Rusiya-Ukrayna müharibəsi başa çatdıqdan sonra nə olacaq?

10 Mart, 11:33

Rusiyanın Ukraynaya hücumunun ikinci həftəsini geridə qoymaq üzrəyik. Artıq müharibənin gedişatına dair ssenarilər ortaya atılır. Mütəxəssislər müharibənin 14-cü günündə Rusiyanın gözləniləndən daha az irəllilədiyi fikrində həmrəydilər. Amma bununla belə Rusiyanın Ukraynanı işğal edəcəyini də vurğulayırlar. Dünyanın nüfuzlu strateqləri isə Rusiyanın Ukraynadakı “zəfəri”nin, qazanmağa dəyəməyən bir zəfər olacağını bildirirlər.

Rusiyanın güclü ordusuna rəğmən, yavaş irəliləməsi Ukraynanın Rusiyaya məğlub olmayacağı ümidi versə də mütəxəssislər bunun mümkün görünmədiyi fikrini dəstəkləyir.

STM-nin mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli  Voicepress.az-a verdiyi açıqlamada bildirdi ki, Rusiya heç də göründüyü kimi yavaş irəliləmir.

“Putinin əməliyyatları nəzərdə tutduqları plan üzrə gedir və Rusiya ildırım sürətilə Ukraynanı məğlub etməkdən uzaq dayandı. Bu da onu göstərir ki, əslində onlar gecikmirlər. Ruslar Dnepr çayının Şərq sahili hissəsi ki, var orda anti-Rusiya əhval- ruhiyyəsində olan mülki əhalinin çıxarılmasıyla bağlı zaman tanıyıblar. Humanitar dəhlizlərin açılması və üç görüşdən sonra əldə edilən nəticələr bundan ibarətdir. Dəqiq desək, bu bölgədə yerləşən bir sıra şəhərlərin, o cümlədən Xersonun, Xarkovun, Kiyevin bombalanması bizim fikirlərimizi isbat edir. Arqument də bunun üzərində qurulur ki, Rusiyanın istədiyi məhz bütövlükdə Ukraynanı iki hissəyə parçalamaqdan ibarətdir.

Beləliklə nəticədə Ukraynanın Şərq hissəsi Rusiyanın dəstəklədiyi hökumətin əlinə keçəcək. Burda Rusiyanın düşündüyü Belarusiya kimi ittifaq dövlətin yaradılması ideyası çox güman ki, mühüm rol oynayır.

Qərb hissəsinə gələndə, fikir verin ki, Rusiyanın həyata keçirtdiyi hərbi kampaniyalarda qərb ərazilərinin bombalanmasıyla bağlı heç bir akt həyata keçirilməyib. Bunun da əsas səbəbi ondan ibarətdir ki, bu bölgələr çoxmillətlidir və onlar qərbə yönəlik xalqlardır. Yəhudilər, Qıpçaq türkləri, yəhudiləşdirilmiş Xəzər türkləri, Kazak adlandırdıqlarımızdır. Bu baxımdan da biz bu ikili məsələ üzərindən baxmalıyıq mövzuya. Müharibənin irəliləyən günlərində biz:

Humanitar dəhlizlərin açılması üçün verilən vaxt başa çatdıqdan sonra Rusiyanın həqiqi gücünü görəcəyik. Şəhərlərin həqiqətən də bu silahlar vasitəsilə ələ keçirilməsinin şahidi olacağıq. Rusiya əleyhinə olan, şərqdə məskunlaşmış 6-7 milyonluq əhali qrupu humanitar dəhlizlər vasitəsilə qərbə köçürüləcək. Beləliklə artıq Rusiyanın regiona dair iddialarının dəqiq şəkilləndiyinin şahidi olacağıq”.

 Azvison.az saytının baş redaktoru Vüsal Məmmədov isə hazırda proqnoz verməyin çox çətin olduğunu deyir:

“Çünki prosesə həddindən çox bilinən və bilinməyən amillər təsir göstərir. Proqnoz vermək üçün onların hamısının  təsirləri nəzərə alınmalıdır ki, bu da mümkün deyil. Amma gedişata uyğun ən real ssenari belədir:

Əgər müharibə bir qədər də uzanarsa, Rusiya Qərbi hədələyərək, Ukraynaya hər növ hərbi yardımların dayandırılmasını tələb edə bilər. Ondan sonra Zelenskinin komandası istefaya gedəcək, yeni formalaşan iqtidar Rusiyaya ilə danışıqlara başlayacaq. Ukraynanın neytrallığına dair öhdəlik götürüləcək.

Krımın qaytarılacağı təəssüf ki, inandırıcı görünmür. Donetsk və Luqanskla bağlı əgər Ukrayna təhlükəsizlik zəmanəti verərsə, bəlkə də Rusiya geri addım ata bilər. Hər halda, mən buna inanmaq istəyirəm, amma fərqindəyəm ki, bu son dərəcə zəif inamdır. Yəqin ki, Kiyevdən yeni konstitusiyanın qəbulu və orada mərkəzi hakimyyətin səlahiyyətlərinin azaldılması tələb olunacaq.

Rus dilinin ikinci dövlət dili statusu bərpa olunacaq. Bundan sonrasını təsəvvür etmək bir qədər çətindir”.

Həm Rusiyanın, həm də Qərbin bundan sonrakı həmlələrini ehtimal etmək mümkün olmasa da ümumilikdə bir çox  analitiklər, Rusiyanın Ukrayna üzərindəki hərhansı bir nizamsız  nəzarətinin ölkənin bölünməsinə yol aça biləcəyi mövzusunda həmrəydirlər.

Dünyanın nüfuzlu strateqlərinin Rusiya-Ukrayna müharibəsinə dair ortaya atdığı daha dəhşətli ssenarilər də var ki, hadisələrin bu ssenari üzrə cərəyan etməsi dünya üçün daha çətin bir dövrün başlanğıcı deməkdir.

Günel Musa\Voicepres.az\