Qabil Hüseynli: “ABŞ konqresmeninin Azərbaycanla bağlı açıqlaması ciddiyə alınmalıdır”

0
314456

“Amerikadan İranın casus şəbəkəsinin əli ilə çevriliş hazırlıqları barədə xəbərdarlıq xarakterli açıqlamanı elə-belə məsələ hesab etmək olmaz”

ABŞ Konqresinin Nümayəndələr Palatasının xarici işlər üzrə komitəsinin rəhbəri, respublikaçı Ed Roys “İsrael Project” forumu zamanı İranın Azərbaycanın işlərinə müdaxiləsi ilə bağlı sensasion bəyanatla çıxış edib. Konqresmen bildirib ki, İran region ölkələrinə təhdid yaradır.

Ed Roys bildirib ki, İranın İnqilab Keşikçiləri Korpusu regional təhlükəsizlik üçün təhdiddir və sanksiyalara məruz qalmalıdır. Konqresmenin bildirdiyinə görə, İran Yəmən, Bəhreyn kimi Yaxın Şərq ölkələrinə təhdid yaradır, husi qiyamçılarını Səudiyyə Ərəbistanına qarşı silahlandırır. Ed Roys İranın Azərbaycan üçün də “təhdid olduğunu” deyib. Onun sözlərinə görə, bu gün İran agentləri Azərbaycana soxulur, kəndlərdə insanları öz tərəflərinə çəkir, onlara bildirir: “Casus şəbəkəsi insanlara təbliğatında deyir ki, siz dünyəvi hökuməti niyə dəstəkəyirsiniz? Siz şiələrsiniz. Siz bu rejimi devirməyə çalışmalısınız”. Konqresmenin fikrincə, bu fəaliyyətlə məhz İnqilab Keşikçiləri Korpusu məşğuldur.

Amerikalı konqresmenin bəyanatını, sadəcə olaraq, İranla münasibətlərin gərginləşməsindən doğan növbətçi açıqlama, yoxsa arxasında ciddi informasiyalar olan bir bəyanat hesab etmək olar?

VOİCEPRESS xəbər verir ki, Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirib ki, yaxın qonşuluğumuzda olan ölkələrdən İranla yanaşı Rusiyanın da Azərbaycanda müəyyən səviyyədə casus şəbəkəsi var. Bu şəbəkələr hələ Azərbaycan yenicə müstəqillik əldə etdiyi zamanlardan burada yerləşməyə, formalaşdırılmağa başlanıb. Azərbaycanda zaman-zaman bu şəbəkələrin əli ilə daxildə qarışıqlıq salmağa, müəyyən separatçılıq ocaqları yaratmağa cəhdlər edilib.

Lakin heç bir uğur əldə etmələri mümkün olmayıb: “Əvvəla, ölkəmizdə bütün azsaylı millətlərin hüquqları konstitusion qaydada qorunur və burada separatçılıq ocağını yaradıb alovlandırmaq üçün münbit şərait yoxdur. Casus şəbəkələri kütlələri öz ətraflarında toplaya bilməyiblər. İkincisi isə, Azərbaycan dövlət səviyyəsində belə məsələlərdə qətiyyətli mövqeyini ortaya qoya bilib”.
Politoloqun sözlərinə görə, indi ABŞ-dan İranın casus şəbəkəsinin əli ilə Azərbaycanda çevriliş hazırlıqları barədə xəbərdarlıq xarakterli açıqlamanın verilməsini elə-belə məsələ hesab etmək olmaz: “Ola bilsin ki, konkret kəşfiyyat informasiyaları ABŞ-ın əlində var və konqresmen də buna əsaslanıb belə bir ciddi açıqlamanı verib. Kimlərsə hansısa məkrli planlarını həyata keçirməyə cəhd edə bilər. Odur ki, Azərbaycan cəmiyyəti, müvafiq dövlət orqanları, siyasi partiyalar ayıq-sayıq olmalıdır. Casus şəbəkələrinin ifşa olunması istiqamətində ciddi işlər həyata keçirilməlidir”.


VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here