Məlahət İbrahimqızı: “Azərbaycan Ukraynaya ilk hümanitar yardım göndərən ölkələrdən biridir…”

1 Mart, 10:09

 

“Ukrayna və Rusya hər ikisi də, Azərbaycan üçün çox yaxın dövlətlərdir”. Bunu VOİCEPRESS’ə açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib. Onun sözlərinə görə, həm Rusiya, həm Ukrana ilə istər Çar dövründə, istərsə də sovet dönəmində bir şəmsiyə altında yaşamışıq: “Amma  müstəqillik qazanılan gündən etibarən, artıq 30 ildir ki, Rusiya ilə də, Ukrayna ilə də münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətinin prearitet mövqeyidir. Ukrayna Azərbaycana olduqca yaxın bir xalqdır. Azərbaycan və Ukrayna QUAM təşkilatı çərçivəsində də əməkdaşlıq edir. Bu gün Ukrayna Azərbaycan arasında yüksək səviyyədə  strateji tərəfdaşlıq münasibətləri də mövcuddur. Azərbaycan müharibənin ilk başladığı gündən öz mövqeyini açıq şəkildə bildirmişdir. Azərbaycan Ukraynaya ilk hümanitar yardım göndərən ölkələrdən biridir. Azərbaycanın neft şirkətinin Ukraynada təmənnasız yanacaq yardımlarını da, hər kəs görür.

Azərbaycan uzun illər erməni təcavüzünə məruz qalmış bir dövlət olub. Azərbaycan Xocalı soyqrımını yaşamış bir dövlət olaraq, heç bir zaman müharibənin tərəfdarı ola bilməz. Bu gün hər birimiz Ukraynada baş verənləri ürək ağrısı ilə izləyirik.

Hər birimiz tezliklə mövcud məsələnin beynəlxalq hüquq normaları çərçivəsində, danışıqlar yolu ilə öz həllini tapmasını istəyirik.

Tarixən bir birinə çox bağlı olan iki slavyan ölkəsi arasındakı müharibə bizi həddindən ziyadə çox məyus edir. Müharibə hər iki tərəf üçün ağır itkilər deməkdir. Xüsusilə dinc əhalinin, uşaqların, qadınların, qocaların həlak olmasını görmək çox ağırdır. Bu böyük bir fəlakətdir. Müharibə günü gündən daha da dərinləşir. Hesab edirəm ki, beynəlxalq ictimaiyyət, beynəlxalq təşkilatlar Ukrayna Rusya arasındakı münaqişənin bir an öncə dayandırılması üçün əllərindən gələn hər şeyi səfərbər etməlidir”.

 

 

Ülkər Fərmanqızı/VOİCEPRESS