Millət vəkili Qənirə Paşayeva Tovuzda uşaqlar üçün “Kitab Günü” təşkil edib.
VOİCEPRESS xəbər verir ki, Tovuz məktəblərinin kitabxanalarına təkcə çoxlu sayda Azərbaycan ədəbiyyatı, tarixi, Qarabağ həqiqətləri, yazarlarımızın kitablarını, türk xalqları ilə bağlı çoxlu sayda kitablar hədiyyə etdiyini deyən millət vəkili Qənirə Paşayeva uşaqları onlardan istifadə etməyə çağırıb. Millət vəkili Qənirə Paşayeva gənclər arasında kitaba,elmə meyilliyin artmasının vacibliyi istiqamətində də onlarla söhbət edib və sualları cavablandırıb. Millət vəkili onları təhsillərinə böyük önəm verməyə, zamanlarını mənasız işlərə və ya verilişlərə ayırmamağa çağırıb. Millət vəkili görüş zamanı təhsilində fərqlənən gənclərlə xüsusi müzakirələr apararaq onlara tövsiyyə və məsləhətlərini də verib. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir.
Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!” Millət vəkili Qənirə Paşayeva valideynləri və müəllimləri də gənclərin kitab oxumasına meylliyinin artması istiqamətində fəal olmağa çağırıb: “Bir millətin inkişafı və gələcəyi onun gənc nəsillərinin elmə, biliyə, ən əsası oxumağa olan istək və meylindən çox asılıdır. Ona görə də biz gənclərimiz arasında kitab oxumağa maraq və meylin artması istiqamətində daha çox işlər və layihələr həyata keçirməliyik,”, – millət vəkili Qənirə Paşayeva deyib. Tədbirdə iştirak etmiş müəllimlər və digər tədbir iştirakçıları da uşaqların və gənclərin kitaba meyllənməsinin və marağının artmasında bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıblar. Millət vəkili Q.Paşayeva uşaqları maraqlandıran sualları da cavablandırıb.
VOİCEPRESS.AZ