Mədəniyyət Nazirliyi alimin müraciətinə cavab verdi

25 May, 14:01

Tanınmış alim, dosent Zaur Əliyevin mədəniyyət naziri Anar Kərimova ünvanladığı müraciətə Nazirlik rəsmisindən cavab gecikmədi.

Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti’de Beynəlxalq və ictimaiyyətlə əlaqələr sektorunun müdiri  Nuridə Allahyarova Voicepress.az-a açıqlamasında sözügedən müraciətin mədəniyyət naziri Anar Kərimovun, eləcə də Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin diqqətində olduğunu deyib:

Nazir Anar Kərimov ona ünvanlanan müraciətləri diqqətdə saxlayır. Alimlərimizin, media mənsublarının, ictimaiyyətin sorğuları, narahatlığı, müracətləri olmalıdır ki, ictimai iştirakçılıq, vətəndaş cəmiyyəti institutlarının məsələlərin həllində iştirakı təmin edilsin. Yazını diqqətlə oxudum. Təbii ki, dövlət qurumunun rəsmisi olmaqdan ziyadə, vətəndaş mövqeyimi də bildirsəm fikrim dəyişməz olaraq qalacaq. Qeyd edilən məqamlar Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti olaraq diqqətimizdədir. İcra səlahiyyətlərimiz daxilində məsələlərin həllinə nail olmağa çalışırıq. Təkcə 2020 və 2021-ci illərdə abidələrin pasportlaşdırılması prosesi yüksələn xətlə davam edib, dəyərli dostlar. Belə ki, 15-i işğaldan azad olunmuş ərazilərdəki abidələr olmaqla 110 pasport layihəsi 2021-ci ildə təsdiq edilib. Hazırda isə 155 abidənin pasportu və 108 abidənin mühafizə zonası üzrə sənədlərin təsdiqlənməsi ilə bağlı müvafiq işlər gedir. Bəlkə əksəriyyətimiz üçün “pasportlaşdırılma” sıradan prosedur kimi görünə bilər. Ancaq alimimiz Zaur bəy də daxil olmaqla bu işin içində olan insanlar bilir ki, bu proses abidənin tarixi statusu ilə bağlı ən mühüm prosesdir. Abidənin dünyaya vizit kartıdır. İşğaldan torpaqlarımız azad edildikdən sonra bu prosesin zamanında icrasında olan boşluqlar bu gün bizim üçün kifayət qədər ciddi problemlər yaradır. Bu prosesi sadə hesab edənlər üçün isə kiçik xatırlatma edim: pasportlaşmaya münasibətdə Azərbaycan Milli Elmlər Akademiyası ilə razılaşma, mühafizə zonalarına münasibətdə rayon/şəhər icra hakimiyyətləri, Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti ilə razılaşma məsıələləri həll edilir ki, prosedurun müxtəlif instansiyalarda nəzərdən keçirilmə vaxtı 1-2 günlə məhdudlaşmır. Bu pasportlardan 42-si və mühafizə zonalarına dair sənədlərdən 10-u işğaldan azad olunmuş ərazilərdəki abidələrin payına düşür. Pasportlaşma təhlili. tədqiqatı, sxematik plan sənədlərinin tərtibatını, maliyyə ehtiyatlarını, o cümlədən dəqiqliyi tələb edən prosesdir. 2012-2020-ci illər ərzində yekunlaşdırılmayan bütün prosesləri 2 ildə tam icra etmək qeyri-mümkündür. Mən hələ abidələrin restavrasiyası ilə bağlı məsələləri deyil, bu prosesin sırf rəsmi statusun müəyyən edilməsinə dair pasportlaşması prosesinə aydınlıq gətirməyə çalışdım. İş çoxdur-mərhələli şəkildə həll ediləcək. Azərbaycanın hər daşı bir tarixdir. O tarixə sahib çıxmaq isə borcumuz!”

\voicepress.az\