VOİCEPRESS xəəbər verir ki, bu barədə milli.az-a “Bakı Metropoliteni” QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.
Onun sözlərinə görə, 1986-cı ildə istifadəyə verilmiş “İnşaatçılar” stansiyası keçən 30 il ərzində fasiləsiz olaraq sərnişinlərin istifadəsində olub. Bu illər ərzində stansiyanın I vestibülünün estetik görünüşü köhnəlib, mərmər üzlüklər sıradan çıxıb. Həmçinin, həmin stansiyada eyni tarixdən istismar olunan ET-5 tipli eskalatorların 30 illik istismar müddəti başa çatıb, yük daşıyan konstruksiyaları, hərəkət edən mexanizmləri texniki aşınmaya məruz qalıb:
“Yuxarıda qeyd olunanları nəzərə alaraq “İnşaatçılar” stansiyasının I vestibülü 3 ədəd eskalatorun yeniləri ilə əvəz olunması və aparılacaq təmir-bərpa işləri ilə əlaqədar olaraq sərnişinlərin giriş-çıxışı üçün bağlanmalıdır”.
Şöbə rəisi bildirib ki, stansiyanın II vestibülü 2016-cı ildə tam təmir olunub və istismar müddətini başa vurmuş eskalatorlar yeniləri ilə əvəz edilib. I vestibül də eyni görkəmdə təmir ediləcək, yeni quraşdırılacaq eskalatorların sayı isə 3 ədəd olacaq: “Qeyd edək ki, I vestibül bağlı olsa da, keçid piyadalar üçün açıq olacaq. Yəni, sakinlər keçiddən istifadə etməklə A.M.Şərifzadə küçəsini bir tərəfdən digər tərəfə keçməkdə hər hansı problemlə üzləşməyəcəklər. “Bakı Metropoliteni” QSC yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir”.
VOİCEPRESS.AZ