Musa Quliyev: “Azərbaycandan Ukraynaya hümanitar yardım, təmənnasız yanacaq….”

1 Mart, 01:10

“Rusiya Ukrayna müharibəsi dünyada hər kəsi narahat edir”. Bu sözləri VOİCEPRESS‘ə açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyənin mövqeyi xalqlarımız üçün olduqca önəmlidir: “Rusiya Ukrayna müharibəsi ilə bağlı Azərbaycan və Türkiyənin mövqeyini hər kəs ədalətli mövqe kimi dəyərləndirir. Rusiya Federasiyasının prezidenti Vladimir Putin, Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan və Türkiyə prezidentləri ilə telefon görüşmələri, müzakirələr və məsləhətləşmələr aparmaları, Ukrayna Prezidentinin birmənalı olaraq Türkiyə və Azərbaycan prezidentlərinə dəstək üçün təşəkkür etməsi də, Azərbaycan və Türkiyənin ədalətli mövqeyindən xəbər verir.

Hətta Rusiya Prezidenti Vladimir Putin öz çıxışında, “Mən NATO-ya deyil, Türkiyə Prezidentinin fikirlərinə güvənirəm, çünkü o daha səmimidir” deyə bildirməsi də, Azərbaycan və Türkiyənin açıq və ədalətli mövqe nümayiş etdirməsini birmənalı olaraq təsdiqləyir. Heç şübhəsiz ki, həm Türkiyə, həm Azərbaycan Ukrayna dövlətinin ərazi bütövlüyünü dəstəkləyir. Bununla yanaşı hər zaman Türkiyə və Azərbaycan bütün münaqişələrin sülh və danışıqlar yolu ilə, beynəlxalq hüququ normaları çərçivəsində  həll olunmasının tərəfdarı olduqlarını bildirmişlər. Əlbəttə bizim mövqemiz, beynəlxalq hüquq, xüsusən BMT-nin mövqeyinə tamamilə uyğun bir mövqedir.

Qeyd etmək istəyirəm ki,  Azərbaycanın Ukrayna-Rusiya müharibəsində  tuttuğu mövqeyin, bu yaxınlarda Rusiya ilə bağlanan Müttəfiqlik Bəyənnaməsinə heç bir əks təsiri və ya uyğunsuzluğu yoxdur.

Azərbaycan və Türkiyə ictimaiyyətinin fikirləri müxtəlifdir. Amma ictimaiyyətin böyük əksəriyyəti, hətta sosial şəbəkələrdə də bu öz əksini tapır ki, xalq Ukraynanı dəstəkləyir. Bu da təbii haldır. Çünkü Azərbaycan özü 30 ilə yaxın erməni təcavüzünə məruz qalmış bir dövlətdir. Biz də ona görə də, işğalın nə demək olduğunu, insanların başına gətirilən bu zülmləri çox yaxşı bilirik. Eyni zamanda qeyd etmək istəyirəm ki, Ukrayna və Rusiya tarixən bir birinə yaxın və qonşuluq siyasətində olan xalqlar olublar.

Ona görə də, biz qonşuluqda, regionda müharibə, münaqişə, dərinə gedən ziddiyyətli münasibətlərin olmasını arzulamırıq. Azərbaycan tərəfi artıq Ukraynaya öz münasibətini bildirib. Azərbaycan Prezidenti ilə Ukrayna Prezidenti arasında bu haqda telefon danışığı da olub. Azərbaycan Ukraynaya hümanitar 5 milyon avro dəyərində hümanitar yardım göstərib. Bu tendensiya da birmənalı olaraq beynəlxalq hüququ normalarına uyğundur. Bu faktor isə birbaşa Azərbaycan dövlətinin humanist niyyətindən xəbər verir.

Digər tərəfdən Azərbaycanın Ukraynada SOCAR neft şirkətinə  məxsus yanacaq doldurma məntəqələrinə də, müharibə dövründə Ukraynaya məxsus təcili yardım və yanğınsöndürən maşınların təmənnasız yanacaqla təmin olunması yardımının da göstərilsi tapşırılıb.  Bu addım isə Ukrayna xalqı tərəfindən yüksək minnətdarlıqla qarşılanıb.

Dünən Azərbaycan Ukrayna səfirliyi önündə Ukraynaya dəstək mitinqi keçirildi. Bu xüsusilə Ukraynanın Azərbaycandakı Diasporasının təşəbbüsü ilə keçirilən mitinq idi. Hesab edirəm ki, bu faktorlar Rusiya Azərbaycan münasibətlərinə mənfi təsir edə bilməz.

Çünki Rusiyanın daxilində belə əhalinin bir qismi müharibəyə qarşı öz etirazlarını bildirir və ümumiyyətlə hər kəs sülh tərəfdarı olduğunu açıq aydın bildirir. Sülh istəyi isə heç kəs tərəfindən mənfi qarşılana bilməz. Biz ümid edirik ki, müharibə tezliklə yekunlaşacaq və mövcud münaqişə  beynəlxalq hüquq normaları çərçivəsində öz həllini tapacaq. Hesab edirəm ki, Ukrayna Rusiya müharibəsi ilə bağlı düzgün və etibarlı mövqeyi Azərbaycan və Türkiyə nümayiş etdirir…”

 

 

Ülkər Fərmanqızı/VOİCEPRESS