2016-cı ildə Bakı şəhər prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib.
VOİCEPRESS xəbər verir ki, Bakı şəhər prokurorluğundan trend-ə verilən məlumata görə, bu barədə yanvarın 13-də Bakı şəhər prokurorluğunda mərkəzi aparatın və ərazi rayon (şəhər) prokurorluqları işçilərinin iştirakı ilə keçirilən 2016-cı ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində bildirilib.
Qeyd olunub ki, il ərzində prokurorluqda 578, daxili işlər orqanlarında isə 4903 cinayət işinin istintaqı tamamlanıb.
Həmçinin paytaxtın prokurorluq və daxili işlər orqanlarının birgə hayata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilmiş bir çox cinayətlərin, o cümlədən, qəsdən adam öldürmə, qəsdən adam öldürməyə cəhd cinayətlərinin, quldurluq, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib, həmçinin həmin kateqoriyadan olan cinayətlərin, ağır və xüsusilə ağır cinayətlərin sayında azalma müşahidə olunub.
Belə ki, Nərimanov rayonunda Janna və oğlu Aleksandr Məhərrəmovların, Nəsimi rayonunda Məryəm Named-zadənin, Yasamal rayonunda Kamran Mahmudovun qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri, o cümlədən ötən illərdən itkin düşmüş Elnur Hümbətovun Xəzər rayonunda qəsdən öldürülməsi cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.
VOİCEPRESS.AZ