Deyir, dünyada iki rahat iş var: bir duşun altında ağlamaq, bir də kiməsə məsləhət vermək.
Azərbaycan teleməkanın gözəl-göyçək aparıcılarından olan Lalə Azərtaş artıq ikinci dəfədir ki, xalqa, qonaqlara məsləhət verərkən toplumu qəzəbləndirir, adamlar onu linç edir. Ancaq məncə belə hallar xordalıların və məməlilərin başına bir dəfə gəlir, bu sinif və təsnifatdan olan canlılar normalda eyni səhvi ikinci dəfə etmirlər.
Təkrar olunursa, demək, Lalə Azərtaş elə linç olunmağı sevir.
Gərək kiməsə məsləhət verəndə, empatiya qurmağı bacarasan və olduğun tribunanı unutmayasan.
Aparıcı, moderator, şoumen efirdən heç vaxt hökm kəsə, məsləhət verə, tərəfləri yönəldə bilməz. O, robot kimi ədalətli olmalıdır, zamanı və mövzunu proqramdakı tərəflər arasında qərəzsiz bölməlidir.
Əgər aparıcının verilişdə tərəf kimi çıxış etmək haqqı olsaydı, proqrama niyə ekspertlər, mütəxəssislər dəvət olunurdu? Elə bir ağıllı aparıcı tapardılar, şikayətçiləri də dəvət edərdilər, aparıcı onları danlayar, üstlərinə qışqırar, məsləhət verər, lazım olanda da verilişdən qovardı.
Lalə Azərtaşın öz peşəsinə bu qədər yad olmağını qoyuruq bir tərəfə, çünki bunu ondan qabaq da xoşqədəmlər, zaurlar, elgizlər və bu qəbildən olanlar eləyib, eləyir…
Tutaq ki, Lalə xanım aparıcı deyil, bu sahədən qəti xəbəri yoxdur, bəs o, bilmir ki, birinə “qadınsan, ailən varsa, corabını da yuyacaqsan, ayağının kirini, suyunu da içəcəksən” demək, ədəbsizlikdir. Ələlxüsus da bu qeyeri-estetik cümləni milyonların izlədiyi bir məkanda demək, rəzalətdir.
Eyni zamanda, Lalə xanım bir insan kimi, qadın kimi, xüsusən də, boşanmış bir qadın kimi yuxarıdakı məsləhəti verməyə nə qədər haqqı var?
Boşanmış bir qadının başqa bir adama boşanmamaq barədə ballada qoşmaq haqqı varmı?
Guya Lalə özü həyat yoldaşı ilə birgəliyə çox ağır səbəblərdən son qoyub, camaat kefindən boşanır.
Əziz həmkarım, əgər sən ərinin ayağını yusaydın, kirini içsəydin, boşanmazdın. Nə də, Azərbaycan kişisi onu edən qadını boşamazdı. Belə olduğu halda, başqa həmcinsinə bunu nə haqla deyirsən? Axı bu ölkədə, gec də olsa, hər kəs hüquqlarına yaxın yaşamaq istəyir. Heç kəs keçmiş adətlə, mental dəyərlərlə qol boyun olmaq istəmir.
Deyirsən ki, istifadə etdiyin deyim babalarımızın, nənələrimizın sözüdür. Bu arqumentə gəlincə, unutma, baba-nənələrimiz öz yaşadıqları dövrə uyğun bütün səbəblərə qarşı bir neçə söz deyib. Köhnə deyimlərlə yaşasaq, gərək azından gündə üç dəfə özümüzə badalaq atıb yıxılaq. Məsələn, sitat gətirdiyin həmin nənələrimiz başqa qadınlarla mütəmadi münasibətdə olan ərləri haqqında deyirdilər ki, qoy mənim xoruzum başqa barılarda banlasın. Çağdaş Azərbaycan qadının bu deyimə münasibəti necədir?
Təbii ki, evlilik qarşılıqlı kompramisdir, müasir ailə bir çoxlarının dediyi kimi daha çox qarşılıqlı hörmət yox, qarşılıqlı əfv etmə, bağışlama üzərində davam edən bir əlaqədir. Bu reallıqda hər xırda səbəbi şişirib ailə dağıtmaq, övladlara travma vermək yaxşı iş deyil. (Allah qoysaydı, Lalə Azərtaş da efirdə bunu demək istəyirdi, ancaq deyə bilmədi.)
Lakin unutmayaq ki, birinin ölümü, digərinin həbsi ilə bitən ailələrdənsə, boşanmış fərdlər daha gözəl mənzərədir.
Ən əsası odur ki, bu kimi həssas münasibətlərə hər kəs rəy, yön verə bilməz. Belə mövzuların müzakirəsində hökmü sosioloqlar, psixoloqlar, ictimai xadimlər verə bilər.
Bizdə isə hökmü əsr vaxtı mətbəx televizorlarında baxılan bu tip verilişlər, verilişlərin aparıcı gəlincanları verir.
Bu gün şahidi olduğumuz biabırçılıqla bitən ailələr, uşağını qoyub qaçan gəlinlər, boşandığı yoldaşının “qeyrətini çəkən” kişilər, yuxuda xəyanət görüb arvadını öldürənlər məhz həmin verilişlərin məhsuludur.
Sərdar Amin








