Həmyerlimiz Fərhad Səmədov Rusiyanın Başqırdıstan Respublikası Prezidentinin fərmanı ilə Baş nazirin müavini təyin olunub. Soydaşımız Başqırdıstan Respublikasında sənaye, innovasiya proseslərinə, İT – texnologiyalara nəzarət edəcək.
VOİCEPRESS xəbər verir ki, bu barədə trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Fərhad Astan oğlu Səmədov 1959-cu ildə Gürcüstanın Qardabani şəhərində anadan olub. Moskvada Mühəndis-İnşaat İnstitutunu bitirib. Texnika elmləri namizədidir. Əmək fəaliyyətinə 1982-cı ildə Azərbaycanda başlayıb, mühəndis və böyük mühəndis vəzifələrində çalışıb.
1994-1998-ci illərdə “Eksimer” Elm-istehsalat müəssisəsinin baş direktorunun müavini olub. 2000-ci illərin əvvəllərindən başlayaraq 2009-cu ilə qədər Başqırdıstanın iri müəssisələri olan “Kaustik” QSC-yə, “Soda” ASC-yə rəhbərlik edib.
Rusiya Federasiyasının fəxri kimyaçısı olan F.Səmədov Baş nazirin müavini təyin edilənə qədər “Birləşmiş neftkimya şirkəti”nin prezidenti olub.
VOİCEPRESS.AZ