Dağlıq Qarabağ azərbaycanlı icmasının qadınları Fransa prezidentinə müraciət edib

7 Mart, 23:14

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının qadınları adından bir qrup məcburi köçkün qadın (100 nəfər) Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri ilə əlaqədar Fransa prezidenti Fransua Oland, Fransa Milli Assambleyasının prezidenti Klod Bartolon və Fransa Senatının sədri Gerard Larçerə məktub ünvanlayıb.

İcmadan VOİCEPRESS-ə verilən məlumata görə, məktubda deyilir:

“Beynəlxalq səviyyədə Azərbaycanın ərazisi kimi tanınan torpaqlarımızın təxminən 20%-i beynəlxalq hüquqa, o cümlədən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 822, 853, 874 və 884 saylı dörd mühüm qətnamələrə zidd olaraq bu günədək de-fakto Ermənistanın nəzarəti altındadır. İşğal altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafında yerləşən digər yeddi rayonlardan 750.000 nəfərdən artıq azərbaycanlılar Ermənistan silahlı qüvvələri tərəfindən güclə qovulub.

25 ildir biz məcburi köçkün həyatını yaşayırıq, bizim öz mülklərimizə sahib çıxmaq, öz doğma diyarlarımıza, şəhərlərimizə, kəndlərimizə və öz evlərimizə qayıdaraq orada yaşamaq üçün fundamental insan hüquqlarımız kobud şəkildə pozulur.

Xatırlatmaq istərdik ki, Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ və digər ətraf yeddi rayonlarının qeyri-qanuni işğalı nəticəsində azərbaycanlı məcburi köçkünlərin insan hüquqlarının kobud şəkildə pozulmasını Avropa Insan Hüquqları Məhkəməsi də təsdiq etmişdir. Həmçinin, Avropa Insan Hüquqları Məhkəməsi vurğulamışdır ki, Ermənistan bununla Avropa İnsan Hüquqları Konvensiyasını da pozur. Lakin xarici ölkələrdə yaşayan erməni icmaları və lobbisi beynəlxalq mediada Dağlıq Qarabağda yaşayan erməni icmasını ”qurban” qismində təqdim etməyə, Azərbaycanda onların insan hüquqlarının guya pozulduğunu, Azərbaycanı “qeyri-demokratik” ölkə kimi və Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində Ermənistan tərəfindən yaradılmış marionet işğalçı rejimin guya “demokratiya” qurması niyyətini yalan məlumatlarla təşviq etməyə davam edir. Ermənistan xarici ölkələrdəki çoxsayılı icmaları və lobbisi vasitəsilə Azərbaycana qarşı ciddi dezinformasiya və qarayaxma kampaniyasını aparır.
Cəmi 25 il bundan əvvəl öz müstəqilliyini bərpa etmiş Azərbaycanın demokratik inkişaf sahəsində olan ən xırda belə problemi beynəlxalq mətbuatda şişirdilir və geniş yayılır, Ermənistanda bu sahədə mövcud olan ciddi problemlərdən isə ümumiyyətlə danışılmır. Bu ikili standartlar deyilmi ?

Məlum olduğu kimi, xaricdə olan erməni icmaları və lobbisi Fransada da “elektoral şantaj diplomatiyası” həyata keçirərək seçkilər zamanı erməni icmasının üzvlərinin səslərindən asılı olan Fransanın bəzi şəhərlərinin Merlərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşən şəhərlərlə qeyri-qanuni “dostluq xartiyaları” imzalamağa sövq edirlər. Misal üçün, Fransanın Burq-le-Valans (Bourg-lès-Valence) şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bizim tarixi Şuşa şəhərimizlə qeyri-qanuni “dostluq xartiyası” imzalamış və Burq-le-Valans şəhərinin Meri bu qanunsuz və beynəlxalq hüquqa zidd olan addımını əsaslandırmağa cəhd edərək bəyan etmişdır ki, o orada “demokratiyaya dəstək” üçün bunu edir.

