarlar qəbul edərdilər? Fransada fövqəladə vəziyyət zamanı da prezident seçkiləri keçirilir. Niyə bəs Fransa ilə bağlı bu cür addımlar atılmır? Demək ki, Fransaya istənilən hərəkət olar, Türkiyəyə yox?! AŞPA-nın verdiyi qərarın başqa yozumu yoxdur. Sanki 15 iyulda dövlət çevrilişinə edilmiş uğursuz cəhdin qisasını Türkiyədə alırlar. Sanki 16 aprel referendumunda Türkiyə xalqının “evet” deməsinin heyfini çıxırlar. Bu cür qərarların başqa bir şərhi yoxdur. AŞPA bu qərara yenidən baxmalıdır. ATƏTPA-da Türkiyə bağlı müzakirələr olmuşdu, amma AŞPA-dan fərqli olaraq, burada müsbət qərar qəbul edildi. ATƏT PA dialoq imkanlarını qapatmadı”.
VOİCEPRESS.AZ