Ərayağı suyu – Vasif Ayanın hekayəsi

25 May, 15:04

Qəmbərli yollarla taxta fayton üzü yuxarı yol alırdı. Ağcaqayın, şam ağacları boy boyunca sıra ilə düzülmüşdü. Çulsuz, əyni- başı tökülən bədbəxt görünüşlü Həşim anlaşılmaz səslə əhalini nəyisə almağa dəvət edirdi. Qırmızı kərpicli, alçaq, birmərtəbəli evlərin aynabəndindən, bir əmmaməli ağsaqqal hay verərək dilləndi: “Kişi nə mənədir o satdığın?” Faytonçu tüklü üzünü qaşıyaraq: “Əmican, yeni istehsal olunan məhluldur.” Kişi bir şey başa düşmədiyi üçün faytonçu Həşim bir neçə dəfə eyni sözləri təkrarlamağa başladı. Mənzillərin pəncərələrindən boylanan evdar qadınları maraq götürdü. Onlar kişinin danışğından bir şey qanmayıb, satdığı məhlulun nə olduğunu dərk etməyə çalışırdılar. Qıvraq gəlin Mayisə, bulaq başında səhənglə aram-aram su daşıyan Bəyimxanıma işarə verdi ki, o, çulsuz faytonçunu hayladıb saxlasın, bacısı Humayı və əmidostusunu Zəriş xanımı da götürüb gəlib, arabadakı yun xalçaya bükülmüş sandıqçadakı şübhəli haqq-hesabın nə olduğunu faytonçudan öyrənsin. Elə də olur. Bəyimxanım səhəngi çiynindən yerə qoyub, kişini səslədi:

-A kişi bir dayan görüm? Baş alıf gedersən elə

Faytonçu yançağına tərdən yapışmış şalvarını dartışdıra-dartışdıra, əldən düşmüş, yorğun ata “hoşşşt, hoşşşt” elədi. Atın nalı narahat olsa da, birtəhər daşlıqda tozanaqlayıb dayandı. Uzun zamandı nalbəndə baş vurmağa vaxt tapa bilməyən faytonçu taqətdən düşmüş ata hər dəfə baxanda xəcalət çəkirdi. Nə isə, elə bir müharibə dövrünün qara kağızları bu mahala gəlib, hamı qapısından çıxıb çaşqın nəzərlərlə naxışlarla toxunmuş, yun xalçanın altındakı, sandıqçanın içindəki naməlum haqq-hesabla maraqlanırdı.

Silvester Stallonenin sevdiyi gövdəli, iri döşlü, yançaqlı qadın tiplərindən olan Mayisə başmağı ilə ətrafa səpələnən qoyun qığlarını əzərək kişilikdən nəsibini almayan, fağır, zəlil faytonçuya yaxınlaşdı. Onu altdan yuxarı babat süzdü:

-Adə, arabada nə daşıyırsan? Səsinin avazını nə yaymısan kəndə-kəsəyə? Dillən görək? Nə satırsan belə?

Faytoçu toxtax olmağa çalışdı, Mayisənin iri döşləri və vuran əlindən ehtiyyat edərək, udqundu və asta səslə:

-Bacım, “ayaqsuyu” deyə car çəkirdim. Qüsurum oldusa, rahatsız etdimsə, anam-atam sizə qurban, keçin günahımdan.

Bu dəfə Zəriş xanım dilləndi:

-Əşşi, moizə oxuma bizə. De görüm, ayaqsuyu nə deməkdi? Nə danışırsan e sən?

Faytonçu seyrək dişlərinin arasından ağzının şorbasını tökərək:

-Anam-bacım, durun, izah edirəm sizə. Hər şeyi başa salacam.

Xanımlar arabanı dövrəyə aldılar. Əmmaməli Hacı Rza kişi qapısının kandarından qadınların ehmalca güdür, onların yançaqlarını diqqətlə müşahidə edir. Xüsusən də Maisəyə quşu yamanca qonmuşdu. Ancaq bu dünyada bir Rza qala bir Mayisə, inanın ki, Mayisə kərtənkələyə, qurda-quşa tamah salardı, Hacı Rzaya heç kandarını da göstərməzdi.

