Xəzərin Azərbaycana aid hissəsində TƏHLÜKƏ

0
314329

“”Statistikaya əsaslansaq, hər il orta hesabla Azərbaycanda 3-4 palçıq vulkanı püskürür. Bu, Azərbaycan üçün xarakterikdir. Lakin son 2 ildə bu say azalıb””.

VOİCEPRESS xəbər verir ki, bunu apa-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Bakı və Abşeron yarımadasının Palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğunun direktoru Ceyhun Paşayev deyib.

O bildirib ki, ölkə ərazisində yerin səthində olan palçıq vulkanlarının hamısı məlumdur: “Palçıq vulkanlarının 6 növü var. Bunlar sualtı, ada, aktiv olan, aktiv olmayan, gömülmüş və neft ixrac edən palçıq vulkanlarıdır. Xəzər dənizinin Azərbaycana aid akvatoriyasında palçıq vulkanlarının sayı həddindən artıq çoxdur. Bu günə kimi yer səthində və dənizin altında olan palçıq vulkanlarının sayı 360-dır. Müvafiq cihazların köməyi ilə həmin sualtı palçıq vulkanlarını aşkar etmək mümkündür. Məsələn, gələcəkdə Xəzər dənizində neft yataqlarının axtarışı zamanı suyun altında yeni palçıq vulkanlarının aşkarlanması mümkündür. Suyun altındakı palçıq vulkanlarının sayı dəyişkəndir”.

C. Paşayev fevralın 6-da “Otman-Bozdağ” palçıq vulkanında baş vermiş güclü püskürmə ilə bağlı aparılmış ilkin tədqiqat işlərinin nəticəsini də açıqlayıb. Direktor qeyd edib ki, “Otman-Bozdağ” vulkan dünyanın ən böyük palçıq vulkanlarındandır: “Onun hündürlüyü 400 metrdən çoxdur. Püskürmə hündür alov sütununun ayrılması ilə müşayiət olunub. Püskürmə prosesi 9 dəqiqədən çox vaxtı əhatə edib. Püskürmə zamanı xaric olmuş palçıq vulkanı məhsullarının qalınlığı minimum yerdə 1,3 metr, maksimum yerdə 2 metrdir. Ümumən xaric olunmuş məhsulların eni 20, uzunluğu 350 metrə bərabərdir. Son püskürmə zamanı hesablamalara görə, 100 min kub metrdən çox tullantı xaric edilib. Əraziyə baxış keçirilən zaman həddindən artıq çox sayda bərk cisimlər aşkarlanıb. Bəzi yerlərdə həmin bərk cisimlərin 12-13 kq ağırlığında olması müəyyən edilib. Ümumiyyətlə, bu ərazi Alazan – Əyriçay – Ələt qırılmasının Ələt kəsiminə aiddir. Həmin ərazidə 2011-ci ildən aktivlik müşahidə olunur. Palçıq vulkanı aktivləşibsə, deməli ərazidə geodinamik fəallaşma nəzərə çarpır. Palçıq vulkanlarının hər birinin müstəqil fəaliyyəti, hər birinin özünün vulkan ocağı var. Həmin vulkan ocaqlarının bir-biri ilə heç bir genetik əlaqəsi yoxdur. Palçıq vulkanları dərin qırılmaların üzərində yerləşir. Tektonik planda eyni çat sistemləri üzərində yerləşən palçıq vulkanlarında əgər birində fəallaşma varsa, digərinin fəallaşmasını ehtimal etmək olar. Son püskürmə onu göstərir ki, ərazi geodinamika baxımından fəaldır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here