“Bu, dövlət başçısının İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir”

11 Yanvar, 17:09

2017-ci ilin “İslam Həmrəyliyi ili” elan edilməsi müasir dövrdə müstəqil siyasət aparmaq kimi çox çətin bir işin öhdəsindən öz zəngin və uzaqgörən siyasəti ilə gələn dövlət başçımızın İslam dininə, müsəlman dünyasına verdiyi yüksək dəyərin göstəricisidir.

VOİCEPRESS milli.az-a istinadən xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı bildirib.

Komitə sədrinin sözlərinə görə, sivilizasiyaların əsas mərkəzlərindən biri kimi tolerant və multikultural ənənələrə hər zaman sadiq olan respublikamız İslam dünyasında bu və ya digər problemlərin həllində özünəməxsus rola və nüfuza malikdir: “Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgəyaşayışı və həmrəyliyi istiqamətində ardıcıl siyasət yürüdür. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə Prezidentimizin birbaşa göstərişi ilə inşa olunmuş, Cənubi Qafqazın ən böyük məscidi olan Heydər məscidində vəhdət namazlarının qılınması İslam dünyasına bir mesajdır. Bununla Azərbaycan bütün dünyaya İslamda olan ayrı-ayrı məzhəblər arasındakı qarşıdurmaların aradan qaldırmasının örnəyini göstərir. Məhz bu baxımdan, möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan olunması olduqca əhəmiyyətli və zamanın çağırışlarına cavab verən mühüm bir addımdır”.

M.Qurbanlı qeyd edib ki, “Multikulturalizm İli” elan edilmiş 2016-cı ildə Azərbaycanın sahib olduğu tolerantlıq və multikulturalizm dəyərləri ölkəmizdə və onun hüdudlarından kənarda geniş miqyasda təbliğ edilərək nümunə göstərildi: “Əminəm ki, “İslam Həmrəyliyi İli” elan edilən 2017-ci il də ölkəmiz və bütün İslam dünyası üçün uğurlu illərdən biri olacaq, İslam mədəniyyətinin təbliği və təşviqi, ənənələrinin qorunması, İslam dininin olduğu kimi dünya ictimaiyyətinə çatdırılması və ən əsası İslamı gözdən salan dairələrin hərəkətlərinə qarşı arqumentlərin ortaya qoyulması istiqamətində verilən töhfələrlə yadda qalacaqdır”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here