Fevralın 14-də Milli Məclisin plenar iclasında “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
VOİCEPRESS xəbər verir ki, parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli qanun layihəsi barədə məlumat verib. O bildirib ki, yeni Qanunun əsas məqsədi erkən yaş dövründən başlayaraq uşaqların əqli, fiziki və yaradıcı potensialının, mədəni səviyyəsinin inkişafının, psixoloji dayanıqlığının və sağlamlığının mühafizəsinin, ətraf aləmə həssas münasibətinin və şəxsiyyətinin formalaşdırılmasından ibarətdir.
Qeyd olunub ki, bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikasında məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsilinin təmin olunması sahəsində dövlət siyasətinin prinsiplərini, məktəbəqədər təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. İsa Həbibbəyli diqqətə çatdırıb ki, məktəbəqədər təhsil müəssisəsinin təsisçisi (təsisçiləri) dövlət, bələdiyyələr, Azərbaycan Respublikasının fiziki və hüquqi şəxsləri ola bilərlər. Təsisçinin məsuliyyəti, səlahiyyət dairəsi və onların təhsil müəssisəsi ilə qarşılıqlı öhdəlikləri Azərbaycanın qanunvericiliyi, təsis müqaviləsi və təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Sənəddə bildirilir ki, məktəbəqədər təhsil sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının qanunvericiliyi və tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir. Məktəbəqədər təhsil müəssisəsi məktəbəqədər təhsil sahəsində bu Qanunla müəyyən edilmiş məqsədlərin reallaşdırılması istiqamətində davamlı olaraq təşkilati, psixoloji, pedaqoji, metodiki, tibbi, sosioloji tədbirlərin həyata keçirilməsini təmin edir.
Məktəbəqədər təhsil müəssisəsi qanunvericiliyə və özünün fəaliyyət xüsusiyyətlərinə uyğun olaraq xarici ölkələrin məktəbəqədər təhsil müəssisələri, təşkilatları, beynəlxalq qurumlar və fondlarla əlaqələr yarada, əməkdaşlıq haqqında ikitərəfli müqavilələr bağlaya, təhsil sahəsində fəaliyyət göstərən dövlət və qeyri-hökumət qurumlarına daxil ola və qarşılıqlı əməkdaşlığın digər formalarını həyata keçirə bilər. Qanun layihəsi 2-ci oxunuşda qəbul olunmaq üçün səsə qoyulmayıb.
VOİCEPRESS.AZ