– Səyavuş müəllim, öncə dəyərli vaxtınızı ayıraraq bizə müsahibə verdiyinizə görə minnətdarlığımızı bildiririk. Artıq 2016-cı illə vidalaşaraq yeni ilə qədəm qoymuşuq. Ötən il Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən dini radikalizmlə mübarizə sahəsində hansı işlər görüldü? Ümumiyyətlə, dini radikalizmə qarşı mübarizəni gələcəkdə hansı metodlarla aparmağı düşünürsünüz?
– Mən də öz növbəmdə sizə təşəkkürümü bildirirəm. Əvvəla, qeyd edim ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin ötənilki fəaliyyətinə nəzər saldıqda, ümumilikdə uğurlu bir il olduğunu görürük. Ölkədə vicdan azadlığının təmin edilməsi, tarixən formalaşmış tolerantlıq, multikulturalizm mühitinin qorunub saxlanılması, dinlərarası və məzhəblərarası dialoq üçün əlverişli zəmin yaradılması, habelə zəngin maddi-mənəvi irsimizin mühafizə olunması istiqaməti üzrə fəaliyyət davam etdirilib. Bununla yanaşı, dini ekstremizm və radikalizmlə mübarizə sahəsində də geniş tədbirlər həyata keçirilib. Qeyd edim ki, dini radikalizmlə mübarizə sahəsində prioritetlərimiz əsasən üç istiqamət – ideoloji, inzibati və iqtisadi dayaqların neytrallaşdırılması üzrə müəyyənləşdirilib və icrası sistemli formada həyata keçirilib.
Biz o qənaətdəyik ki, dini radikal elementlərə qarşı mübarizədə əsas faktor real alternativ ənənəvi dini təbliğatın aparılmasının gücləndirilməsidir. Apardığımız müşahidələr göstərir ki, radikal, o cümlədən qeyri-ənənəvi təriqətlərin təbliğatı bir çox hallarda ölkədəki milli-mənəvi dəyərlərlə ziddiyyət təşkil etdiyi üçün cəmiyyətdə ciddi narahatlıq doğurur. Bildiyiniz kimi, qeyri-ənənəvi cərəyanlar özlərinə tərəf əsasən gəncləri çəkməyə “müvəffəq olurlar”. Bunun bir səbəbi onların dünyagörüşünün, dini savadının kifayət qədər olmamasıdırsa, digər səbəbi Qafqaz Müsəlmanları İdarəsi tərəfindən attestasiyadan keçməyən bəzi “mollalar”ın dini düzgün təqdim etməməsidir.
Xüsusilə qeyd edim ki, problemlə mübarizədə yüksək ixtisaslı kadrların hazırlanması ilə məşğul olan tədris müəssisələrinin milli-ideoloji faktorlara söykənən parametrlər əsasında formalaşdırılması vacibdir. Ona görə də din xadimləri arasında vətənpərvərliyin artırılmasına xüsusi önəm verilməlidir. Biz bunu azərbaycançılıq ideologiyası bazasında formalaşdırmağa çalışırıq. Hazırda bu istiqamətdə fəaliyyət göstərən Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsində və Bakı İslam Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi, əhatəli və dərin məzmunlu dərs vəsaitlərinin hazırlanması, tələbələrə vətənpərvərlik ruhunun aşılanması və s. amillərə xüsusi önəm verilir.
Azərbaycanda Dini Araşdırmalar Mərkəzinin yaradılması yaxşı nəticələr verə bilər
Hesab edirik ki, əsas məsələlərdən biri yüksək ixtisaslı dinşünaslar, ilahiyyatçılar, eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının ixtisaslı kadrlarını cəlb etməklə Dini Araşdırmalar Mərkəzinin yaradılması və həmin mərkəzdə aparılan araşdırmalar vasitəsilə radikal cərəyanların dini-ideoloji əsaslarının elmi tənqidinə yönələn fəaliyyət bu sahədə yaxşı nəticələr verə bilər. Eləcə də dini mühitə yönəlmiş xarici təsirlərin, milli maraqlara zidd dini baxışların yayılmasının qarşısının alınması məqsədilə vahid ideoloji xəttin mərhələli şəkildə formalaşdırılmasında mövcud imkanlardan məqsədyönlü istifadə edilməsi, xüsusilə koordinasiyalı fəaliyyətin gücləndirilməsi vacib məsələlərdəndir. Qeyd olunan faktlara əsasən deyə bilərik ki, hazırda ölkəmizdə islamşünaslıq elmi yenidən təşəkkül tapmağa başlayıb.