Bu gün biz Azərbaycanın qədim tarixi şəhərlərindən biri olan Şuşa şəhərinin əsl vətəndaşları Burq-le-Valans şəhərinin Merinin nəzərinə çatdırmaq istərdik ki, 1989-cu ildə Şuşa şəhərinin 20.000-dən artıq əhalisi olmuş, bunlardan təxminən 93 faiz azərbaycan mənşəli olan azərbaycanlılar, təxminən 7 faizə yaxın isə erməni mənşəli olan azərbaycanlılar təşkil etmişlər. 8 may 1992-ci ildə Ermənistan silahlı ordusu Şuşa şəhərini qeyri-qanuni olaraq işğal etmiş və orada etnik təmizləmə həyata keçirmişdir. Şuşanın yüzlərlə azərbaycanlı sakini xüsusi amansızlıqla qətlə yetirilmiş, yüzlərlə sakini yaralanmış və əlil olmuş, 600-dən artıq uşaq valideyinlərini itirmiş, minlərlə sakin doğma yuvasını və doğma Şuşa şəhərini tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdür. Əsir və girov götürülmüş azərbaycanlıların taleyi barədə bu günə qədər məlumat yoxdur. Bu gün Şuşa şəhərində bir nəfərdə olsun azərbaycanlı yaşamır və orada yalnız ermənilər yaşayırlar, digər sözlərlə, etnik təmizləmə nəticəsində şəhər erməniləşdirilmiş və bu gün orada yalnız ermənilərin yaşaması güc yolu ilə təmin edilmişdir.

Bizim Sizə sualımız ondan ibarətdir ki, hər hansı şəhərin güc yolu ilə milliyətinin dəyişdirilməsinə, həmin şəhərin əsl əhalisinin öz doğma şəhərindən qovulması və məcburi köçkünə çevrilməsi, Şuşa şəhərinin etnik təmizləmə nəticəsində erməniləşdirilməsinə beynəlxalq hüquqa zidd olaraq əsassız bəraət qazandırmaq “demokratiyaya dəstək” adlandırıla bilərmi ? Beynəlxalq hüquqa, demokratiyaya və insan hüquqlarına zidd olan bu kimi qeyri-qanuni addımlar insan hüquqlarına beşik ölkə sayılan Fransanın dəyərlərinə uyğundurmu ? Burq-le-Valans şəhərinin Meri bir neçə saniyəlik təsəvvür edə bilərmi ki, Ermənistan Burq-le-Valans şəhərini də qeyri-qanuni olaraq güc yolu ilə işğal edir, orada yaşayan fransız mənşəli fransızları güc yolu ilə qovur, onun özü məcburi köçkünə çevrilir, bu şəhərin əhalisinin təmamilə erməni mənşəli olması təmin edilir və sonra orada yaradılan qanunsuz şəhər “rəhbərliyi” ilə digər ölkələrin şəhərləri arasında “demokratiyaya dəstək” adı ilə qeyri-qanuni “dostluq xartiyaları” imzalanır və əməkdaşlıq qurulur ?

Eyni zamanda nəzərinizə çatdırmaq istərdik ki, Ermənistan Respublikasının hazırkı hakimiyyəti hər zaman Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yaşayan erməni icmasının öz müqəddəratını təyin etmək və konkret olaraq orada yeni süni dövlət yaratmaq arzusunu səsləndirir. Lakin unutmaq lazım deyil ki, ermənilər Qafqazda öz müqəddəratını artıq bir dəfə təyin edərək hazırkı Ermənistan Respublikasını yaradıblar və əgər bu məntiqlə bütün xarici ölkələrdə yaşayan erməni icmaları yaşadıqları həmin ölkələrin ərazilərində “öz müqəddəratını təyin etmək” adı ilə yeni süni dövlətlər yaratsalar, bu halda dünyada, o cümlədən, Fransada, ABŞ-da, Rusiyada, Gürcüstanda, Azərbaycanda, Türkiyədə, Argentinada və erməni icmaları yaşayan digər ölkələrdə yüzlərlə yeni süni erməni “dövlətləri” yaradıla bilər. Bizim bildiyimizə görə, beynəlxalq hüquqda, konkret olaraq isə ATƏT-in Helsinki Yekun Aktında hər bir halda öz müqəddaratını təyin etmə hüququnun dövlətlərin ərazi bütövlüyünə xələl gətirməsi halında tətbiq edilə bilməyəcəyi aydın şəkildə vurğulanıbdır. Digər sözlərlə, öz müqəddaratını təyin etmə dövlətlərin ərazi bütövlüyünü pozmamalıdır.
Vətəndaşı olduğumuz Azərbaycan Respublikasının hökuməti dəfələrlə bəyan etmişdir ki, azərbaycan və erməni mənşəli Azərbaycan vətəndaşlarının sülh şəraitində birgə yaşayacaqları Dağlıq Qarabağ bölgəsinə Azərbaycan Respublikasının ərazi bütövlüyü çərçivəsində yüksək səviyyəli özünüidarəetmə muxtariyyəti verilə bilər. Bu baxımdan Dağlıq Qarabağ bölgəsinin azərbaycan və erməni icmaları arasında dialoqun qurulması və inkişafı da böyük əhəmiyyət kəsb edir. Lakin əfsuslar olsun ki, Ermənistan Respublikasının hazırkı hakimiyyəti buna ciddi maneə olur.

