VOİCEPRESS xəbər verir ki, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev modern.az-a açıqlama verib.
“Hər avtobusu yolda saxlasaq…”
O qeyd edib ki, əlaqədar təşkilatlar tərəfindən avtobuslara reysqabağı texniki nəzarət olunmalı, sürücünün tibbi müayinəsi keçirilməlidir:
“Bunu isə daşıma fəaliyyəti ilə məşğul olanlar etməlidirlər. Amma əfsuslar olsun ki, bunların əksəriyyəti nəzarətdən kənardadır. Onlar konkret olaraq nə Avtovağzaldan, nə də hansısa müəssisədən çıxmır və pərakəndə şəkildə fəaliyyət göstərirlər. Yol polisinin də elə bir səlahiyyəti yoxdur ki, həmin qanunsuz daşıyıcıları fəaliyyətdən kənarlaşdırsın, yaxud məsuliyyətə cəlb etsin.
Yol polisi yalnız yollarda yol hərəkəti qaydalarının pozulması hallarına nəzarət edir. Avtobusun hansısa məntəqədən sərnişinləri götürüb yola çıxandan sonra yolda saxlanılması, ona əlavə oturacaq qoyulub-qoyulmadığının yoxlanılması prosesini həyata keçirmək olduqca çətindir və sərnişinlərin əlavə əziyyətinə səbəb olar”.
Namiq Hüseynovun 19 cərimə balı olub
K.Əliyev qeyd edib ki, sürücülər, sərnişindaşıma qaydalarının pozulmasına görə məsuliyyətə cəlb olunur:
“Bakı-Sumqayıt yolunda baş vermiş dünənki hadisəyə səbəb olan sürücü Namiq Hüseynov son 2 ayda sərnişindaşıma qaydalarını pozduğuna görə məsuliyyətə cəlb edilib. Ötən il ərzində isə 24 dəfə inzibati xətaya cəlb olunub. Həmin xətaların da 70 faizi xüsusi texniki vasitənin köməyilə aşkar olunan sürət həddini aşma kimi qayda pozuntularıdır. Nəzərinizə çatdırım ki, bu kimi hallarda inspektorun o qayda pozuntusuna görə sürücünü yolda saxlamaq ixtiyarı yoxdur. Hətta sürücü yüksək sürətlə gedirsə belə, qanun onu da saxlamağa icazə vermir.
Qanunvericiliyə görə, sürücü 20 cərimə balı toplayırsa, onun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılır. Sürücü Namiq Hüseynova sonuncu dəfə Bakıda, mart ayının 6-da “giriş qadağandır” nişanın tələbini pozduğuna görə inzibati xəta haqqında protokol tərtib edilib. Həmin qayda pozuntusu ilə birlikdə 19 balı var. Bir qayda pozuntusuna da yol verdiyi halda sürücülük hüququ məhdudlaşdırılmalı idi. Amma onu da qeyd edim ki, cərimə balı 20 olmamış heç kəs sürücünü sükan arxasından endirə və sürücülük hüququnu məhdudlaşdıra bilməz”.
“Məsuliyyət daşıyıcılardadır”
Şöbə rəisi hadisənin məsuliyyətinin daşıyıcılarda olduğunu vurğulayıb:
“Artıq bu detallara daşıyıcılar diqqət etməlidirlər ki, qayda pozuntusunun olması sürücünün intizamsız olmasının göstəricisidir. Məhz qayda pozuntularının sayına görə sürücünü işə götürüb-götürməmələrini müəyyən edə bilərlər. Bir sürücü il ərzində 2 dəfə, digəri 25 dəfə qayda pozubsa, sözsüz ki, daha az qayda pozan intizamlı sürücü kimi qiymətləndirilməlidir. Fəaliyyət növləri sistemləşdirilməli, kompleks nəzarət həyata keçirilməlidir. Yol polisi bunların hamısına nəzarət edə bilməz. Təsəvvür edin ki, bir postda 2 əməkdaşımız nəzarət edir. Həmin 2 nəfər xidmətdə olduğu postdan pik saatların 1 dəqiqəsində 50-60 avtobus keçir. Yol polisi onların hansı birinə nəzarət etsin? Onların hamısı xəttə çıxanda yoxlanılmalıdır. Niyə hamı çalışır ki, bütün məsuliyyəti yol polisinin üzərinə yıxsın?! Yol polisi təkcə sərnişin nəqliyyatına yox, bütün nəqliyyata nəzarət edir. Bu gün respublikada 1milyon 400 avtomobil var ki, onun da 800 mini paytaxtdadır. Bizim nə qədər inspektorumuz var? Məgər biz hər dayanacağa bir əməkdaş qoymalıyıq ki, qeyri-müntəzəm fəaliyyət göstərən avtobuslarla mübarizə aparsınlar? Bu qeyri-mümkün və bizim səlahiyyətimizi aşan məsələdir”.
Daxili İşlər Nazirliyindən Modern.az-a bildirilib ki, Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanıb.
“Ford-Tranzit” markalı sərnişin mikroavtobusunun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu saxlanılıb. Hadisə nəticəsində 5 tələbə ölüb, 21 nəfər yaralanıb.
VOİCEPRESS.AZ