Bu baxımdan milli mənafelərə əsaslanan, ölkədə tarixən mövcud olmuş ənənəvi məzhəblərin birliyini, “İslam vəhdəti” dini-ideoloji xəttini özündə ehtiva edən dövlət-din münasibətləri konsepsiyasının və onun tətbiqi mexanizmlərinin hazırlanması dini radikalizmlə mübarizədə ideoloji xəttin əsas sütununu təşkil etməlidir.
– Ölkəyə il ərzində idxal olunmasına cəhd edilən dini ədəbiyyatların sayında artım müşahidə olunubmu? Ümumiyyətlə, bu istiqamətdə Dövlət Komitəsi tərəfindən hansı qabaqlayıcı tədbirlər görülür?
– Aparılan ümumi müşahidə və təhlillərə əsasən, dini radikalizmin yayılmasına təkan verən əsas amillərdən biri də xarici müəlliflərə məxsus dini-ideoloji ədəbiyyatların üstünlük təşkil etməsidir. Sizə bir faktı deyim ki, Dövlət Komitəsində 2016-cı ildə 1451 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 55 adda kitabın ölkəyə idxalına razılıq verilməyib. Ölkədə çap olunmaq məqsədilə 240 adda dini ədəbiyyat ekspertizadan keçirilib, onların üçündə dini dözümsüzlüyü təbliğ edən fikirlər aşkarlandığından çapı məqsədəuyğun sayılmayıb. Təsadüfi deyil ki, ölkəyə gətirilən, yaxud ölkə ərazisində çap olunmuş dini ədəbiyyatın əksəriyyəti xarici qaynaqlara söykənir.
Ənənəvi dini baxışları təbliğ edən ədəbiyyatların hazırlanmasına xüsusi diqqət ayrılmalıdır
Bununla əlaqədar dini ədəbiyyat sahəsində xarici ədəbiyyatın milli müəlliflərimizin ortaya qoyacağı məhsullarla əvəz edilməsi dövlətin din sahəsində ideoloji işinin əsas prioritetlərindən birinə çevrilməlidir. Bu isə öz növbəsində, daha bir sahədə savadlı dini kadrlara ehtiyacı ortaya qoyur.
Biz, eyni zamanda hesab edirik ki, dindar kontingentə xarici təsirlərin qarşısını almaq və bu sahədəki ideoloji boşluğu doldurmaq məqsədilə ənənəvi dini baxışları özündə ehtiva edən müxtəlif məzhəblər üzrə şəriət məsələlərinin izahından ibarət, həmrəyliyi və vəhdəti təbliğ edən müvafiq ədəbiyyatların hazırlanıb yayılmasına xüsusi diqqət ayrılmalıdır.
Dövlət Komitəsi dini radikalizmi və onun fəsadlarını, həmçinin qeyri-ənənəvi dini cərəyanların mənfi təzahürlərini ifşa edən dini ədəbiyyatlar nəşr edərək, onların respublikanın bütün bölgələrində yayılması istiqamətində də xeyli işlər görüb. Hazırda yeni ədəbiyyatların hazırlanması istiqamətində fəaliyyət davam etdirilir.
Eləcə də milli-mənəvi dəyərlərimizin təbliği, sağlam dini maarifçilik işinin aparılması, dini radikalizmin qarşısının alınması məqsədilə televiziya kanallarında dini maarifçi proqramların açılması xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan “İctimai” televiziyada yayımlanan və müəllif proqramımız olan “Din və cəmiyyət” verilişi, o cümlədən “Space TV”dəki “İnam” verilişi milli-mənəvi dəyərlərimizin təbliği və əhaliyə sağlam dini bilgilərin verilməsi sahəsində uğurla fəaliyyət göstərir.
– Səyavuş müəllim, bildiyimiz kimi, hazırda ən effektiv təbliğat vasitəsi sosial şəbəkələrdir. Dini radikal qrupların bu yolla əhatə dairələrini genişləndirdiyi də məlumdur. Bu cür halların qarşısını almaq necə, mümkündürmü?
– Toxunduğunuz mövzu həqiqətən də narahatedici məqamlardan biridir. Bizi də radikal cərəyan mənsublarının internet saytları vasitəsilə geniş təbliğat aparmağa üstünlük verməsi, sosial şəbəkələrdə çoxlu səhifə və qrupların yaradılmasını həyata keçirmələri narahat edir. Bu saytlar vasitəsilə onlar audio və video linklər vasitəsilə dərslər dinləyir, elektron kitablar yükləyir, bir sözlə, radikalizmə zəmin yaradan etiqad məsələləri barədə məlumatlar əldə edirlər. Bundan əlavə, “facebook” sosial şəbəkəsində, həmçinin “WhatsApp” mobil əlavəsində radikal cərəyanlara məxsus səhifə və qruplarda da intensiv təbliğat aparılmağa cəhdlər var.