Rəhbərlik etdiyiniz Fransa Respublikası Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi mühüm qətnamələrin qəbulunda birbaşa iştirak etmiş, bu qətnamələrə istinadən yaradılmış ATƏT-in Minsk Qrupunun həmsədri qismində ATƏT-in Helsinki Yekun Aktına əsasən ikitərəfli əsasda da hər zaman Azərbaycan Respublikasının ərazi bütövlüyünü dəstəkləyərək öz beynəlxalq öhdəliklərinə hörmətlə yanaşmışdır. Bütün bu sənədlərə və beynəlxalq hüququn norma və prinsiplərinə əsasən Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkib hissəsidir. Lakin Fransa tərəfindən atılmış bu addımlar bizim 25 ildən artıq məcburi köçkün kimi yaşadığımız bu müvəqqəti dövrün yekunlaşmasını və bizim öz doğma diyarlarımıza, şəhərlərimizə, kəndlərimizə və öz evlərimizə qayıtmağımızı və orada erməni mənşəli digər Azərbaycan vətəndaşları ilə birlikdə sülh şəraitində yaşamağımızı təmin etmək üçün kifayət deyil və buna görə də Fransa Ermənistana təzyiqini artırmalıdır.

Mətbuatda yazılır ki, siz bir neçə gündən sonra 8 mart 2017-ci il tarixində beynəlxalq qadınlar günü bayramında xüsusi amansızlıqla azərbaycanlı qadınlarının qətlə yetirildiyi Xocalı soyqırımının təşkilatçısı Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanı Parisdə qəbul edəcəksiniz. Bununla əlaqədar, Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından sizdən xahiş edirik ki, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Ermənistan Prezidentinə təzyiq göstərəsiniz ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəni beynəlxalq hüquqa, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Helsinki Yekun Aktına istinadən sülh yolu ilə həll edilməsinə, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına və inkişafına, “Ermənistan-Azərbaycan Sülh Platforma”sının fəaliyyətinə və biz məcburi köçkünlərin insan hüquqlarının tezliklə bərpasına və 2018-ci ildə növbəti beynəlxalq qadınlar bayramını öz doğma diyarlarımızda, şəhərlərimizdə, kəndlərimizdə və evlərimizdə qeyd etməyimizə maneə göstərməsin.

Sadəcə olaraq biz sizdən ədaləti dəstəkləməyinizi və beynəlxalq hüququn, tarixi ədalətin və bizim insan hüquqlarımızın öz tarixi və doğma torpaqlarımız olan ölkəmizin Dağlıq Qarabağ bölgəsində təmin edilməsini xahiş edirik.

Biz ümid edirik ki, Fransa beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi, ATƏT-in Minsk Qrupunun həmsədri kimi yuxarıda qeyd etdiyimiz beynəlxalq öhdəliklərinə əsasən öz obyektiv vasitəçilik funksiyasını daha da gücləndirəcək və Ermənistan Prezidentinə təzyiqlərini artıracaqdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here