VOİCEPRESS xəbər verir ki, Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova tarixən kitabxana və mətbuatın ümumi ənənlərinin, ortaq maraqlarının olduğunu dedi. L.İmanova tarixi gerçəkliklərin çatdırılmasında Sona Vəliyevanın kitablarının mühüm önəmə malik olduğunu söyləyib. O, bu kitabların MEK-in elektron kataloquna, o cümlədən Milli Rəqəmsal Yaddaş bazasına daxil edildiyini dilə gətirdi.
AMEA Ədəbiyyat İnstitutunun şöbə müdiri, professor Asif Rüstəmli ilk əvvəl kitabın tərtibatına diqqət çəkərək onu yüksək qiymətləndirdi. O, kitabın olduqca maraqlı bir dövrü əhatə etdiyini və bu tərtibatın da rəmzi məna daşıdığını dedı. Tarixi və ədəbi dəyərlər arasında bədii körpü yaratmaq baxımından kitabın önəmli missiyası daşımasının, əhatə etdiyi dövrün müasirlərinin olduqca canlı əks etdirməsinin, obrazların canlı təqdim edilməsinin müəllifin yaradıcılıq qabiliyyətindən irəli gəldiyini vurğuladı. Professor kitabın rəmzi mənasını İstiqlala gedən yol kimi xarakterizə edərək, Həsən bəy Zərdabi yaradıcılığının cəhalətlə savaş olduğunu dedi: “Həsən bəy Zərdabi zəkasının Azərbaycan elminin zəkası ilə bağlı olması poetik bədii baxımdan kitabda kərpic-kərpic ucaldılan Zərdabi obrazı ilə eyniləşdirilir. Bu isə əsəri daha tarixi və dolğun edir. Bütün bunlar hamısı Sona Vəliyevanın təfəkkürünün məhsuludur”.
AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, MİLLƏT VƏKİLİ Yaqbub Mahmudov bir xalq kimi xaricdən gələn təsirlərin qarşısında ancaq milli- mənəvi dəyərlərimizə, keçmişimizə sahiblənərək, tarixi şəxsiyyətlərimizi təbliğ edərək mübarizə apara biləcəyimizi bildirdi. Tarixi tarixçilərdən çox ədəbiyyatçıların yaşatdığını söyləyən çıxışçı Sona Vəliyevanın bu kitabı ərsəyə gətirməsində göstərdiyi həssaslığa toxunub: “Yalnız əsərləri ilə deyil təhsil sisteminə verdiyi töhfələr ilə də Sona Vəliyeva Həsən bəy Zərdabinin davamçısıdır”.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu çıxış edərək Sona Vəliyevanın yolunu təkcə ədəbiyyatçı, publisist kimi deyil eyni zamanda sosial mühəndis kimi də incələdiyini və ərsəyə gətirdiyi “İşığa gedən yol” kitabının modern tarixi romançılığının ən gözəl nümunəsi olduğunu söylədi.
Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov xalqın xalq olmasında şəxsiyyətlərin roluna diqqət çəkərək Mirzə Fətəli Axundovla başlayan axının Həsən bəy Zərdabi ilə davam etdiyini söylədi: “Bu axını bu gün Sona xanım davam etdirir. Ümid edirəm ki, bu kitab Azərbaycan jurnalistlərinin stolüstü kitabına çevriləcək”.
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Həsən bəy Zərdabinin təkçə qəzetçi kimi deyil maarifçi kimliyini də daşıdığını, kitabda isə bunun aydın göstərildiyini dedi. O, müəllifə belə bir nəşri ərsəyə gətirməsinə görə minnətdarlığını bildirib.
BDU-nun Jurnalistika fakültəsinin dekanı, professor Cahangir Məmmədli tarixin ədəbiyyatda yaşaması fikrinin “İşığa gedən yol” kitabında daha real şahidi olduğumuza diqqət çəkdi.
Xalq şairi Sabir Rüstəmxanlı Sona Vəliyevanı təkcə araşdırmaçı deyil, həm də Savalan ruhlu şeirlərin müəllifi, Məhsətidən axıb gələn böyük şairə nəslinin ən laiqli davamçısı kimi qiymətləndirdi.
