Sülh tədqiqatçılarının hesabatı həyəcan təbili çalır: “Risklər dövrünə qədəm qoyuruq”

24 May, 13:15

Sülh tədqiqatçıları dünyanın təhlükəli iqlim dəyişikliyi, populizm və millətçilik kimi siyasi risklər dövrünə qədəm qoyduğu və siyasətçilərin bu yeni risklərə hazır olmadığı barədə xəbərdarlıq ediblər.

Voicepress.az xarici mənbələrə istinadən xəbər verir ki, Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutunun (SIPRI) hesabatında dünya sülhünün yeni risklər dövrünə qədəm qoyduğu barədə xəbərdarlıq edilib. İqlim dəyişikliyinin nəticələrinin yaratdığı böhranlar və getdikcə populistləşən siyasi mühitin təhlükəsizlik baxımından “toksik” qarışıqlığı yaratdığını qeyd edən tədqiqatçılar siyasətçilərin bu yeni mürəkkəb risklərə hazır olmadığını bildiriblər.

Hesabat iqlim dəyişikliyi, ekoloji böhranlar, resursların qıtlığı, canlı növlərin nəslinin kəsilməsi kimi amillərin yaratdığı təhdidlərin və təhlükəsizlik riskləri, o cümlədən korona pandemiyası kimi digər təhdidlərin ölçülərinə diqqət çəkir. AB Komissiyasının ətraf mühitdən məsul üzvü Margot Wallström, hesabatın ön sözündə “Bu, zəhərli bir qarışıqdır. Dərin təsirləri olan təhlükəli bir qarışıqdır” deyə vurğulayıb: “Bir çox ekspertlər deyirlər ki, biz həlledici məqamdayıq. Biz ya ekoloji böhranı öz başına buraxacağıq, ya da indi diaqnoz qoyub hərəkətə keçəcəyik. Pis xəbər odur ki, bu əlamətdar məqam beynəlxalq siyasətin ağır vəziyyətdə olduğu bir vaxta təsadüf edir”.

SİPRİ-i direktoru  San Smit isə: “Dünyanın böyük gücləri arasında münasibətlər “toksik və təhlükəli” vəziyyətdədir. Populizm və millətçilik yüksəlir” deyə bildirib.

Hesabatda müxtəlif ölkələrdən bu qarışıqlara dair  nümunələr də verilir. Somalidə davam edən quraqlıq və iqlim dəyişikliyinin digər təsirlərinin yoxsulluq və zəif siyasi idarəçilik kimi amillərlə birləşdiyi və bu qarışıqlığın insanları Əl-Şəbab terror təşkilatının qucağına itələdiyi bildirilir. Həmçinin qeyd edilir ki, Mərkəzi Amerikada iqlim dəyişikliyi taxıl yığımına mənfi təsir göstərib. Bu amil də ölkədəki zorakılıq və korrupsiya ilə birləşdikdə kütlənin ABŞ-a miqrasiyasına səbəb olub.

Hesabata görə, 2010-cu ildən bəri ən azı bir dövlətin iştirakçısı olduğu silahlı münaqişələrin, bu münaqişələrdə həlak olanların, köçkün və ya qaçqın vəziyyətinə düşmüş insanların sayı bütün dünyada iki dəfə artıb. İllər boyu davam edən azalmadan sonra 2020-ci ildə istifadəyə hazır nüvə başlıqlarının sayı yenidən artdı. Ötən il dünyada hərbi xərclərin məbləği 2 trilyon dollara çatıb və rekord qırıb.

Hesabatda bildirilir ki, bu artımlarla paralel olaraq ətraf mühit baxımından da həyəcan verici dəyişikliklər baş verib. Canlıların təxminən dörddə biri nəsli kəsilmək təhlükəsi altındadır. Tozlayıcı böcəklərin sayındakı azalmalar faciəli şəkil alıb. Hesabatda “İqlim dəyişikliyi fırtına və isti dalğaları kimi ekstremal hava şəraitinin daha tez-tez meydana gəlməsinə səbəb olur. Nəticədə məhsul yığımı əhəmiyyətli ərzaq bitkilərinin miqdarı azalır, böyük sahələrdə məhsul tamamilə yoxa çıxır, nəsli kəsilmək riski artır”.

Siyasi riskləri daha yaxşı qiymətləndirməyə və ekoloji böhranlara qarşı daha qətiyyətli addımlar atmağa çağıran tədqiqatçılar “yaşıl iqtisadiyyata” sürətli keçidi tövsiyə edirlər.

Bu keçidin ədalətli və sülh yolu ilə baş verməsi lazım olduğunu vurğulayan SIPRI direktoru Smith, “Bu dərəcədə böyük iqtisadi dəyişiklikdə hər zaman qazananlar və itirənlər olacaq. Bu keçiddən ən çox təsirlənəcək şəxslərin maraqları olmalıdır. Əks halda yeni qarşıdurma riskləri yaranar” deyib.

\voicepress.az\