“Bu ilin birinci yarısında mənzil bazarında qiymət azalmalarının davam edəcəyi gözlənilir”.
VOİCEPRESS xəbər verir ki, bu sözləri BakiPost.az-a iqtisadçı ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, xüsusən də son 2 ildə ciddi qiymət azalmaları müşahidə edilir: “Alıcılıq qabiliyyəti aşağı düşüb. Bu da bazarda tələbin azalmasına səbəb olub. Rusiyada yaşayan həmyerlilərimiz də artıq Bakının mənzil bazarında tələb yaratmırlar. Digər tərəfdən isə, manatın bazar dəyəri müəyyənləşdirilmədiyi üçün potensial alıcılar da öz pullarını dollarda saxlamağa üstünlük verirlər. Evi satanlar isə daha qısa zamanda mənzili satıb pulu xarici valyutaya çevirməyə üstünlük verdikləri üçün bazarda təklif də azalmır. Bu isə mənzil bazarında tələb və təklif arasında kəskin fərq yaradır”.
Vüqar Bayramov bildirib ki, manatın bazar məzənnəsi müəyyənləşənədək əmlak bazarındakı durğunluq qalacaq: “Buna görə də, milli valyutanın bazar dəyəri müəyyənləşməzsə yaxın aylarda əmlak bazarında tələb dəyişməyəcək və bu isə yeni qiymət azalamları deməkdir. Hazırda mənzillərin qiymətinin artması üçün heç bir ciddi iqtisadi səbəb yoxdur”.
VOİCEPRESS.AZ