O, hakerlərin prezident seçkilərinin nəticələrinə təsir etmədiyinə də əmindir
ABŞ Demokratik Partiyasının serverinə kiber hücumlar, partiyanın illik komitəsinin üzvlərinin səhlənkarlığı nəticəsində mümkün olub.
VOİCEPRESS-in “Lenta.ru”-ya istinadən verdiyi xəbərə görə, bu barədə Donald Tramp öz “Tvitter” hesabında paylaşıb: “Demokratik Partiyanın Milli Komitəsinin ciddi səhlənkarlığı nəticəsində haker hücumları olub. Respublikaçıların Milli Komitəsi isə ciddi mühafizə olunub”.
“Assosiated Press”ə müsahibəsində Tramp deyib ki, Amerika kəşfiyyatının rəhbəri ilə görüşdən sonra “çoxlu yeni şeylər öyrənib”. Eyni zamanda o, kiberhücumlarda Rusiyanın əlinin olması sualına cavabdan da yayınıb.
Yeni seçilən prezident etiraf edib ki, ABŞ-ın dövlət strukturlarının saytına digər dövlətlər, o cümlədən Çin və Rusiya tərəfindən tez-tez hücumlar olur. Lakin Tramp əminliklə iddia edir ki, hakerlər prezident seçkilərinin nəticələrinə təsir etməyiblər.
Tramp eyni zamanda, hakerlərə qarşı xüsusi komanda yaradacağına və onların, inaqurasiyadan sonra 90 gün ərzində xüsusi plan işləyib hazırlayacağına söz verib. Prezident ölkənin təhlükəsizliyinin onun üçün prioritet olduğunu deyib.
ABŞ kəşfiyyatının məruzəsində ölkədəki seçki sisteminin rusiyalı hakerlər tərəfindən hücuma məruz qaldığı bildirilir. Qeyd olunur ki, hücumlar Hillari Klintonun məğlub olması və onun rəqibi Trampın seçkilərdə qələbə qazanması məqsədilə təşkil edilib. Məruzədə həmçinin bildirilir ki, ABŞ kompüter sistemlərinə kiberhücumlara birbaşa Vladimir Putin rəhbərlik edir. Rəsmi Moskva səsləndirilən ittihamları rədd edir.
VOİCEPRESS.AZ