Cənubi Afrikada fəaliyyət göstərən “Milkor” silah şirkətini Türkiyənin terror təşkilatı olaraq tanıdığı FETÖ-yə yaxınlığı ilə bilinən iş adamları satın alıb.
VOİCEPRESS Türkiyə mətbuatına istinadən bildirir ki, FETÖ-yə bağlı olduğu deyilən Cənubi Afrika-Türk İş Adamları Dərnəyinin üzvü olan Serhat Bayoğlu və dərnəyin keçmiş rəhbərinin qardaşı Vuslat Bayoğlunun adı həmin şirkəti alan şəxslər kimi çəkilib. Cənubi Afrika mətbuatı da sözügedən şirkətin hər iki iş adamı tərəfindən alındığını yazıb.
Yerli nəşr olan “Rapport” qəzetinin yazdığına görə, hökumət silah şirkətinin FETÖ-çü iş adamları tərəfindən alınmasından xəbərdar deyil. Eyni zamanda şirkətin Beynəlxalq Silahlara Nəzarət Komitəsində qeydiyyatda olmadığı bildirilir.
Hərbi xəbərlər saytı olan “defenceWeb”in redaktoru Guy Martin də “Son olaraq “Milkor”ün hələ də zirehli nəqliyyat bölümünü bu komitədə qeydiyyatdan keçirməyə çalışdığını öyrəndik. Əgər şirkət qeydiyyatda deyilsə, komitənin satış icazəsi olmadan reklam yayınlamaqdan ağır cəza ala bilər” deyib.
Cənubi Afrika Müdafiə Məsələləri Komitəsinin üzvü Helmod Romer Heitmen isə iddialara münasibətində “Əgər “Milkor” şirkəti ilə bağlı xəbərlər təsdiqini taparsa, şirkətin qeydiyyatı təxirə salına bilər” deyə vurğulayıb.
Rəhbərlik isə şirkətin türk iş adamlarına satılması barədə xəbərlərə münasibət bildirməkdən imtina edib. Məlumatlara görə, şirkətin alınması barədə tapşırığı Fətullah Gülən verib.
VOİCEPRESS.AZ