QHT sahəsində qəbul edilən son qərarlar çox böyük dönüş yaradacaq

15 Yanvar, 16:44

Nazirlər Kabinetinin “Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası”nda dəyişikliklər edilməsi barədə verdiyi qərar Azərbaycanın vətəndaş cəmiyyətinə yeni nəfəs gətirəcək.

VOİCEPRESS xəbər verir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondundan AZƏRTAC-a verilən məlumata görə, bu sözləri Nazirlər Kabinetinin yanvarın 12-də qəbul etdiyi qərarı şərh edən Fondun sədri Umud Mirzəyev bildirib.

U.Mirzəyev deyib ki, Azərbaycanda demokratiyanın mühüm qollarından olan QHT sektorunun inkişafı ilə bağlı proseslər son günlər xüsusi gündəm kəsb edir və bu istiqamətdə müzakirə olunan əsas mövzu da sözsüz QHT-lərə xarici donorların qrant verilməsidir. Prezident İlham Əliyevin bir müddət əvvəl bu sahədə imzaladığı Fərmana əsasən, xarici donorların Azərbaycan QHT-lərinə qrant verməsində yeni “bir pəncərə” prinsipinin tətbiq olunması artıq ciddi səmərə verməyə başlayıb. Fərmanla 2017-ci il yanvarın 1-dən xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipi tətbiq edilib və vətəndaş cəmiyyəti təmsilçiləri bu prosesdən çox razıdırlar. Müsbət haldır ki, Azərbaycanda qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyin əldə edilməsi prosedurunun sadələşdirilməsi, o cümlədən onun həm xarici donor, həm də resipiyentin müraciəti əsasında həyata keçirilməsinin təmin edilməsi üçün tədbirlər görülür.

“Mən şəxsən bunu QHT-lərin qaldırdıqları problemlərin həllinə dövlətin adekvat reaksiyası kimi qiymətləndirirəm”, deyə Umud Mirzəyev qeyd edib. BAMF sədri vurğulayıb ki, Azərbaycanda vətəndaş cəmiyyətinin formalaşmasında QHT-lərin rolu çox böyükdür. Azərbaycanda QHT-lərin bu rolu hər zaman ölkə rəhbərliyi tərəfindən qeyd edilib və bu sahəyə dəstək göstərilib. İndiyə qədər xarici donorların fəaliyyətində, ölkəyə gələn qrantların təyinatında bir pərakəndəlik var idi. Düşünürəm ki, iki il həyata keçirilən tədbirlər də bu istiqamətdə islahatlara yönəlmişdi.

“Ümid edirəm ki, “bir pəncərə” QHT-lərin əsas problemlərini əhəmiyyətli dərəcədə aradan qaldıracaq. QHT olsun, vətəndaş cəmiyyətinin digər institutları olsun, bu sahədə fəaliyyət göstərən hər bir kəsin işində şəffaflıq olmalıdır. Cənab Prezidentin Fərmanı, o cümlədən Nazirlər Kabinetinin qəbul etdiyi son qərar fikrimcə, ortada olan boşluqları aradan qaldıracaq. Bu, həm də indi Azərbaycan vətəndaş cəmiyyəti ilə hökumət arasında olan dialoqun və əməkdaşlığın ən əhəmiyyətli təzahürünə çevrilib”, – deyə U.Mirzəyev əlavə edib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here