Faytonçu aram-aram yun xalçanı yığışdırıb, sandıqçanı açmağa çalışdı. Mayisə ağzında jımıxı mal kimi gövşəyə-gövşəyə, kişini az qala dirigözlü udacaqdı. Arada: “ədə, əldən zirək ol görüm. Nədi, tuluğun boşdu, çörək zad yeməmisən? Bir az təpərli ol!” deyirdi.

Mayisənin qırımından əli-ayağına dolaşan kişi birtəhər saxsı qablardakı məhlulları bir-bir çıxarıb, yük yığılan taxta hissəyə tərəfə düzdü. Xanımlar pıçhapıçla dillənməyə başladı. Həşim piti qablarına bənzəyən saxsı qabların qapaqlığını bir-bir açıb, cibindən çıxartdığı əzik kağızı oxumağa çalışdı: “qubernator həzrətləri ərz edir ki …”. Hamı çaşqın halda: “Nəəəə? Nə qubernator a kişi, nə çərənləyirsən sən?” Faytonçu dodağını dişləyib, şapalaqla öz alına bərk ilişdirib: “Dönə-dönə üzr istəyirəm, xanımlar. Elementar səhv olub. Hətta deyərdim ki, texniki… Siyahını qarışdırmışam.” O, digər cibindən başqa kağız parçasını çıxarıb: “Hə, bu imiş” …

Zənənələr dörd gözlə yöndəmsiz faytonçunun ağzını güdməyə başladılar. Faytonçu ağzı köpüklənə-köpüklənə nitqini davam etdirdi: “Baxın, ərz edirəm ki, aparıcı Lalə Azərtaşın məlum çıxışından sonra, ölkə üzrə ayaq-suyu məhlulu sifari artmışdır. Ölkənin müxtəlif bölgələrindən, hətta Rusiyanın Omsk, Surqut, Rostov vilayətlərində yaşayan həmyerlilərimiz də bu dirilik suyundan, yəni ki,  “ərayağı” suyundan sifariş verirlər. Təbii ki, subay qızlar və dul qadınlar daha aktivdir bu məsələdə. Təlabatın kəllə-çarxda olmasını nəzərə alaraq, sadə Holland vətəndaşı Roben Van Der Artqoydon adlı rəssamın ayaq suyundan bir xeyli məhlul satmışdıq, əmma insanlara hansısa Artqoydon maraqlı olmadı. Məktublarda yazan dullar dünyaca məşhur şəxslərin ayaq suyundan tələb etdilər və o halda daha çox məbləğlər verə biləcəklərini söylədilər. Bizim “Maksım ərayağı şirkətinin” sahibi Maksim İossifoviç Luqanov isə işçi heyətini səfərbər etdi ki, istənilən sifarişləri pensilin şüşələrinə əlavə edib, ünvanlara çatdıraq. Qatıq bankəsində satış etmək sərf etmədi, ziyana gedirdik. Allah Hippokratın olmayan ömrünə bərəkət versin ki, bu xırda məhlul qabını icad edib. Barı biz də çörəkpulumuzu çıxara bilirik. Ona görə də satışı penselin qablarından cüzi damcı əlavə etdiyim saxsı qablarda satacam ki, hər kəs nəsibini tapa bilsin və bu imkandan yararlansın”. Dinləyin – faytonçu əli ilə başdakı məhlul qabını göstərib dedi: “bu gördüyünüz  birinci saxsı qabdakı ayaq suyu violençel çalan, gözü-qaşı oynayan gədə var ha, Stepan Hauser – bax, ona məxsusdur. Sevgilisi Lora şəxsən onun ayağını yuyub. Bir ədəd penselin qabı 750 dollardır. Kstati, sifarişlər Avropadakı ofisimizdən gəldiyi üçün, ancaq dollar vasitəsi ilə ödəmək olar, hətta post-terminal vasitəsi ilə də ödəmək mümkündür.”

