VOİCEPRESS bildirir ki, sabiq təhlükəsizlik zabiti Arzu Nağıyev yaranmış vəziyyəti dəyərləndirərəkən “Yeni Müsavat”a deyib ki, belə məlumatların yayılması doğru deyil:
– Böyük təəssüflə qeyd edirəm ki, məhkəmələrdə məxfi əməkdaşlığa cəlb olunmuş şəxslər haqda hər hansı bir məlumatlar açıqlanmaqdadır. Düşünürəm ki, məhkəmənin məxfi əməkdaşlığa cəlb olunmuş şəxslərlə bağlı hissədə qapalı keçməli idi. Digər tərəfdən agent kimi adları çəkilən şəxslərin siyahısına baxdım. Onların agentliyindən söhbət getmir. Sadəcə olaraq, etibarlı əlaqələr qurulan bəzi şəxslər var. Bu məslələrin açıqlanması da doğru deyil. İş üzə göstərilən məbləğlər də inandırıcı deyil. Əməliyyat işçisi ilə mənbə arasındakı münasibət elə bir mübhəm münasibətdir ki, bunların açılması əməliyyat işçisinin özünə başucalığı gətirmir. Əməliyyat təsərrüfatında olan məsələlərin açıqlanması bu sahənin gələcəyini şübhə altına alır. Yayılan siyahılarda elə şəxslərin adları çəkilir ki, onlar əvvəllər hüquq mühafizə orqanlarında çalışıblar. Onların cəlb edilərək o boyda pulların verilməsi inandırıcı deyil. Həmin məbləğlərin bu şəxslərə xərclənməsi də, yəqin ki, baş verməyib. Sovet höküməti dağılanda agentlərin adlarının açıqlanması məsələsi çox geniş şəkildə müzakirə edilirdi. Hətta elə bir vəziyyət yaranmışdı ki, bir qərarla agentlərin adları açıqlana bilərdi. Amma son anda bundan vaz keçildi. Yəni bir çox cinayətlərin açılmasında, önlənməsində məlumatın verən şəxslərin kimliyinin açıqlanması onların zərbə altına qoyulması deməkdir.
– Xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunmuş şəxslərin adlarının bu şəkildə açıqlanmasının istintaqçıların səriştəsizliyi kimi dəyərləndirənlər var. Razısınızmı bu dəyərləndirmə ilə?
– Bu adamların adlarını, kod adlarını, adlarının baş hərflərini yazmaq, haradasa qeyd etmək düzgün deyil. Digər tərəfdən məsələnin bu tərəfi də var ki, ortada dövlətin pulu mənimsənilib. İstintaqçılar pulu mənimsənilməsi faktını təsbit etmək üçün mücərrəd adlardan istifadə edə bilməzdilər. Bu məsələlərin araşdırılması vacibdir, amma elə bir üsulla edilməliydi ki, “nə şiş yansın, nə kabab”.
– Məhkəmə qapalı keçirilsəydi belə, həmin şəxslərin – agentlərin adlarının ittiham aktında yer alması doğru olardı?
– Əlbəttə ki, agentlərin adlarının hər hansı bir şəkildə açıqlanması doğru deyil. Onların gələcək fəaliyyətlərini sıfıra endirir. Kim agent olduğunu bildiyi şəxsin yanında hər hansı bir əhəmiyyətli məlumatı danışar? Agentlərin de-şifrə olunması ümumilikdə əməliyyat təsərrüfatının gələcəyini şübhə altına qoyur. Məhkəmədə hakim, katib, vəkillər, məhkəmə nəzarətçilər, elə müttəhimlərin özləri də agentlərin kimliyini öyrənəcəklərsə, bu yaxşı heç nə vəd etmir. Yəni agentlər haqda danışmaq, kod adlarını, adlarını, adlarının baş hərflərini yazmaqla bildirmək ümumi işə ziyan vurmaqdan başqa heç nə verməyəcək. Dövlətə ziyan verilməsidir. Bəlkə agentlərin mükafatı hansı məlumatları verdiklərinə görə aldıqlarını da açıqlasınlar? Hansı istiqamətdə işlədiklərini də açıqlasınlar, məsələ tamam bitsin! Bu gün baş verənlər gələcəkdə əməliyyat işlərinə böyük zərbə vuracaq.
– Ümumiyyətlə, mənbələrə, informatorlara, “etibarlı şəxslərə” pul mükafatı, maaş verilməsinə nəzarət olunması qaydası varmı?
– Nəzarət var. Mənbəyə pul ödənilirsə, raport yazılır. 1 manat verilsə belə, bu rəsmiləşdirilməli, mənbə pulu alması haqda sənədə imza atmalıdır.
– Mənbə pulu alarkən səs yazısı, videosu qeydə alınırmı?
– Video, səs yazısı adətən aparılmır. Pul kassadan çıxırsa, mənbənin öz imzası ilə həmin pulun alınması haqda sənəd tərtib olunur, sonradan müəyyən işlərə tikilir. Düşünmürəm ki, adları çəkilən şəxslər agentlər olub. Bu şəxslər şəxsi əlaqəli şəxslər olublar.
– Şəxsi əlaqədə olan şəxslərə verdikləri məlumatlara görə pul mükafatı verilməsi nəzərdə tutulur?
– Bunların hamısı maliyyə idarəsində fiksə olunur. Rəsmiləşdirlir.
– Bu məlumatların yayılması ləğv olunmuş MTN rəhbərliyinin maraqlarına xidmət etmir ki? O baxımdan ki, əllərində ciddi, ölkəni silkələyəcək məlumatların olması mesajını üzdə olan agentlərin adlarının yayılması üzərindən siyasi hakimiyyətə çatdırmaq istəyirlər bəlkə?
– Konkret ad çəkmək istəmirəm. Söhbət sırf prosesdən gedirsə, düşünmürəm ki, bu konkret olaraq kiminsə istəyi ilə ortaya atılıb. Ümumilikdə isə bəli, bu məlumatların yayılması, ölkə üçün yaxşı heç nə vəd etmir.
VOİCEPRESS.AZ