Millət vəkili Qənirə Paşayeva Qovlarda sakinlərlə görüşərək onların müraciətlərini dinləyib və həlli istiqamətində müvafiq qurumlara müraciət edərək müzakirələr aparıb.
VOİCEPRESS-in məlumatına görə, sakinlər daha çox övladlarına iş tapmağa köməklik göstərilməsi, mənzil problemləri, xəstəliklərin müalicəsinə, ünvanlı sosial yardım və xəstəliyə görə əlillik pensiyası almaq istiqamətində dəstək göstərilməsi ilə bağlı müraciət ediblər.
Q.Paşayeva müraciət edən xəstələrin müalicə və əməliyyatı üçün Səhiyyə Nazirliyi ilə əlaqə saxlayaraq Bakıda və ya Rayon Mərkəzi Xəstəxanasında yerləşdirilməsini təşkil edib.
Millət vəkili fiziki imkanları məhdud insanların müraciətləri ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və onun rayondakı nümayəndələri ilə onların öz həllini tapması üçün müzakirələr aparıb.
Millət vəkili bundan başqa, təhsil, elektrik və su təminatı sahəsi ilə bağlı problemlərin həlli istiqamətində də müvafiq qurumlarla danışıb və müzakirələr aparıb.
Millət vəkili kəndlərdə bir sıra şəhid ailələri və müharibə əlilləri ilə də görüşüb və onların qayğıları ilə maraqlanıb və həlli istiqamətində çalışacağını bildirib.
VOİCEPRESS.AZ