2017-ci il 12-22 may tarixləri arasında Bakı şəhərinin ev sahibliyi edəcəyi 4-cü İslam Həmrəyliyi Oyunları nəzdində fəaliyyət göstərən “Könüllülər Proqramı”na müraciət etmiş namizədlər arasında bu proqramın özəlliklərini müəyyən etmək məqsədi ilə sorğu keçirilib.
Gənclər və İdman Nazirliyindən VOİCEPRESS-ə verilən məlumata görə, 1000 nəfər namizəd arasında keçirilən sorğunun əsas məqsədi onları Bakı 2017 Könüllülük Proqramına müraciət etməyə ilhamlandıran səbəbləri, həmçinin, layihədən gözləntilərini öyrənmək olub.
Sorğu nəticəsində müəyyən olunub ki, Oyunların bir parçası olmaq arzusunda olan könüllülərin 24%-i bundan öncə ilk Avropa Oyunlarında fəaliyyət göstərənlərdir. Digər 76% namizəd isə ilk dəfə olaraq könüllü qismində özlərini beynəlxalq səviyyəli idman yarışında sınayacaqlar ki, bu da onların gələcək həyatlarında parlaq səhifə olacaq. IV İslam Həmrəyliyi Oyunları Könüllülük Proqramının gənclərdə ən çox nə üçün maraq oyatdığı sualına gəldikdə isə, cavablar biliklərin artırılması, iş həyatına müsbət töhfə verilməsi, onların özünə olan inam və güvənin artması, ən ümdəsi isə tarixi idman yarışlarının bir hissəsi olmaq olub.
Sorğu zamanı iştirakçılara verilən digər suallardan biri isə oyunlardan gözləntilərinin nə olması ilə bağlı olub ki, 58% gənc bu suala “təcrübə” – deyə cavab verib. Bununla yanaşı, yeni dostlar qazanmaq, ölkəmizə təşrif buyuracaq müxtəlif ölkələrin nümayəndələri ilə ünsiyyət qurmaq imkanları, təcrübə qazanmaq, yeni biliklər əldə etmək kimi məqamlar da sorğu əsnasında xüsusi olaraq vurğulanıb.
Qeyd edək ki, 17 oktyabr 2016-ci il tarixində start verilmiş Bakı 2017 Könüllülük Proqramına qeydiyyatdan keçmiş namizədlər noyabr ayından başlayaraq gündəlik olaraq müsahibələrə dəvət olunur. Fevral ayınadək davam edəcək seçim mərhələsinin sonunda 6000 könüllü bu tarixi idman bayramının bir hissəsi olmaq fürsətini qazanaraq, Bakı 2017 İslam Həmrəyliyi Oyunlarına cəlb ediləcək.
Könüllülük Proqramı ilə bağlı son yenilikləri Bakı 2017 Könüllülərinin Facebook səhifəsindən izləyə bilərsiniz.
Qeyd edək ki, Bakı 2017 İslam Həmrəyliyi Oyunları 2017-cu il may ayının 12- 22 tarixlərində Bakı, Azərbaycanda keçiriləcək İslam dünyasını birləşdirən maraqlı, multi-idman tədbiridir.
Müsəlman ölkələrindən gələn idmançılar yarışın 10 günü ərzində öz ölkələrini 20 müxtəlif idman növləri üzrə 24 kateqoriyada (Atletika və Para Atletika, Su İdmanı Növləri – Suya tullanma, Su idman növləri — Üzgüçülük, Su İdmanı Növləri – Vaterpolo, 3×3 Basketbol, Futbol, İdman gimnastikası, Bədii gimnastika, Uşu, Stolüstü Tennis, Həndbol, Cudo və görmə qabiliyyəti olmayanlar üçün cudo, Yunan-Roma güləşi, Sərbəst güləş, Atıcılıq, Tennis, Voleybol, Boks, Zorxana, Karate, Taekvondo, Ağır atletika) Bakıda yerləşən 16 müasir yarış meydanlarında təmsil edəcəklər.
Azərbaycanın paytaxtı Bakı şəhəri 2013-cü ilin iyulunda Ciddədə İslam Həmrəyliyi İdman Federasiyasının (ISSF) Baş Assambleyasında Oyunların ev sahibliyinə layiq görülüb.
VOİCEPRESS.AZ