Alternativ saytların yaradılması vacibdir
Düşünürük ki, radikal qruplara məxsus internet saytların fəaliyyətinin neytrallaşdırılması və dayandırılması ilə bağlı zəruri tədbirlərin görülməsi, gələcəkdə belə saytların yaradılmasının qarşısının alınması istiqamətində innovativ texnoloji imkanlardan maksimum istifadə edilməlidir. Radikalların internet səhifələrində və sosial şəbəkələrdə fəaliyyətlərinin təsirini azaltmaq və ifşa etmək üçün ənənəvi İslam dəyərlərini təbliğ edən saytların, sosial şəbəkələrdə səhifə və qrupların yaradılması da vacibdir. Bu baxımdan hesab edirik ki, KİV-də və sosial şəbəkələrdə dini radikalizmin doğurduğu təhlükələr və bu təhdidlərə qarşı mübarizənin zəruriliyi barədə ictimai rəyin formalaşdırılması məqsədilə müzakirələrin təşkil edilməsinə geniş diqqət ayrılmalıdır.
Digər tərəfdən, vizual baxışın təsir effektivliyinin daha çox olduğunu nəzərə alaraq, problemlə mübarizəyə həsr olunmuş, konkret mövzuları əhatə edən təbliğat mahiyyətli filmlərin çəkilişi daha intensiv həyata keçirilməli və kəmiyyət baxımından bunun sayı artırılmalıdır. Bu baxımdan dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin ictimaiyyətə təqdim edilməsinin maarifləndirmə istiqamətində əhəmiyyətini xüsusi vurğulamaq istərdim. Eyni zamanda, filmə olan marağı nəzərə alaraq, Dövlət Komitəsi tərəfindən onun respublikanın bütün şəhər və rayonlarında, ali və orta təhsil müəssisələrində kütləvi nümayişi davam etdirilməkdədir.
Sadalanan məqamların icrası baxımından ötən dövrdə xeyli işlər görülüb və real nəticələr artıq görünür. Xüsusilə “İslam vəhdəti” ideoloji xəttinin əsas elementlərindən olan milli-dini geyim formasının yaradılması və tətbiqi, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyənləşdirilmiş vahid dini təqvimin qəbulu və icrası xüsusi qeyd olunmalıdır.
Vahid dini ideoloji birliyi simvolizə edən “Heydər” məscidində qılınan vəhdət namazının arealının getdikcə böyüməsi və bölgələrdə də təşəkkül tapması radikalizmlə mübarizədə öz təsirini göstərməkdədir.
– Dini radikalizmə qarşı apardığınız maarifləndirmə tədbirlərinin effektivliyini artırmaq məqsədilə hansı tədbirlər həyata keçirmisiniz?
Maarifləndirmə istiqamətində yerlərdə icra və hüquq-mühafizə orqanları ilə koordinasiyalı fəaliyyət gücləndirilib
Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ötən müddətdə dini mühitdə cərəyan edən neqativ tendensiyaların qarşısının alınması, radikalizmlə mübarizənin effektivliyinin artırılması, qarşılıqlı əlaqələrin və koordinasiyalı fəaliyyətin gücləndirilməsi məqsədilə yerli icra strukturları və hüquq-mühafizə orqanları ilə işçi görüşlər təşkil edilərək məlumat mübadiləsi aparılıb. Həmçinin mütəmadi olaraq Komitə rəhbərliyi və əməkdaşlarının iştirakı ilə dini icmaların üzvləri cəlb edilməklə silsilə maarifləndirici tədbirlər həyata keçirilib.
Dövlət Komitəsi, həmçinin ötən ildə Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və yerli icra hakimiyyətləri ilə birgə “Dini ekstremizmə qarşı mübarizəyə dair Tədbirlər Planı” çərçivəsində respublikanın 62 şəhər və rayonunun icra hakimiyyətlərinin, hüquq-mühafizə orqanlarının rəhbər işçilərinin, din xadimlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Şəki, Abşeron, Xaçmaz, Ağcabədi, Gəncə, Şirvan, Şamaxı, Masallı, eləcə də Bakı şəhərinin müxtəlif rayonlarında regional müşavirələr keçirib. Ümumiyyətlə, bu sahədə maarifləndirmə aidiyyəti dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində qurulub. Təbii ki, cari ildə də bu qəbildən olan tədbirlər davam etdiriləcək.
VOİCEPRESS.AZ