Qar səbəbindən iki rayon arasında avtomobil yolu bağlandı

15 Fevral, 15:25

Səhər saatlarında İsmayıllı rayonunda əsməyə başlayan güclü külək bəzi kəndlərdə fəsadlara səbəb olub.

VOİCEPRESS-in Göyçay bürosu xəbər verir ki, küləyin dağlardan gətirdiyi qar İsmayıllı-İvanovka-Göyçay avtomobil yoluna tökülərək avtomobillərin hərəkətinə çətinlik törədib.

Yoldan hərəkət edən sürücülərin sözlərinə görə, İsmayıllının İvanovka, Soltankənd və Hacıhətəmli kəndlərində çovğun müşahidə olunur. Küləyin təsiri nəticəsində dağlardan və dərələrdən sovrularaq avtomobil yoluna tərəf axın edən böyük qar kütləsi hərəkət üçün təhlükəli vəziyyət yaradıb.

İsmayıllı-İvanovka-Göyçay yolu 50-60 santimetr hündürlüyündə qarla örtülərək buz bağladığı üçün avtomobillərin hərəkəti dayanıb. Hazırda yüzə yaxın avtomobil yolun açılmasını gözləyir. Qəflətən çovğuna düşən 10-a yaxın sürücü isə avtomobilin şüşələrinin qarla örtüldüyünə görə yolu görməyib və idarəetmənin itməsi nəticəsində avtomobillər yolun kənardakı taxıl sahəsinə düşüb. Bəzi avtomobillər qar və palçığın içində bataraq qalıb. Avtomobildəki sərnişinlər, hətta azyaşlı uşaqlar soyuğa dözərək yolun açılmasını gözləyirlər.

İsmayıllı Yol İstismar İdarəsinin ağır texnikaları nəqliyyatın hərəkətinin bərpası üçün əraziyə cəlb edilib. Bundan əlavə külək səbəbindən İvanovka və ətraf kəndlərdə bir neçə ağac aşıb, köhnə tikililərin dam örtüyü qopub, elektrik naqilləri qırılıb, əhalinin enerji ilə təminatında çətinliklər yaranıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here