Əhməd Abbasbəyli: “ADU-da İctimai Nəzarət Şurasının normal fəaliyyəti üçün hər bir şərait yaradılıb”

17 Yanvar, 15:30

“İctimai Nəzarət Şurasının üzvləri olaraq daimi tələbələrlə ünsiyyətdəyik”

“İctimai Nəzarət Şurasının üzvləri olaraq daimi tələbələrlə ünsiyyətdəyik”

Hazırda Azərbaycanda mərkəzi və yerli icra hakimiyyəti, eləcə də yerli özünüidarəetmə orqanlarına ictimai nəzarətin olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdən biridir. 2014-cü ildə “İctimai iştirakçılıq haqqında” qanunun qüvvəyə minməsi bu fəaliyyəti daha da aktuallaşdırıb. Artıq “İctimai iştirakçılıq haqqında” qanunun qəbulundan sonra dövlət və yerli özünüidarəetmə orqanları yanında İctimai şuraların yaradılması məcburidir. Hətta əvvəllər əksər mərkəzi dövlət orqanlarının yanında yaradılan İctimai şuralar bu qanuna uyğunlaşdırılır. Bu məsələlərlə bağlı “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin İnkişafı” İctimai Birliyinin sədri, Azərbaycan Dillər Universitetində (ADU) İctimai Nəzarət Şurasının üzvü Əhməd Abbasbəyli ilə həmsöhbət olduq.

– Hazırda İctimai şuraların mərkəzi və yerli icra hakimiyyəti orqanlarında fəaliyyəti hansı səviyyədədir?

– Ölkədə şəffaflığın olması, hüquqi dövlətin qurulmasında ictimai nəzarətin böyük əhəmiyyəti var. Təbii ki, Azərbaycan yenidən müstəqilliyini əldə etdikdən sonra bu istiqamətdə addımlar atılıb. “İctimai iştirakçılıq haqqında” qanunun qüvvəyə minməsi bu istiqamətdə konkret işlərin görülməsini vacib edib. Bu qanunun qüvvəyə minməsindən təxminən iki il yarım vaxt keçib. Bugünə kimi mərkəzi icra hakimiyyəti orqanlarından Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasının, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şura yanında İctimai şuralara yaradılıb. Ədliyyə Nazirliyi yanında İctimai Komitənin fəaliyyəti isə bu qanuna uyğunlaşdırılıb. Həmçinin Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Dillər Universiteti (ADU), Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və s. universitetlərdə İctimai nəzarət şuraları fəaliyyət göstərir. Bu baxımdan yerli icra hakimiyyəti orqanlarına nəzər yetirsək, Bakı rayonları arasında ilk olaraq Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şura yaradılıb.

Lakin bəzi orqanlarda bu, sadəcə kampaniya xarakteri daşıyır. Yəni 5-10 nəfər yaxın ətrafdan ibarət bir şura yaradırlar. Lakin bu şuraların heç bir fəaliyyəti olmur. Biz vətəndaş cəmiyyəti olaraq İctimai şuraların fəaliyyəti ilə bağlı bir sıra maarifləndirici təlimlər keçirmişik. Amma hələ də İctimai şuraların mərkəzi və yerli icra hakimiyyəti orqanlarında fəaliyyəti ilə bağlı aktivlik müşahidə etmirik.

-Sizcə bunun səbəbi nədir?

– Qanun İctimai şuralara dövlət orqanlarının fəaliyyətində aşkarlığın və şəffaflığın təmin olunmasına nəzarət etmək imkanı da verir. Görünür, bu da hansısa nazirə, komitə sədrinə və ya icra başçısına sərf etmir. Ona görə də İctimai şuraların

yaradılmasında maraqlı deyillər. İctimai şuraların yaradılmasının gecikməsi maarifçiliyin aşağı olması ilə də bağlıdır.

– Siz həm də Azərbaycan Dillər Universitetində (ADU) İctimai Nəzarət Şurasının üzvüsüz. Bəs, orada İctimai Nəzarət Şurasının fəaliyyəti nə dərəcədə öz effektini göstərir?

