Ermənistan baş naziri Karen Karapetyanın yanvarın 24-də Moskvaya planlaşdırılan səfəri erməni mətbuatında ciddi səs-küy doğurub.
VOİCEPRESS-in məlumatına görə, erməni ekspertlər düşünürlər ki, Karen Karapetyanı Moskvaya dəvət emiş Rusiya lideri Vladimir Putin onun mövqelərini möhkəmləndirərək Ermənistanın gələcək liderinə çevirmək istəyir. “Haykakan jamanak” qəzeti məsələyə həsr etdiyi məqaləsində qeyd edib ki, səfər çərçivəsində Ermənistana 300 milyon dollar Rusiya sərmayəsi yatırılması barədə anlaşma əldə ediləcək. Bu, 2016-cı ildə Ermənistan iqtisadiyyatına yatırılmış sərmayədən 2 dəfə çoxdur.
“Bizim mənbələrin məlumatlarına görə, bu siyasi qərar Rusiyanın yüksək rəhbərliyi tərəfindən Karen Karapetyanın hökumətinə yardım məqsədi ilə qəbul edilib. Bu dəstək Ermənistanın hakimiyyət vertikalında və ictimaiyyətin gözündə Karen Karapetyanın mövqelərini möhkəmləndirməyə xidmət edir. Qeyd edək ki, 300 mln. dollar bizim iqtisadiyyat üçün elə də böyük məbləğ deyil. Amma nəzərə almaq lazımdır ki, 2016-cı ildə ölkəyə xarici sərmayə axını bunun yarısı qədər belə olmadı. Buna görə də cürətlə demək olar ki, Moskvanın dəstəyi yetərincə “gözəçarpan” olacaq və müəyyən məqsəd daşıyacaq”,- deyə “Haykakan jamanak” vurğulayıb.
Beləliklə, aprelin 2-də keçiriləcək parlament seçkilərində Serj Sarkisyanın indiki müdafiə naziri Viqen Sarkisyanı irəli sürərək müvəqqəti olaraq baş nazir kürsüsünə oturtmaq istəyi baş tutmaya bilər. Məsələ bundadır ki, apreldən Ermənistan parlament respublikasına çevrilir və icra hakimiyyəti baş nazirə veriləcək, prezident isə məhdud səlahiyyətlərə malik arxa plan məmuruna çevriləcək.
“Jamanak”ın daha öncə yazdığına görə, parlament seçkilərində hakim Respublika Partiyasının proporsional siyahısına indiki müdafiə naziri Viqen Sarkisyan rəhbərlik edəcək. Bununla da Viqen Sarkisyan parlament üsul-idarəsinin ilk baş naziri olacaq. “Jamanak”ın yazdığına görə, Viqen Sarkisyanın baş nazirliyi cəmi 1 il çəkəcək. Daha sonra hakim Respublika Partiyası müxtəlif mitinqlər, nümayişlər keçirərək Serj Sarkisyanın ölkənin başına keçməsinə yalvaracaq. Nəticədə, 9 aprel 2018-ci il tarixdə Viqen Sarkisyan istefa verəcək və prezidentlik müddəti başa çatmış Serj Sarkisyan baş nazir kürsüsünə oturacaq.
Amma belə görünür ki, Moskva Sarksiyanın bu planlarını alt-üst edəcək. Hər halda, Putin Karen Karapetyanı “Qazprom”dakı fəaliyyətindən tanıyır və onun Rusiya üçün yetərincə əlverişli olduğuna inanır. Bu isə Serj Sarkisyanın siyasi səhnəni bir dəfəlik tərk etməsi deməkdir.
Amma belə görünür ki, Serj Sarksiyan səhnəni sakit tərk etmək istəmir. “İrates” qəzetinin yazdığına görə, artıq Ermənistanın bir çox KİV-lərində Karen Karapetyana qarşı ciddi hücumlar başlayıb. Yəni İrəvanda yeni münaqişə başlayıb.
VOİCEPRESS.AZ