Açıq Söhbət: Seçki qabağı ajiotajın pərdəarxası məqamları

16 Dekabr, 17:30

Gündəmi seçki mövzusu əməlli başlı zəbt edib. Hər kəs böyük bir ajiotajla və hətta canfəşanlıqla seçkilərə hazırlaşır. Bir çox millət vəkilləri və məmurlar xalqa müraiət edərək, seçkidə aktiv olmağa çağırış edir. Xalq isə bunu görünür başqa cür anladı. Belə ki, bu gün seçicidən çox namizədin olduğunu görürük. Hər yerindən duran, bildi bilmədi, siyasi düşüncəsi, natiqlik qabiliyyəti, diplomatik məktəb keçib keçməməsi, cəmiyyət içində sözünün kəsərinin olub olmaması, beynəlxalq aləmdə tanınan elmi xidməti, öz sözünü deyə bilməsə bari, heç olmasa xalqın sözünü adiyyatı orqanlara çatdırmağı bacararam və ya bu məsuliyyəti ala bilərəmmi deyən də, deməyəndə, seçkiyə qatılır. Sosial şəbəkələrdə hər kəs özünü millət vəkili seçkilərində görmək istəyir.

Bunun təqsiri bir azda bizim 2015 ci ildə keçirilən Parlament seçkilərində deputat kürsüsünə oturmağa müvəffəq olan bir sıra ağzının kəsəri olmayan millət vəkillərində idi. Onların danışığını və dünya görüşünü əslində biz Məmmədəmin Rəsulzadənin bizim deyil, Gürcüstanın lideri olduğunu iddia edən gənc millət vəkilimizin nitqinin timsalında gördük.

Parlament gəncləşdirilməlidir deyiləndə, bizlər yanından tire qoyub bu gənclərin daşıması gərəkən milli maraqlar və dövlət idealogiyasına sadiqlik özəllikləri ilə yanaşı, bu günə kimi dövlət naminə bir işlər görüb görmədiyini işıqlandırılmalıyıq. Bizdə isə yüksək məqama gətirilən bir gəncin harda təhsil alması işıqlandırılır. Sonrada baxıb görürük ki, sən demə o deyilən gənc əslində hansısa məmurun ya oğludur, ya kürəkəni, ya da başqa bir qohumluq əlaqələri var.

Biz sürətlə inkişaf edirik deyəndə, əfsuslar olsun ki hər kəs günü gündən ucalan göydələnləri, keçirilən ralli yarışlarını, infrastruktur və yeni texnoloji imkanları nəzərdə tuturuq. Amma məntiqi baxımdan sürətlə inkişafımız elə sovet dönəmindəki psixoloji çarxa ilişib qalıb.

Bu gün hərhansısa bir gənc xaricdə təhsil alıbsa, bunu nümayiş etdirməyə gərək yoxdur. Xaricdə hər bir şəxsin öz təhsilini istədiyi şərtlərlə, istədiyi şəkildə alma imkanına və hüququna sahib olması adi bir haldır. Təhsil müəssisəsi marka deyil, diplom maşın və ya ev kimi daşınmz əmlak kimi görülməməlidir. Bir gənc xaricdə və ya dövlətin hər hansısa ali təhsil ocağında təhsil alıbsa bu onun özünə ev alması ilə bərabət olan şəxsi və özəl məsələsidir.

Əsas meyar onun müəyyən yaşa qədər xalq, dövlət və Vətən üçün nə etməsi olmalıdır. Mən xaricdə təhsil almışam, bunu oxuyanda əsas məqsədim karyera qurmaqdı. Bu prinsipial olaraq, hər bir xaricdə təhsil alan gəncin məsələsidir. Buna görə kiməsə vəzifə verlməsi nə qədər doğrudur? Universitet marka və ya brend rolunu oynaya bilməz. Bunu marka və brend olaraq deyən insanlar statistikaya görə, o diplomu biliyi ilə deyil, satın alanlardır.
Düşünürəm ki, islahatların başlaması yüksək qiymətləndirilməlidir və bəziləri üçün bu vəziyyətdən suiistifadə yeri olmamalıdır. Bu baxımdan hesab edirəm ki, seçki ilə bağlı qanunda müəyyən boşluqlar var. Hər bir dövləttə olduğu kimi partiya olaraq seçkiyə qatılmaq gərəkir.

Fərdi olaraq namizədliyini irəli sürmək yaxşı nəticələr vəd etmir. Belə olan halda 2020 ci ildə gözlənilən seçkilərlə 2015 ci ildə keçirilən seçkilərin arasında heç bir fərq olmayacaq. Simalar dəyişə bilər. Amma bu isə eynin ilə Toplananların yerini dəyişdikdə cavab dəyişmədiyi kimi, bu da qeyriadi heç bir nəticə verməyəcək.

Bu gün bir çox millət vəkillərinin 4-5 ildir səsini dəxi eşitmədiyimiz halda, bir təklif, bir fəaliyyətini görmədiyimiz halda icra başçısı olaraq təyinat almaları da, gənc nəsil üçün yaxşı örnək deyil. İndi biz kimdən natiqlik qabiliyyəti tələb edə bilərik? Gənc də, deyir ki, deputat olmaq üçün danişmaq gərəkmir, fikir söyləmək gərəkmir. Susaraq 4 ili başa vurub, ən azı icra başısı gedə biləcəyəm…

Bu da bizim islahatımız. Biz islahat deyəndə yerdəyişdirmə qanunu ilə birini yola salıb başqa birisini onun yerinə oturtmaqda görürük. Amma əsil islahatı biz düşüncəmizdə, məntiqimizdə aparmalıyıq. 4 ildə millət vəkili kimi bir təklif verə bilməyən millət vəkili, bir açıqlamasını vəya bir müsahibəsini oxumadığımız halda, bir böyük şəhəri ona necə həvalə etmək olar axı? O öz seçicisinə nə etdi ki, ona həvalə olunan şəhərin sakinləri üçün nə edəcək?
Prezident təkdir. Məmurlar isə qruplaşma yaradaraq öz yerlərini möhkəmlətmək məqsədi ilə hər yerə öz “statuetka” timsalında olan adamlarını yerləşdirmək üçün fürsətdən istifadə edirlər. Bu kimi məqamların qarşısını biz indi almasaq, 2015 ci ilin Parlament seçkilərinə şükür etməli olacağıq!

Ülkər Fərmanqızı
VOİCEPRESS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here