Yanvarın 30-da Təhsil Nazirliyində növbədənkənar kollegiya iclası keçirilib.
Nazirlikdən VOİCEPRESS-ə verilən məlumata görə, kollegiyada Qafqaz Universitetinin ləğvetmə komissiyasının təqdim etdiyi təkliflər əsasında tələbə kontingentinin digər universitetlərdə yerləşdirilməsi məsələsi müzakirə olunub.
Müzakirələr nəticəsində irəli sürülmüş bir neçə təklif arasında qış imtahan sessiyasından sonra bütün tələbələrin bir universitetdə – Prezident İlham Əliyevin 2016-cı il 8 noyabr tarixli sərəncamı ilə dövlət universiteti statusunda yaradılmış Bakı Mühəndislik Universitetində öz ixtisasları üzrə yerləşdirilməsi variantı qəbul edilib.
Qərarda, həmçinin tələbələrin təhsil aldıqları tədris dilinin saxlanılması da vurğulanır.
Sözügedən təklifin qəbul olunması zamanı Qafqaz Universitetinin təsisçisi – Azərbaycan Beynəlxalq Təhsil Kompleksinin Azərbaycan Hökumətinə və Təhsil Nazirliyinə universitetin ləğvindən sonra qalan tədris kompleksinin bütün əmlakının dövlət nəfinə qəbul edilməsi və onun təhsil məqsədləri üçün istifadə olunması barədə müraciəti nəzərə alınıb.
Bundan başqa, Təhsil Nazirliyinin Kollegiyasının qəbul etdiyi qərarda digər ali təhsil müəssisələrində təhsillərini davam etdirmək istəyən tələbələrin müraciətlərinə yay tətili zamanı baxılacağı da qeyd olunur.
VOİCEPRESS.AZ