Qızını görmədən şəhid olan hərbçimiz

16 Yanvar, 11:57

Ötən gün Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən, ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.

Şəhid doğulduğu Astara rayonunun Şahağacı kənd qəbiristanlığında yayılım atəşi ilə son mənzilə yola salınıb.

VOİCEPRESS xəbər verir ki, Astaranın Şahağacı kəndinin bələdiyyə sədri Elkin Əsədullayev bildirib ki, şəhid Fikrət Bəşirovun 5 gün öncə qız övladı dünyaya gəlib. Onun sözlərinə görə, şəhid ilk övladını görmədən dünyasını dəyişib.

“Fikrət kəndimizin fəxridir. Bütün Azərbaycan onunla qürur duyur. O, torpaqlarımızın bütövlüyü uğurunda canını qurban verdi. Şəhidimizin yas mərasimində Astara İcra Hakimiyyətinin rəsmiləri başda olmaqla, bütün kənd sakinləri iştirak edib. İcra hakimiyyəti və kənd bələdiyyəsi olaraq biz də yas mərasimin təşkili ilə bağlı ailəyə ələmizdən gələn köməkliyi edirik. Fikrət çox mərd oğlan idi. O, hamının hörmətini qazanmışdı.

Ötən ilin aprel ayında ailə həyatı qurmuşdu. Şəhid olmamışdan beş gün öncə onun ilk övladı dünyaya gəlib. Fikrət hərbi xidmətini yerinə yetirən zaman atası ona zəng edib, qızının olduğunu deyib. Fikrət sevindiyindən telefonda ağlayıb. O, bütün dostlarına ata olduğunu deyib. Ailəsinə bildirib ki, qızını görmək üçün məzuniyyət götürüb, kəndə gələcək. Fikrətin anası tez dünyasını dəyişib. O, anasına çox bağlı idi. Atası ilə telefonda məsləhətləşib və qızına anasının adını Hacıxanım adını qoyub. Qismət elə gətirdi ki, Fikrət yeni doğulmuş övladının üzünü görmədən dünyadan köçdü”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here