Əflatun Amaşov: “Axı biz zaman-zaman lapşinləri az görməmişik…”

8 Fevral, 14:48

Lapşin separatçılığın təbliği naminə “bəhrələnmənin” bariz nümunəsidir.

Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası son dərəcə mühüm hadisədir.

VOİCEPRESS
milli.az-a istinadən xəbər verir ki, bunu Milli Məclisin üzvü, Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycan sərhədlərini pozaraq Ermənistanın işğalı altında olan Dağlıq Qarabağa getmiş və buranı müstəqil dövlət kimi təbliğ edən, Azərbaycan dövlətinin əleyhinə çağırışlar etidiyinə görə barəsində axtarış elan olunmuş bloqer Aleksandr Lapşinin Belarusda həbs edilərək Azərbaycana təhvil verilməsinə münasibətində bildirib.
Millət vəkili fikrini belə izah edib: “Əvvəla, onu deyim ki, Lapşinin ekstradisiyası Ramil Səfərovun Azərbaycana ekstradisiyası qədər önəmlidir. Hər iki halda prezident İlham Əliyevin şəxsində Azərbaycan dövləti öz prinsipial və qətiyyətli mövqeyini bəyan etməyi bacarıb”.
O qeyd edib ki, ikinci məqam odur ki, Lapşin Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın ədalətli mövqeyinə əks-təbliğat xətti seçmiş, ölkəmizin qanunlarına məhəl qoymamışdır: “3 ölkənin vətəndaşı olan belə bir adamın məhz Azərbaycanda mühakimə olunması eyni yolu tutmaq istəyənlər üçün yaxşı dərsdir. Axı biz zaman-zaman lapşinləri, ona oxşar nələrisə az görməmişik”.
Mətbuat Şurası sədri hesab edir ki, Lapşin söz və ifadə azadlıqlarından separatçılığın təbliği naminə “bəhrələnmənin” bariz nümunəsidir: “Onun fəaliyyətinin belə ali dəyərlərə heç bir aidiyyatı yoxdur. Düşünürəm ki, bu şəxsin Azərbaycanın timsalında məhz separatçılıqdan əziyyət çəkən bir ölkədə mühakiməsi də az-az rast gəlinən hadisələrdəndir”.

Ə.Amaşov əlavə edib ki, A.Lapşinin Azərbaycana ekstradisiyası Azərbaycan dövlətinin Dağlıq Qarabağ münaqişəsinə tam həssaslıqla yanaşdığının, bu istiqamətdəki hər hansı diskomfortu aradan qaldırmaq əzminin, iradəsinin, barışmazlığının, qətiyyət və prinsipiallığının dünyaya növbəti nümayişidir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here