İri sinəli, şaqraq gülüşlü Mayisə yerində donub qalmışdı. O, da Zəriş xanım kimi diqqətlə faytonçunu dinləyirdi. Faytonçu ikinci saxsı qabın qapağını qaldırıb, əyri burnunu yaxınlaşdırıb, dərin bir ah çəkdi və dilləndi ki: “Bu Usain Bolta məxsusdur.” Qızlardan biri müdaxilə etdi: “Nə? Hüseyn? Rəmziyənin yoldaşı Hüseyn? Onu heç mən, taxta nəcisxanamızda siydiyim yerdə görsəm ayağa durmaram, onda qalmış ayağının suyunu içəm!”

Faytonçu cəld müdaxilə etdi:

-Anam-bacım Hüseyn yox e, Usain. Qaçış üzrə çempion olub. Hər saniyəsinə milyonlar qazanan adamdır, İmam haqqı. Qəzetlər də yazır. Onun ayağının suyunu içən qadına zaval yoxdur. Qəti üşənməsin, saat kimi işləyəcək. Bütün işləri dağ olsa da aşıracaq. Qapı-bajanı işıq sürəti ilə toparlayacaq. Kəndin bu başından, tarlaya biçimə, hətta əkin sahəsinə getsəniz, bu an məsələsi olacaq. Bu ocaq haqqı düzünü deyirəm. Tarqovıdakı ərəbblərə kor baxım! Söz danışırıq axı burda. Bizim yalanla aramız yoxdur, mama goru!

Qadınlar bu çulsuz, vidsiz adama inanmağa başladılar. Faytonçu növbəti saxsı qablara toxunub, bunların Al Paçinoya, Alen Delona, rəhmətlik Elvis Presli və siyasətçi Martin Lüter Kinqə məxsus olduğunu söylədi. Eyni zamanda qeyd dəftərçəsində bu adamların nə işə qulluq etdiklərini də söylədi ki, qadınlar daha da məlumatlı olsunlar. Alen Delonun ayaqsuyu qadınlara cazibəli gəldiyi üçün faytonçu işini bərk tutdu və ərz etdi ki, özü də nə Natali Delon nə də Mirey Dark yuyub, bunu, “Hovuz” filminin çəkilişləri zamanı Romi Şnayder şəxsən özü yuyan ayaq suyudu. Ona görə də 2800 dollardan bir qəpik aşağı yeri yoxdur. Qadınların narazı üz ifadələrini görən, fayronçu”Bitlz”çi mərhum Con Lennonun ayaqsuyunu onlara daha ucuza təklif etdi.

-Xanımlar, 400 dollar verəcəksiniz, xoşbəxtliyə sahib olacaqsınız. Vallah, billah, tallah bu pul heç nədir, inanın. Pul yerinə gələsidi, ancaq Lennon çətin. Ölməmişdən 2 ay əvvəl Yoko Onu xüsusi olaraq Conun çəçələ barmağından bu məhlulları alıb. Bu sizin büdcəyə uyğun gələcək. Əmin olun peşiman olmazsınız.”

