Ekspert: “İlin sonunadək SOFAZ-ın manat ifadəsində dəyişməsə də, dollar ifadəsində AMB-ə transferti əslində, ilin əvvəlində nəzərdə tutulandan az olacaq”

6 Fevral, 14:37

“Mərkəzi Bankın (AMB) rəsmi valyuta ehtiyatları həcminin yanvarda 350 milyon dollardan çox məbləğdə artmasını Dövlət Neft Fondunun (SOFAZ) sözügedən quruma bu il ərzində nəzərdə tutulan 7,5 milyard manatlıq transferti ilə əlaqələndirmək səhvdir.”

Qeyd edək ki, bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov VOİCEPRESS-ə açıqlamasında bildirib:

“Əvvəla, SOFAZ tərəfindən nəzərdən tutulan transfert bütövlükdə il ərzində nəzərdə tutulub… Və bu tranşın hər ay ərzində məhz bərabər məbləğlərdə həyata keçiriləcəyini iddia etmək üçün heç bir əsas yoxdur !

İkincisi, SOFAZ-dan ayrılması nəzərdə tutlan 7,5 milyard manatı AMB-in nəyə xərcləyəcəyi dəqiq deyilib. Bu, dövlətin il üzrə xarici borcları, TANAP layihəsinin maliyyələşdirilməsi, Azərbaycan Beynəlxalq Bankının sağlamlaşdırılması və il üzrə bankın xarici borc öhdəliklərinin tənzimlənməsi, o cümlədən ehtiyac yaranarsa, Əmanətlərin Sığortalanması Fonduna vəsaitin ayrılması kimi məsələlərdir.

Üçüncüsü, SOFAZ-dan mətbuata açıqlanan məlumata əsasən də deyilib ki, adı çəkilən qurum tərəfindən bu ilin yanvar ayı ərzində AMB tərəfindən keçirilən valyuta hərraclarında cəmi 285 milyon dollar məbləğində vəsait satılıb. AMB-yə tranfert isə manat şəklində olacaq.. Təkrar edirəm ki, yanvarda isə 285 milyon dollar məbləğində vəsait satılıb. Artım isə, 350 milyon dollardan çoxdu.

Dördüncüsü isə, AMB-in rəsmi valyuta ehtiyatları həcminin yanvarda 350 milyon dollardan çox məbləğdə artmasını SOFAZ-dan sözügedən quruma bu il ərzində nəzərdə tutulan 7,5 milyard manatlıq transferti ilə əlaqələndirənlərə sual edirəm: məgər, 7,5 milyard manatlıq transfert söhbəti ortaya çıxanda Sizlər izahat vermirdiz ki, 2017-də məhz buna görə valyuta bazarında gərginlik yatacaq?!… SOFAZ sözügedən transferti elə xarici valyuta şəklində AMB-ə köçürəcəkdisə, nəyə görə belə izahat verirdiz ?! O zaman, transfertin 7,5 milyard manat deyil, dollar olacağı deyilərdi.”

O, qeyd edib ki, “Ən nəhayət, ilin sonunadək SOFAZ-ın manat ifadəsində dəyişməsə də, dollar ifadəsində AMB-ə transferti əslində, ilin əvvəlində nəzərdə tutulandan az olacaq.”


Aysel İsgəndərova

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here