Müdafiə Nazirliyi xatırladıb ki, erməni tərəfi bu cür təxribatları davam etdirərsə, düşmənə vurulacaq zərbə daha ağır və sərt olacaqdır.
Sabiq hərbi birlik komandiri, ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə tez-tez təxribat törətməsinə münasibət bildirib.
VOİCEPRESS xəbər verir ki, general-leytenant azvision.az-a açıqlamasında deyib ki, cəbhədə vəziyyət belə davam etsə, müharibə hər an başlaya bilər: “Ali baş komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan hər an hərbi yolla işğal altındakı torpaqlarını azad edə bilər.
Ermənilər cəbhədə vəziyyəti gərginləşdirsələr, sözsüz ki, Azərbaycan ordusu kəskin şəkildə onları susduracaq. Aprel döyüşləri onlar üçün xırda bir ərazi döyüşü kimi xatırlanacaq. Bu dəfə ermənilərə fəlakət səviyyəsində zərbə endiriləcək”.
Y.Aydəmirov qeyd edib ki, ermənilərin cəbhədə vəziyyəti gərginləşdirməsinin iki mühüm səbəbi var: “Birinci, onlar Azərbaycan ordusunun silahlanması ilə ayaqlaşa bilmirlər. Çünki Ermənistan müasir silahlar ala, müdafiə sənayesini təşkil edə bilmir. İkinci, cəbhədə vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədaxili problemlərdən, proseslərdən yayındırmaq istəyirlər. Onlar daxili auditoriyaya “mesaj” ötürürlər ki, guya Azərbaycan tərəfi sakit durmur. Ona görə də diqqət Qarabağa yönləndirilməlidir”.
General-leytenant bildirib ki, ermənilər hansı silah növü ilə təxribat törətməyə cəhd edirlərsə, onun 5-10 misli artığı ilə cavab verilir: “Bizdə olan silah növlərinin 60-70 faizi onlarda yoxdur. Çünki buna bizim maddi imkanlarımız çatır. Həmçinin Müdafiə Sənayesi Nazirliyimiz var. Ona görə də yardımla, qrantla, kreditlə ordu saxlamaq mümkün deyil”.
VOİCEPRESS.AZ