Voicepress.az Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova ilə müsahibəni təqdim edir:
-Hicran xanım, son günlər Qarabağda atəşkəs rejiminin erməni quldur dəstələri tərəfindən müntəzəm pozulmasına şahidlik edirik. Xocalının Fərrux kəndi ilə bağlı bir sıra məlumatlar yayıldı. Bununla bağlı fikirlərinizi öyrənmək istərdik.
– Fərrux kəndinin və ətraf yüksəkliklərin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi dövlətimizin siyasi və hərbi qələbəsidir. Bu ərazilərin strateji əhəmiyyəti hamıya məlumdur. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanata uyğun olaraq Fərrux kəndi Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdikləri ərazilərimizdən biri idi. Ermənilərin qanunsuz silahlı dəstələri 30 il olduğu kimi, yəni əvvəlki kimi yenidən Fərruxdan atəş açmağa başladı. Azərbaycan Ordusu terorla mübarizə əməliyyatı keçirərək ərazini qanunsuz silahlılardan təmizləyib. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın 4-cü maddəsində göstərilir ki, Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Lakin ötən müddət ərzində biz bu prosesin baş vermədiyini görürük. Bu isə ərazidə təhlükəsizliyə əsas təhdid olan qanunsuz erməni silahlı dəstələrin yenidən baş qaldırmasına və bölgədə sülhyaratma prosesinin qarşısının alınmasına səbəb olur. Görünür ki, onlar hələ də sülhdən uzaqdadırlar.
Əgər belə olmasaydı, Ermənistan Xarici İşlər Nazirliyi və Təhlükəsizlik Şurası da Azərbaycanın Qarabağ bölgəsindəki vəziyyətlə bağlı böhtan xarakterli bəyanat verməzdi. Azərbaycan Xarici İşlər Nazirliyi də, bu sənədləri tamamilə həqiqətdən uzaq və iftira adlandırmışdır. Ermənistan revanşist fikirlərdən əl çəkməlidir, havadarlarına arxalanaraq səhv addımlar atmamalıdırlar. Uydurma iddialarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır. Əks halda, o yalnız prosesə maneə olacaq. Beləliklə, Fərrux Zəfəri ilə Azərbaycan bir daha göstərdi ki, o, öz suveren hüquqlarının müdafiə edir və ərazi bütövlüyünün təmin olunması istiqamətində təmkinli tədbirlər həyata keçirir. Bu isə birmənalı olaraq, Ali Baş Komandan, ölkə başçısı cənab İlham Əliyevin strateji hədəfləri hesablayaraq uzaqgörən və müdrik siyasətinin nəticəsidir. Xalq öz Prezidentinə etibar edir və onun bütün qərarlarını birmənalı olaraq dəstəkləyir.
Yeni reallıq belədir: Qarabağ Azərbaycandır və biz öz tarixi ərazilərimizdə qanunauyğun addımlar ataraq, insanlıq əleyhinə cinayətlər törətmiş separatçı quldur dəstələrindən təmizləyirik. Bu beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğun şəkildə həyata keçirilir.
– Əldə etdiyimiz məlumata görə, mina təmizləndiyi zaman kütləvi məzarlıq aşkarlanıb. Bu insanlıqdan uzaq cinayətlərlə bağlı Azərbaycan nə kimi addımlar atmağı planlayır?
-Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınmışdır. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Onların böyük əksəriyyətinin indi həyatda olmadığı¬nı qətiyyətlə söyləmək mümkündür. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hal-hazıra kimi məlumat vermir. Dövlət Komissiyası imkan dairəsində bu məlumatları əldə etməyə çalışıb. Komissiyada olan məlumatlara əsasən, vaxtilə işğalda olmuş Füzuli, Kəlbəcər, Ağdam rayonları, Şuşa şəhəri və ətrafında, Xocavənd rayonu, Hadrut qəsəbəsi, hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Xankəndi şəhəri və ətrafında, Xocalı rayonu ərazisində, keçmiş Ağdərə rayonunun ərazisində dəfn yerləri mövcuddur.
Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zamanı bir neçə kütləvi məzarlıqlar aşkar edildi. Kəlbəcərdə Başlıbeldə, Şuşa ətrafında, Xocavənd rayonunun Edilli kəndi və Füzuli şəhəri, eləcə də Xocalı rayonunun Fərrux kəndin və ətrafında yeni kütləvi məzarlıqlar aşkar edilmiş, aidiyyəti dövlət qurumlarının mütəxəssislərindən ibarət heyət ekshumasiya işlərinin aparılması prosesinə cəlb edilmişdir. I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən əsir-girov götürülərək orada saxlanılmış və ağır işgəncələr verilərək qətlə yetirilmiş Azərbaycan vətəndaşlarına aiddir. Fikrimcə, belə kütləvi məzarlıqlar hələ də var və tədricən onlar aşkar ediləcəkdir. Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Əlbəttə ki, bu cinayətlər cəzasız qalmamalıdır. Bundan əlavə həmin ərazilərdə xüsusi abidələr, müxtəlif dillərdə erməni vəhşiliklərindən bəhs edən məlumat lövhələri yaradılmalı, sənədli filmlər çəkilməli, beynəlxalq forumlar keçirilməlidir.
İşğaldan azad edilmiş ərazilərdə kütləvi məzarlıqların aşkarlanması faktı bir daha təsdiq edir ki, I Qarabağ müharibəsi zamanı Ermənistan hərbçiləri tərəfindən beynəlxalq humanitar hüquq normaları kobud şəkildə pozulmuş və insanlıq əleyhinə törədilmiş bu cinayət əməlləri özünəməxsus qaydada “məharətlə” gizlədilmişdir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində I Qarabağ müharibəsində Ermənistan hərbçiləri və silahlı-separatçı birləşmələri tərəfindən törədilmiş müharibə cinayətlərinin, əsir-girovlara münasibətdə beynəlxalq humanitar hüquq normalarının pozulması faktlarının, həmçinin kütləvi məzar yerləri barədə məlumatların təqdim edilməməsinin məsuliyyəti Ermənistan Respublikasının üzərində qalır. Öhdəliyi yerinə yetirməyən Ermənistan başa düşür ki, bu, özünü sivil xalq adlandıran və yaxud dünya¬ya mədəni bir xalq kimi tanıtmağa çalışan vəhşi vandalların mənəvi simasını açıb göstərir.
-Bir sıra erməni siyasətçilər və analitiklər Ukrayna əməliyyatından sonra Qarabağda yenidən savaşın gözlənildiyi iddiaları ilə çıxışlar edirlər. Bu kimi iddialar sizcə nə qədər əsaslıdır və hansı məsəbbə xidmət edir?
– Bu fikrin heç bir əsası yoxdur. Azərbaycan artıq suveren hüquqları çərçivəsində, erməni işğalına son qoyaraq, öz ərazi bütövlüyünü bərpa etmişdir. Faktiki olaraq, məsələnin həlli üçün ATƏT-in Minsk Qrupu heç bir ədalətli və konstruktiv addım atmadı, 30 ilə yaxın sadəcə, formal fəaliyyət nümayiş etdirdi. Azərbaycan BMT qətnamələrini özü icra edərək, Qarabağı və Şərqi Zəngəzuru erməni işğalından azad etdi. Azərbaycan sülh və rifah üçün bütün hüquqi addımları atır, bölgədə təhlükəsizliyin təmin olunması istiqamətində lazımı tədbirləri həyata keçirir. Bu isə beynəlxalq hüquqa və bölgədəki vəziyyəti tənzimləyən razılaşmalara uyğundur. 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın bəyanatın 4-cü bəndinə uyğun olaraq, Ermənistan ordusunun qalıqlarının və qeyri-qanuni erməni silahlı dəstələrinin Azərbaycan ərazilərindən tam olaraq çıxarılması indiyə qədər icra edilməmişdir. Bəyanatın bu eləcə də digər müddəaları məhz Ermənistan tərəfindən pozulur. Ermənistan nəqliyyat dəhlizlərinin qarşısının alınması, eləcə də sərhədin demarkasiyası və delimitasiyası üçün heç bir addım atmır. Ermənistan əsassız və heç bir məntiqə, hüquqa sığmayan iddialar irəli sürməkdənsə, Azərbaycan Ermənistana münasibətlərin normallaşması ilə bağlı 5 maddədən ibarət göndərdiyi sənədə adekvat cavab versin. Radikal və revanşist iddialar irəli sürməklə, bölgədə sülh yaratma prosesinə maneə yaradan Ermənistan nəhayət öz məsuliyyətini dərk etməlidir. Bir daha qeyd etmək istərdim ki, Azərbaycan öz suveren ərazilərinə nəzarəti addım-addım bərpa edir və bu, tamamilə beynəlxalq hüquqa və bölgədəki vəziyyəti tənzimləyən razılaşmalara uyğundur.
