“Ovçular evi”ndə işlər dayandı

0
314552

Milli Məclisin əməkdaşları üçün bina tikintisi nəzərdə tutulan “Ovçular evi”nin ərazisində işlər dayandırılıb. Artıq texnika da Mətbuat prospektində yerləşən ərazidən çıxarılıb. Bir neçə günə kimi ərazidə söküntü işləri aparan, ağacları kəsən fəhlələr də işləmirlər. Ərazidə ancaq mühafizəçi var.
Xatırladaq ki, “Ovçular evi”nin söküntüsü və ərazidəki on illərlə yaşı olan iri ağacların kəsintisi bir neçə gün öncə başlayıb. Bu məsələni gündəmə gətirən isə İstiPress olub. VOİCEPRESS xəbər verir ki, istipress “Ovçular evi”nin söküldüyünü və söküntü zamanı ərazidəki ağacların qanunsuz olaraq kəsildiyi barədə fotofaktlara əsaslanan material hazırlayıb. Kadrlardan da görünür ki, Bakının mərkəzində yenə “yaşıllıq soyqırımı” gedir, ağaclar kəsilir, yerində tikinti işləri aparılır.

Aprelin 15-də prezident İlham Əliyev ağac kəsintisinə reaksiya verib. İlham Əliyevin göstərişi ilə Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Ovçular evi” ərazisində yaşayış binasının tikintisi dayandırılıb. Buna səbəb tikinti aparan şirkət tərəfindən ərazidəki 54 ağacın qanunsuz olaraq kəsilməsi və ərazidəki yaşıllığın tamamilə məhv edilməsidir.

Tikinti yerindəki məlumat lövhəsinə görə, Yasamal rayonunda qeyd olunan ünvanda “Böyük Plaza” yaşayış və ticarət mərkəzinin tikintisi aparılırdı. Lakin tikintini həyata keçirən şirkət mövcud qanunları pozaraq ərazidə ağacları qanunsuz olaraq ağır texnika ilə məhv edib. Məsələ ətraf binalarda yaşayan sakinlərin ciddi narazılığına səbəb olub.

Yasamal rayonu, Mətbuat prospektində əraziyə baxış keçirən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ağacların məhv edilməsi barədə akt tərtib edib və yaşayış binasının tikintisini həyata keçirən şirkət 130 min manat məbləğində cərimələnib və fakt üzə cinayət işi açılıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here