Deputat hökuməti məktəb, qaz və su probleminin həllinə çağırdı

17 Mart, 21:45

Bu gün Milli Məclisdə Azərbaycan Respublikası Hökumətinin 2016-cı hesabatının müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva Tovuz rayonunun problemlərindən danışıb.
VOİCEPRESS
– in məlumatına görə, Q.Paşayeva bildirib ki, Tovuzun böyük və təhsil göstəriciləri yaxşı olan kəndlərindən olan Bozalqanlı da daxil olmaqla bir sıra kəndlərində yeni məktəb tikintisinə böyük ehtiyac var. O bildirib ki, bu kəndlər əhali sayına görə böyük kəndlərdəndir və onların hər birinin sadəcə bir məktəbi var və ümumi istilik sistemləri olmayan həmin məktəblər təhsil üçün yaxşı vəziyyətdə deyil və həmin kəndlərdə təcili olaraq yeni məktəb tikintilərinə ehtiyac var.
Millət vəkili bildirib ki, məktəblərin səviyyəsinin yaxşı olmaması normal təhsil ənənələri olan bu kəndlərdə təhsilin səviyyəsinə də özünün mənfi təsirini göstərir və təcili olaraq bu problemin həlli zəruridir. Bu məsələ ilə bağlı Təhsil naziri Mikayıl Cabbarov ilə danışdığını və müzakirə etdiyini deyən Qənirə Paşayeva hökumətə həmin kəndlərdə yeni məktəb tikintisi ilə bağlı rəsmi müraciət göndərdiyini də deyərək bu məsələnin yaxın zamanlarda öz həllini tapacağına inandığını deyib.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin təhsil sahəsində, yeni məktəb tikintisi sahəsində böyük işlər görüldüyünü və Tovuzda da yeni məktəblər tikildiyini vurğulayan millət vəkili Qənirə Paşayeva hökumətdən bu kəndləri də diqqətdə saxlamağı və maliyyə ayrılmasını xahiş edib.
Qənirə Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb və bildirib ki, Tovuzun bir sıra kəndlərində qazlaşma prosesi hələ də başa çatmayıb. Millət vəkili “Azəriqaz” rəhbərliyini Ermənistanla ön cəbhə rayonu olan Tovuz rayonunun kəndlərinin qazlaşdırılması prosesini başa çatdırmağa çağırıb.
Millət vəkili bildirib ki, ölkəmizin I Vitse-prezidenti Mehriban Əliyavanın ilk toplantısını qaçqın və məcburi köçkünlərin məsələlərinə həsr etməklə əslində cəmiyyətimiz üçün də bir mesaj vermiş oldu: “Hunanlar kəndi Ermənistandan qaçqın düşmüş insanlarımızın məskunlaşdığı kəndlərdən biridir. Həmin kəndin bütün sakinlərinin təbii qaz verilməsinə ehtiyacı var. Hunanlar kəndi ilə bağlı “Azəriqaz” rəhbərliyinə xüsusi müraciət etmişik və bu kənd də daxil olmaqla indiyənədək qazlaşdırılmayan kəndlərin qazlaşdırılmasını başa çatdırmağı xahiş edirik”.
Qənirə Paşayeva rayonun Əlimərdanlı, Qaraxanlı, Xatınli, Qədirli və Cilovdarlı kəndlərinin içməli su problemindən əziyyət çəkdiyini vurğulayaraq bildirib ki, Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Tovuz rayonuna yeni içməli su xətti çəkilib və rayonun su probleminin həlli istiqamətində ciddi addımlar atılıb. Bu kəndlərə həmin xətdən su verilməsi, su xəttinin çəkilməsi üçün millət vəkili “Azərsu” rəhbərliyinə bir neçə dəfə xahiş etdiyini deyərək hökuməti qısa zamanda minlərlə insanın üzləşdiyi bu problemin həlli istiqamətində dəstək göstərməyə çağırıb.
Millət vəkili Qənirə Paşayeva əhalisinin əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olan Tovuz rayonunda insanların əkin sahələrinin suvarılması ilə bağlı üzləşdiyi problemlə də toxunub və müvafiq qurumlardan Tovuzda bu istiqamətdə daha çox işlər görməyə çağırıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here