Azərbaycan XİN “Şən və hazırcavablar klubu”nun (“KVN”) Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinə etiraz bəyanatı yayıb.
“”Şən və hazırcavablar klubu”nun (“KVN”) Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfümüzü və narazılığımızı ifadə edirik”.
VOİCEPRESS xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.
XİN-nin bəyanatında qeyd edilir ki, Azərbaycan ictimaiyyəti, ölkəmizin çoxsaylı “KVN” sevərləri və “KVN” həvəskarları “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci “KVN” festivalına dəvətini təxribatçı və qərəzli addım kimi qiymətləndirərək buna kəskin etiraz edirlər:
“Azərbaycan Respublikası daim “KVN” hərəkatının ruhunu, məqsədlərini, insanlar və xalqlar arasında sülhü və dostluğu təşviq edən məramlarını dəstəkləyib. Ölkəmizin “KVN” komandaları ənənəvi olaraq “KVN” yarışları və festivallarında fəal iştirak edib və bu hərəkatın inkişafına öz töhfələrini veriblər. Azərbaycan “KVN” komandasının əldə etdiyi son nailiyyətlər də bunun bariz göstəricisidir.
Lakin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” komandalarının 28-ci Beynəlxalq “KVN” festivalına dəvəti mədəniyyətin və “KVN”in siyasiləşdirilməsi məqsədi daşıyaraq, “KVN” hərəkatının məqsəd və məramları ilə bir araya sığmır, Azərbaycan və Rusiya arasındakı strateji tərəfdaşlıq əlaqələrinin ruhuna ziddir.
“КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi 28-ci Beynəlxalq “KVN” festivalında “С хлебом и солью” və “DeleYaman” komandalarının iştirakına şərait yaratmaqla Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin pozulmasını dəstəkləyən qeyri-dost hərəkət nümayiş etdirir, Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı, işğal olunmuş ərazilərdə törətdiyi qanlı etnik təmizləmə nəticəsində yaradılmış qondarma rejimin, separatizmin təbliğinə və təşviqinə xidmət edir. Tədbirin təşkilatçılarına məlumdur ki, separatizmdən qaynaqlanan Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin 20 faizi işğal olunub və bir milyondan artıq insan öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkün vəziyyətinə düşmək məcburiyyətində qalıb”.
Sonda XİN “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin separatizmin təbliğini qarşısına məqsəd qoyan və “KVN”in xalqlar arasında dostluğu, əmin-amanlığı və sülhü təşviq edən məramlarının ruhuna xələl gətirən belə təxribatçı komandaların iştirakına yol verməyəcəyinə ümid etdiyini vurğulayıb.
VOİCEPRESS.AZ