Erməni əsirliyindən qaytarılan kəşfiyyatçı: “Döyüş sursatımız çatmadı” – VİDEO

0
314726

Azərbaycanın 7 nəfər xüsusi təyinatlı kəşfiyyatçısının şəhid olmasının 20 illiyi münasibətilə anım tədbir keçirilib.

VOİCEPRESS xəbər verir ki, millət vəkilləri, siyasi xadimlər və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən anım tədbiri 2-ci Fəxri Xiyabanda döyüşçülərin məzarını ziyarətlə başlayıb.

Kəşfiyyat rupunun rəhbəri olmuş polkovnik Xətai Baxışov qeyd edib ki, 1997-ci ilin aprelin 7-də 8 nəfərdən ibarət Azərbaycan kəşfiyyatçısı cəhbənin Füzuli rayonu istiqamətində döyüşlərdə iştirak ediblər. Onun sözlərinə görə, döyüşçülər erməni mühasirəsinə düşsə də, təslim olmayıblar: “Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7-üzvü şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə hökmü də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur”.

“Biz Müdafiə Naziriliyi tərəfindən verilən xüsusi döyüş tapşırığını yerinə yetirirdik. Düşmən tərəfindən atəşə məruz qaldıq və bir neçə nəfər yaralanmışdı. Komandirımiz yaralı belə olsa, bizi vəziyyətdən çıxarmağa çalışırdı. Bizim döyüş sursatımız yetərincə olsaydı, biz bu vəziyyətdən çıxa bilərdik. Mən ağır yaralanmışdım. Qısa bir vaxtda mən özümü itirdim. Qrup məni vəziyyətdən çıxarmaq istəyirdi. Ermənilər bizə çox yaxınlaşmışdı. Sağ qalanlar əsir düşməmək üçün özlərini partlatdılar. Mən isə əsr düşdüm”, – Əhmədov Aqil öz təssüratlarını bölüşüb.

Millət vəkili Qənirə Paşayeva çıxışında deyib ki, bu şəhidlər nəinki vətən üçün canından keçməyə hazır olublar, eyni zamanda əsir düşməklə dövlətin adına xələl gələr deyə, özlərini partladıblar: “Bu insanlar haqqında geniş təbliğat aparılmalıdır. Çünki bu bizim mənəvi borcumuz olmaqla yanaşı, həm də bu qəhrəman oğullardan öyrənməli çox şey var. Şəhid qardaşımızla bağlı universitetlərdə, məktəblərdə anım tədbiri keçirilməlidir və biz onları daim xatırlamalıyıq”.

Qeyd edilib ki, şəhid kəşfiyyatçılar Elxan Ağayev, Vüqar Yarəhmədov, Anar Rzayev, Dinar Mustafayev, Aqşin Həsənov, Nizami Ələkbərov, Fariz Cavadov və Aqil Əhmədov Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.

Sonra kəşfiyyatçılara həsr olunmuş “Təki vətən yaşasın” adlı film nümayiş olunub.

“Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri” İctimai Birliyinin sədri Mehdi Mehdiyev çıxışında bildirib ki, qəhrəmanlıq göstərən Azərbaycan şəhidlərinin təltif edilməsi dövlətin diqqət-qayğısının göstəricisidir. Onun sözlərinə görə, Azərbaycan ordusunun belə qəhrəmanları haqqında bundan sonra da filmlər çəkilməli, kitablar yazılmalıdır ki, bu, gələcək nəsillərdə vətənpərvərlik ruhunun güclənməsində mühüm rol oynayır.

Kəşfiyyat qrupunun sağ qalan üzvü Aqil Əhmədov isə tədbir iştirakçılarına təşəkkür edib və vətən sevgisinin hər şeydən üstün olduğunu diqqətə çatdırıb.

Sonra şəhidlərin yaxınları çıxış edərək, övladları haqqında xatirələrini bölüşüblər.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here