Qadınlar sanki ovsunlanmışdı. Bu vələdızna gədə Mahatma Qandidən Klark Geybla, hətta nənəsinin gündə 3 dəfə söydüyü Leninin ayaq suyuna qədər ətraflı, geniş təfərrüatlı məlumatlar verirdi. Qısa vaxtda bütün kəndi başına toplayan, şıdırğı alver edən faytonçu məhlulların 90 faizini demək olar ki, bu cahil camaata sırıdı. Məhlulları alanlar nəyəsə xatir, elə-belə almırdılar. Onlar əmin idilər ki, subaylar içsə sevgilisi Alen Delon olacaq, hətta əri kifir olan qadınlar da buna inanırdı ki, hər gün bir damcı ərinin çayına yaxud yediyi zəhrimarına əlavə etsə, getdikcə erkəyi gözəlləşəcək, bir yastığa baş qoyanda kişisindən çimsinməyəcək, busə mərasimini layiqli formada, cəsarətlə reallaşdıracaq. Bu qadınlar həqiqətən də ovsunlanmışdılar. Onlar doğacaqları oğlan uşağının Mahatma Qandi kimi lider, Elvis kimi müğənni, Baderas kimi yaraşıqlı olacağına əmin idilər. Hər kəs öz nəsibini faytonçudan alıb getmək istəyəndə, küncdə qalan qırmızı boyalı saxsı qab onların bir xeyli diqqətini çəkdi. Mayisə dərhal dilləndi ki, “ədə, bəs o kimin nəyidir qalıb orda?” Faytonçu mırıq dişləri ilə gülümsədi və ərz etdi ki, “Həə, bax bu tək qalan məhlul kişilər üçündür. Soruşsanız ki, niyə, o zaman cavabım bu olacaqdır ki, keçmiş dövrlərdə Amerikada bir sənətçi qadın vardı, Merilin Monro ismində. Bax bunun içindəki zad onun həjəmətinin məhsuludur.” Doğrusu “həjəmət” sözü qadınları üşəndirdi, eyni zamanda düşündürdü. Faytonçu aydınlıq gətirdi ki, Merilin Monro zəhərlənib axirətə köç etdiyi zaman, onun evinə təlim-təslim işlərinə nəzarət edən polis zabiti vardı. Evdəki əşyaların üzərində dəxi iz filan axtaranda, çarpayının altından Monronun alt paltarını tapır və otaqda boşluq olan kimi, xəlvəti bir salafan torbaya, həmin həjəmətin haqq-hesabını qoyub, üzərində gizlədir. Bir müddət sonra həmin alt paltarını mis qazançada qaynadıb, hər səhər içərmiş. İndi həmin şəxs 90 yaşında Kaliforniya ştatının, Millsson Hyuz şəhərciyində Bred Frexeyerdal küçəsində çex misgərlər olan ərazidə yaşayır. O qərib də, bizdəki kütləvi ayaq suyu ehtiyacından məlumatlı olduğu üçün, həmin, qaynar su ilə yuyulmaqdan süzülmüş alt paltarını tapıb ortalığa çıxarıb, başlayıb bunu bizə satmağa. Merlin Monronun ölüsü də pul qazanan bir cəmiyyətdən bunu almaq, ölkəyə gətirmək asan olmadı. Ona görə də istəyirsinizsə əgər kişiləriniz həmişə canısulu, təpərli olsun, haydı, gedin onları da agah edin, gəlib öz paylarını alsınlar. İnanın başqa mahala səfər etsəm Merilin Monronun həjəmətinin adını çəkdiyim halda məni pul yağışına tutarlar, nəyinki bir qram suyu almaq… Ona görə də di tələsin, gün keçir, görəcək işlərin, alacaq sifarişlərim var hələ…” Faytonçunun bu sözlərindən sonra qadınlar çılğınlıqla, sevincli halda Lalə Azərtaşın canına ölməzlik duası ərz edib, qaçdılar ərlərinin dükanlarına, iş yerlərinə ki, qoy, kişilərimiz ən azı həmin o amrikalı zabit, yəni Monronun əski-üsküsünü qoruyub saxlayan kişi kimi 90 il yaşasınlar və cinsi aktlarında təpərli, qıvraq olsunlar. Həmin gün buludların toqquşması ilə, narın yağış dənəcikləri qadınların bədənini isladırdı, amma onlar bu yağış dənəciyindən xoşbəxt idilər. İlk dəfə idi bu kənd əhli bu cür xoşbəxt görünürdü. Mayisə Usain Bolt kimi sevdiyi kişinin ünvanına şığıyırdı. Yolda qəfil ayaq saxlayıb, səmaya baxdı, üstü-başı təmiz islanmışdı. Yağış damcılarının nəmişliyindən döşləri parıldayırdı. Mayisə yüksək səslə gülüb, nədənsə xristianlar kimi xaç çəkdi və dodağının altında donquldandı: “Tanrı faytonçunun ömrünə bərəkət qatsın, bizi xırda mətləblərdən agah etdi. Ömrü min budaq olsun. Amen! – deyib, palçığa çevrilmiş yolları yıxıla-yıxıla xoşbəxtliyinə doğru Simurq quşu kimi şığıdı…

Vasif Ayan \voicepress.az\