– Öncə bildirim ki, ötən ilin dekabrında ADU-da 13 nəfərdən ibarət İctimai Nəzarət Şurası yaradılıb. Ali təhsil müəssisəsində ictimai iştirakçılığın daha da gücləndirilməsi, şəffaflığın artırılması, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin səmərəli təşkili məqsədilə yaradılan Şurada tanınmış qeyri-hökumət təşkilatları və media nümayəndələri, eləcə də təhsil ekspertləri təmsil olunur. Qeyd etdiyim ki, bir neçə universitetdə İctimai Nəzarət Şurası fəaliyyətə başlayıb. Amma ADU-da çox fərqli bir struktur, daimi fəaliyyət fəaliyyət göstərən şura yaradılıb. ADU-nun rəhbərliyi tərəfindən ən əlçatımlı yerdə bizə otaq ayrılıb. İctimai Nəzarət Şurasının üzvləri növbəli şəkildə hər gün orda olurlar. Yəni ADU-da İctimai Nəzarət Şurasının normal fəaliyyəti üçün hər bir şərait yaradılıb.

ADU rəhbərliyinin ayrıca keçirilən iclaslarında bizim iştirakımız təmin edilir. Bundan başqa, İctimai Nəzarət Şurasının üzvləri imtahan başlamamışdan əvvəl bütün otaqları gəzir və tələbələrlə görüşürlər. İmtahan başlayandan sonra isə şura üzvləri prosesi kənardan müşahidə edirlər. Onu da deyim ki, şura üzvlərinin hər birinin telefon nömrələri, e-mailləri ADU-nun saytında və elan bölməsində qeyd olunub. Hər bir tələbə istənilən narazılığını İctimai Nəzarət Şurasının üzvlərinə edə bilər və edir. Bununla yanaşı, ADU-nun hər korpusunda ayrıca şəffaf qutular qoyulub. Tələbələr öz irad və təkliflərini anonim şəkildə bura da atırlar. İmtahan vaxtı hər on gündən bir, tədris vaxtı isə bir aydan bir qutular açılır, yenidən möhürlənir.

-Maraqladır, tələbələrin əsas irad və təklifləri nə olur?

-Demək, həmin müraciətləri formal olaraq üç hissəyə bölmək olar. Bir hissə narazılıqlar, bir hissə razılıq, digər hissə isə təkliflərdir. Lakin bunların da bir çoxu ADU-nun səlahiyyətlərindən kənar təkliflərdir.

Biz bütün müraciətləri incələyirik. Həqiqətən müraciətlərin əksəriyyətində imtahan prosesinin gedişindən, universitetdəki dəyişikliklərdən razılıq ifadə olunur. Eyni zamanda nəzarətçilərin davranışından narazılıqlar var. Burada tələbələr tərəfindən konkret təkliflər verilib. Məsələn, bəzi tələbələr imtahanların test, bəziləri şifahi, bəziləri isə yazılı verilməsinin tərəfdarıdırlar. Biz ADU-nun rektoru vəzifəsini icra

edən professor Əfqan Abdullayevlə bu məsələləri müzakirə etdik. Bu təkliflərlə bağlı ADU-nun rəhbərliyi görüşüb hansının keçərli olub olmasını aydınlaşdırıblar.

-İctimai Nəzarət Şurasının üzvü olaraq tələbələrlə görüşünüz olurmu?

– Əvvəla, qeyd etdiyim kimi, biz özümüz auditoriyaları gəzirik. Həmçinin bizə ayrılmış otaqda təkcə tələbələrlə deyil, valideynlərlə də görüşürük. Hətta bəzən tələbələrlə ADU rəhbərliyinin iştirakı ilə görüşümüz olur. Eyni zamanda tələbələr bizə zənglər edib istəklərini bildirirlər. Yəni daimi olaraq tələbələrlə ünsiyyətdəyik. Bu qısa müddətdə artıq tələbələrin əksəriyyəti bizi tanıyır.

Onu da deyim ki, biz yalnız imtahan vaxtı fəaliyyət göstərmirik. İmtahanlardan sonra da növbəti sessiyalarda İctimai Nəzarət Şurasının üzvləri öz fəaliyyətini davam etdirəcək.

Fuad Hüseynzadə

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here