Əməkdar jurnalist Flora Xəlilzadə bildirib ki, Vətən aşiqliyinə, milli sevgiyə əsaslanaraq yazılan tarixi roman faktlara söykəndiyindən Azərbaycan tarixində rol oynamış bütün şəxsiyyətlərin obrazı kitabda əks olunub. “Bu isə mətbuat tariximizi öyrənməkdə önəmli addımdır” – deyə o əlavə edib.
Nazirlər Kabinetinin mətbuat mərkəzinin rəhbəri, yazıçı-publisist Akif Əli “Əkinçi” qəzetinin mədəniyyətin bütün sahələrinə bu ad altında toxunduğunu vurğulayıb: “Sona Vəliyevanın qələmə aldığı kitabın fərqliliyi onun həmin dövrün yeniliklərini mədəniyyətimizə qazandırmasıdır”.
“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan Əhməd Ağaoğlunun Həsən bəy Zərdabinin torpağa tapşırılarkən dediyi “Bakının məğrib qapısından Zərdabi yola düşür, amma o qapıdan var dövlət gəlir. Bu var dövlət isə lal cəvahir deyil, elm mədəniyyətdir” ifadəsini xatırladaraq millətin formalaşmasında bu kimi ziyalılarımızdan bəhrələndiyimiz üçün heç bir yad təsir təhlükəsinin bizə bata bilməyəcəyini söylədi. Daha sonra o, kitabın üstünlüklərindən bəhs edib.
Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, kitab Həsən bəy Zərdabinin ömür yoluna həsr edilsə də bu kitab həm də onun müasirlərinin yaddaşımızda abidələrini yaradır.
Millət vəkili Elman Nəsirov Sona Vəliyevanı “söz adamı” kimi tanınmasının təsadüfü olmadığını vurğulayıb. O, Nizamilər, Füzulilər yolunda Zərdabi bulağının olduğunu, onun davamçısının isə Sona Vəliyeva kimi ziyalılar ola biləcəyini dilə gətirdi.
Yazıçı-publisist Yunus Oğuz kitabın mənfi mental təfəkkürü dağıdaraq Zərdabi irsinin yeni yol açdığını söylədi.
“İki Sahil” qəzetinin baş redaktoru, millət vəkili Vüqar Rəhimzadə kitabda çoxşaxəli fəaliyyətin yığcam şəkildə oxucuya təqdim olunmasının əhəmiyyətindən danışıb.
Ədəbi tənqidçi Vaqif Yusifli romanda Həsən bəy Zərdabinin təkçə tarixi şəxsiyyət kimi yox, həm də xalqını sevən, xeyirxah insan kimi təsvir edildiyini, əsərin bədii təxəyyülünün güclü olduğunu bildirdi.
Əsərin müəllifi, fəlsəfə doktoru Sona Vəliyeva təbrik və xoş sözlərə görə qonaqlara minnətdarlıq bildirərək indiyə qədər nəzm yazmadığını qeyd edib: “Lakin mətbuat tarixini araşdırarkən, Həsən bəy Zərdabiyə duyduğum doğmalıq, heyranlıq, ruh əkizliyi məni bu əsəri yazmağa sövq etdi”. S.Vəliyeva Zərdabinin millətinə olan təmənnasız sevgisinin, yorulmaz maarifpərvər fəaliyyətinin diqqətini cəlb etdiyini, keçdiyi məşəqqətli yolların özündə də bu sevgini aşıladığını qeyd etdi. Görkəmli ziyalının simasında xalqımızın güc-qüvvət topladığını, Bakı Dumasında təkbaşına apardığı mübarizə zamanı iflic olduğunu və başqa faktların poetik dillə əsərdə təsvir edildiyini dedi. S.Vəliyeva romana başlamazdan öncə, maraqlı və yeni obrazlarla əsəri zənginləşdirdiyini, Zərdabinin mütərəqqi ideyalarını dövrünün müasirlərinə də aşıladığını vurğuladı. Müəllif təqdimat zamanı söylənilən fikirlərin onu bu sahədə çalışmalara davam etməyə həvəsləndirdiyini xüsusi vurğulayıb. S.Vəliyeva fikrində bu istiqamətdə bir neçə ideyanın olduğunu, onları gələcəkdə reallaşdırmağa çalışacağını açıqlayıb.
VOİCEPRESS.AZ