-Azərbaycanın Rusiya Sülhməramlı Quvvələrinin ölkədən çıxarılmasını istədiyi iddialarını önə sürərək, erməni rəsmiləri Azərbaycanla Rusiyanı qarşı qarşıya gətirmək niyyətini açıq aydın irəli sürürlər. Sizcə ermənilərin bu addımları nəyə xidmət edir?
-Azərbaycan ədalətli münasibətin və düzgün qiymətləndirmənin tərəfdarıdır. Rusiya bizə qonşu olan dövlətdir. Bu ilin fevralın 22-də Azərbaycan Rusiya ilə qarşılıqlı müttəfiqlik bəyannaməsi imzalandı. Hər iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin birinci bəndində qeyd olunur ki, “Rusiya Federasiyası və Azərbaycan Respublikası öz münasibətlərini müttəfiqlik qarşılıqlı fəaliyyəti, iki ölkənin müstəqilliyinə, dövlət suverenliyinə, ərazi bütövlüyünə və dövlət sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət, eləcə də bir-birinin daxili işlərinə qarışmamaq, hüquq bərabərliyi və qarşılıqlı fayda, mübahisələrin dinc yolla həlli və güc tətbiq etməmək və ya güclə hədələməmək prinsiplərinə sadiqlik əsasında qururlar”. Bundan əlavə, bəyannamənin 18-ci bəndinə əsasən, Rusiya Federasiyası və Azərbaycan Respublikası beynəlxalq terrorçuluq, ekstremizm və separatçılıq təhdidlərinə, qarşı mübarizədə və onların neytrallaşdırılmasında səylərini birləşdirirlər.
Son hadisələr fonunda Ermənistan vəziyyətdən maksimum yararlanmaq istəyir. Ermənistanın əsas hədəfi odur ki, Rusiya ilə Azərbaycan arasında, Rusiya ilə Türkiyə arasında münasibətlər pisləşsin və bunun üçün müxtəlif provokasiyalara əl atır. Lakin Ermənistan öz istəyinə nail ola bilməyəcək. Hazırda Türkiyə və Rusiya Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantıdır. Xüsusilə qeyd etmək lazımdır ki, Türkiyənin təkcə regionda deyil, dünyada, beynəlxalq arenada rolu artır, dünyada sülhün təmin olunması istiqamətində moderator rolunu oynayır, vasitəçilik missiyasını yerinə yetirir. Biz bunu Yaxın Şərqdə, Cənubi Qafqazda gördük və hazırda Rusiya-Ukrayna müharibəsi zamanı biz bu görürük. “Sülh və sabitlik yalnız bir ölkənin deyil, dünyanın, qazancıdır, inkişafıdır”- Türkiyə və onun prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bu mesajla çağırış edir. Əlbəttə, bu erməni lobbisi, güclü erməni diasporu çalışırlar ki, Türkiyənin nüfuzu artmasın, hansısa tədbirlər görürlər, çağırışlar edirlər. Ancaq buna nail ola bilməyəcəklər necə ki, nail ola bilmirlər…
Ülkər Fərmanqızı/VOİCEPRESS.AZ







