Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı çox vacibdir. Artıq bununla bağlı geniş müzakirələr gedir. Biz də dəqiqləşdirmələrimizi aparırıq.
VOİCEPRESS apa-ya istinadən məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov qeyd edib ki, aylıq sosial müavinətlərlə təmin olunacaq və olunmayacaq şəxslərin siyahısı dəqiqləşdirilir: “Nazirlər Kabinetinin qərarında bunlar detallı şəkildə əksini tapıb. Təbii ki, narazı olanlar da var. Narazılıqlar əsaslı olarsa, dərhal reaksiya veriləcək”, – o bildirib.
Xatırladaq ki, ölkə başçısının imzaladığı fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.
VOİCEPRESS.AZ